Azərbaycan Obamanın söz azadlığını pozanlar siyahısında olmalıdır

Barak Obama

Mayın 17-də prezident Obamanın Daniel Pörl Aktına imza atmasından çox həvəsləndim. Həmin akt ABŞ Dövlət Departamentindən jurnalistlərin haqqını pozan hökumətlərin siyahısını tutmağı tələb edir. Amma heç bir təminat yoxdur ki, bu addım sırf PR taktikası, yaxud, ABŞ xarici siyasətinin başqa məsələləri ilə əlaqədar onsuz da qara siyahıya salınmış ölkələrin əleyhinə təhdid aləti kimi qəbul edilməyəcək. Bunun qarşısını almaq üçün, mətbuat azadlığı ilə bağlı ən pis təcrübəsi olan rejimlərin, o cümlədən Yaxın Şərq və digər bölgələrdə olan «dost diktaturaların» da obyektiv olaraq həmin siyahıda yer alması vacibdir.

Bu arada mən ilk namizədi - Azərbaycan Respublikasının rəhbərliyini siyahıya salmağı təklif edirəm.

BU REJİMİN SİYAHIYA DÜŞMƏSİ ONUN TƏRƏFSİZLİYİ VƏ ETİBARLILIĞINA XİDMƏT EDƏRDİ

Azərbaycanın neft diktaturası təkcə mətbuat azadlığını ciddi şəkildə pozan ölkə adına uyğun gəlmək üçün bütün tələblərə cavab vermir, həm də özünün Qərblə enerji və geosiyasi əməkdaşlığını insan haqları və demokratiya ilə bağlı tənqidləri azadltmaq üçün istifadə edir. Ona görə də bu rejimin siyahıya düşməsi onun tərəfsizliyi və etibarlılığına xidmət edərdi.

Gəlin, bu ölkənin siyahıya düşmək üçün «yararlı» edən «xidmətlərini» gözdən keçirək:

Hökumətin ən güclü tənqidçilərindən biri, müxalif jurnalist və populyar «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ildə öz mənzilinin qarşısında öldürülüb. Onu öldürənlər hələ də azadlıqdadır, bir çox müşahidəçilər hakimiyyəti araşdırmanı ləngitməkdə və qatilləri ədalət mühakiməsinə çıxarmamaqda günahlandırır.
Bəziləri hökumətdəki güclü fiqurların cinayətin arxasında dayanan real qüvvə olduğunu düşünür.

Hüseynovun keçmiş həmkarı, dissident jurnalist Eynulla Fətullayev bir neçə ildir ki, saxta «terror» və «narkotik saxlama» ittihamları ilə həbsdədir və Avropa Şurasının üzvü kimi Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına tabe olmalı olan Azərbaycanln rəhbərliyi həmin məhkəmənin onu buraxmaq qərarını icra etmir.

Keçən il iki gənc bloqqer Adnan Hacızadə və Emin Milli döyüldükdən sonra absurd «xuliqanlıq» ittihamları ilə üzləşiblər.

Çoxsaylı etirazlara və beynəlxalq insan haqları qruplarının, Avropa Şurasının, ATƏT-in, Avropa hökumətlərinin və ABŞ Dövlət Departamentinin tənqidlərinə baxmayaraq, Bakıdakı məhkəmə onları iki və iki il yarım müddətinə həbsə məhkum etdi. Bir çox başqa müstəqil jurnalistlər həbs olunmuş, fiziki hücuma, şantaja məruz qalıb, yaxud mühacirətə məcbur ediliblər.

2003-cü ildə vəzifəni mərhum atasından miras alan prezident İlham Əliyevin idarəçiliyi dövründə bütün TV və radio stansiyaları hökumət nəzarəti altına salınıb. Qərb radiostansiyalarının, o cümlədən Azadlıq/Azad Avropa Radiosunun və «Amerikanın Səsi»nin yayımı yerli tezliklərdə qadağan olunub.

Ölkədə qalan bir neçə müxalif qəzet gəlirlərdən məhrumdur, çünki hökumət onlarda reklam yerləşdirən biznesləri hədəfə alır. Onlara qarşı həmçinin «şərəf və ləyaqətin təhqiri» ilə bağlı saxta məhkəmə işləri açılır və bu böyük cərimələr,
bəzi hallarda isə qəzetin bağlanması ilə nəticələnir.

AZƏRBAYCANI BU SİYAHIDAN KƏNARDA QOYMAQ TƏKCƏ MƏNTİQDƏN KƏNAR OLMAZDI

Təəccüblü deyil ki, Azərbaycanın adı artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən mətbuat azadlığını ən çox pozan ölkələr sırasında çəkilir. Prezident Əliyev dəfələrlə «Sərhədsiz reportyorlar» beynəlxalq təşkilatının «Mətbuatın düşmənləri» siyahısına salınıb. Birləşmiş Ştatlar Dövlət Departamentinin özünün insan haqları hesabatında azad mediaya basqılar və hakimiyyətin siyasətini tənqid edən jurnalistlərə təzyiqlərlə bağlı saysız-hesabsız faktlar əksini tapıb.

Buna görə də Azərbaycanı Daniel Pörl Aktından irəli gələn bu siyahıdan kənarda qoymaq təkcə məntiqdən kənar olmazdı: Belə istisna həm də Amerika siyasətçilərinin demokratiya və insan haqlarını sərfəli enerji müqavilələrinə qurban verdiyi barədə ehtimala əsas verərdi.

Digər tərəfdən, Azərbaycanın bu siyahıda yer alması Birləşmiş Ştatların mövqeyinin davamlı və prinsipial olduğunu göstərər, eləcə də Azərbaycan və dünyanın hər yerində söz azadlığı üçün mübarizə aparanlara mənəvi dəstək olardı.

QEYD: Elmar Şahtaxtinski Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda - AZAD təşkilatının sədridir. AZAD Azərbaycanda və digər ölkələrdə demokratiyaya dəstək məqsədilə yaradılıb və Birləşmiş Ştatlarda fəaliyyət göstərir.

Bu şərhdə əksini tapan fikirlər müəllifindir və AzadlıqRadiosunun mövqeyini əks etdirməyə bilər.