İyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayır. Nəinki regional KİV-lər, hətta dünya mətbuatının aparıcı orqanları belə bu səfərə böyük diqqət yetirirlər. Ona görə ki, artıq mayın ortalarından müxtəlif səviyyələrdə qeyd olunur ki, məhz İlham Əliyevin bu səfəri zamanı, nəhayət ki, iki il davam edən Azərbaycan-Türkiyə qaz danışıqlarına nöqtə qoyulacaq. Ancaq bu nöqtənin biznesdəki xüsusi çəkisi o qədər də çox olmasa da, onun siyasi əhəmiyyəti həddən artıq böyükdür.

Azərbaycan-Türkiyə qaz anlaşması hüquqi baxımdan Avropa Birliyinə imkan verir ki, birliyə daxil olan ölkələr və şirkətlər Azərbaycan qazını öz sərhədlərində qəbul etsinlər
BU SAZİŞİN GÜCÜ NƏDİR?


Ona görə ki, ilkin baxışda iki ölkə arasında bağlanacaq saziş, əslində nəinki bir sıra dövlətlərin iqtisadiyyatına, o cümlədən müxtəlif, bir-birindən uzaqda yerləşən regionların siyasətinə təsir etmə gücünə malik olacaq. Bu isə Qərb üçün, əsasən də Avropa Birliyi üçün kifayət qədər əhəmiyyətə malik bir hadisədir.

Əvvəla, Avropa Birliyi, nəhayət ki, uzun illərdən bəri nəzəri baxımdan gündəliyə gətirdiyi enerji təhlükəsizliyinin əsas elementlərindən biri olan diversifikasiyalaşdırılmış qaz idxalını praktik cəhətdən reallaşdırmaq şansı qazanır.

İkincisi, Azərbaycan-Türkiyə qaz anlaşması hüquqi baxımdan Avropa Birliyinə imkan verir ki, birliyə daxil olan ölkələr və şirkətlər Azərbaycan qazını öz sərhədlərində qəbul etmək imkanına malik olsunlar.

Üçüncüsü, «Cənub dəhlizi»nə daxil olan bir sıra infrastruktur layihələrinin, (qaz kəmərləri - Nabucco, ITGI, TAP, IGB) nəhayət ki, ilkin olaraq Azərbaycan qazı hesabına həyata vəsiqə qazanmaq şansı yaranar.

Nəhayət, Sovetlər Birliyi dağıldıqdan sonra Rusiyadan yan keçməklə Avropaya alternativ qazın gətirilməsi planları gerçəkləşər və Qoca Dünyanın «ipə-sapa yatmayan» «Gazprom»la qaz alqı-satqısı danışıqlarında bir sıra yüngülləşdirici amillərə ümidi yaranardı.

AVROPADA HAZIRLIQ GEDİR


Artıq Avropada Azərbaycan qazının alınmasına dair hazırlıq işlərinə start verilib desək, yanılmarıq. Bunun üçün ötən həftə Bakıda keçirilən «Caspian Oil & Gas-2010» beynəlxalq konfransında əsas müzakirə mövzusunun elə qaz amili üzərində qurulması və bu tədbirə qatılmış adlı-sanlı şirkətlərin nümayəndələrinin (İtaliyanın Edison və ENİ şirkətləri, Yunanıstanın DEPA şirkəti, Amerikanın ConocoPhillips və sair) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyi ilə ikitərəfli görüşlərdə irəli sürdükləri təklifləri nəzərdən keçirmək kifayətdir.

Azərbaycan qazı uğrunda artıq Avropa şirkətləri və alıcıları arasında rəqabət dövrü başlayır. Ölkənin burada əsas qazancı isə maliyyədən əlavə, Avropa Birliyi ilə siyasi münasibətlərin rəsmi Bakını qənaət edəcək bir çərçivəsinə nail olmaqdır
Xariciləri artıq «Şah-dəniz» qazının «Mərhələ-2» layihəsi çərçivəsində çıxarılacaq qazın vaxtı deyil, onun hansı həcminə real olaraq ümid etmələrini maraqlandırırdı. Artıq onlar Bakı danışıqlarından sonra bir şeyi aydınlaşdırdılar ki, Azərbaycan qazının əsas hissəsi dünya bazarlarına uzunmüddətli müqavilələr əsasında Türkiyə üzərindən çıxarılacaq və bunun da əsas bazarı Avropa olacaq. Ona görə də Azərbaycan qazı uğrunda artıq Avropa şirkətləri və alıcıları arasında rəqabət dövrü başlayır. Bu mübarizə normal bir prosesdir və onun nəticəsi yaxın gələcəkdə ortaya çıxacaq. Azərbaycanın burada əsas qazancı isə maliyyədən əlavə, Avropa Birliyi ilə siyasi münasibətlərin rəsmi Bakını qənaət edəcək bir çərçivəsinə nail olmaqdır.

MOSKVA MANE OLMUR, FAYDALANIR

Azərbaycan qazının əksər hissəsinin (ola bilsin hətta 90%-nin) Avropaya (Türkiyə də daxil olmaqla) axacağını artıq rəsmi Moskva da, «Gazprom» strateqləri də seziblər və bu baxımdan onlar prosesə mane olmaq siyasəti deyil, bundan faydalanmaq üzərində düşünməyə başlayıblar.

Moskvada hesab edirlər ki, Azərbaycan qazının perspektivdə Avropa bazarına məhdud həcmdə (Türkiyə bazarı nəzərə alınmazsa, 12-15 milyard kubmetr) çıxarılması onların maraqlarına daha uyğundur, nəinki Azərbaycan üzərindən keçməklə birbaşa Qərbə tuşlanmış 30-50 milyard kubmetr Türkmənistan qazı. Ona görə ki, bu halda nəinki Rusiyanın Mərkəzi Asiya üzərində siyasi və iqtisadi mövqeləri zərbə altına düşə bilər, həmçinin «Gazprom»un Balkanlarda və Mərkəzi Avropa bazarlarına yönəlmiş uzunmüddətli qaz satışı planları da pozula bilərdi. Bu baxımdan Moskva Türkmənistan qazının əsas hissəsinin Çinə yönəlməsinə, Qazaxıstandan Çinə buraxıcılıq gücü ildə 10 milyard kub metr olan qaz kəmərinin çəkilməsinə nəinki sakit yanaşdı və mən deyərdim ki, bəlkə də bu planların həyata keçməsinə özü dolayısıyla (9 aprel 2009-da Rusiyaya gedən qaz kəmərində texniki partlayışın törədilməsi və bununla əlaqədar türkmən qazının idxalının 9 ay müddətində dayandırılması) köməklik göstərdi.

İkinci bir tərəfdən, Moskva anlayır ki, Azərbaycan qazının böyük həcmlərinə ümid bəsləyə bilməz, baxmayaraq ki, 2010-cu ildə Rusiyanın idxal etdiyi mavi yanacaq işə içərisində Azərbaycandan aldığı qaz ən bahalısı olub (1000 kub metri $244,5). Elə buna görə də «Gazprom»a Bakı ilə əlaqələrinin normal istiqamətdə inkişafı daha vacibdir, nəinki Azərbaycan qazının Avropaya axınının qarşısını almaq üçün siyasi, iqtisadi və hərbi qarşıdurmaya getməsi.

AZƏRBAYCAN AVROPAYA QAZLA GEDİR


Bu arada isə İtaliyanın Edison şirkəti artıq elan etdi ki, Azərbaycanla Türkiyə arasında qaz tranzitinə dair sənədlər imzalanandan sonra o, ilk Avropa şirkəti olmaq arzusundadır ki, adı «Şah-dəniz» qazının Qərbdə ilk alıcısı kimi tarixə düşsün.

Bolqarıstan isə Avropa Birliyindən aldığı ünvanlı yardım hesabına 69 kilometrlik qaz kəməri (Interconnector Greece Bulgaria) çəkməyə hazırlıq görür. Bu kəmərlə «Bulgargas» «Şah-dəniz-2» layihəsinin həyata keçirilməsini gözləmədən artıq 2012-ci ildən Yunanıstan üzərindən Azərbaycan qazını ala bilər, ona görə ki, artıq 2 ildir ki, Türkiyə və Yunanıstanın magistral qaz kəmərləri sistemi birləşdirilib.

Beləliklə, Azərbaycan bu günlərdə demək olar ki, Avropa Birliyinin astanasına gəlib çıxmaq imkanı qazanır: hələ ki, öz qazıyla...