Fələstin problemi və Fələstin küyü

Qəzzaya yardım aparan gəmilərə İsrailin beynəlxalq sularda saldırması ciddi Türkiyə-İsrail qarşıdurması yaradıb. Məsələni hərtərəfli təhlil etmək Azərbaycan oxucusu üçün normalda az maraqlı olmalıdır, çünki azərbaycanlılar problem içində itib-batan bir ölkədə yaşayırlar. Ölkənin az qala yarısı hələ də Kür daşqınının ağrısını çəkir. Yeni qaçqınlar ordumuz yaranıb və Azərbaycan torpaqlarının beşdə biri hələ də işğal atındadır və bu səbəbdən də ölkənin əlavə olaraq yüz minlərlə qaçqın-didərgini var. Amma ölkədə başlamış anti-İsrail etirazları, Nardaran kəndində birdən-birə həm İsrail, həm ABŞ, həm Fransa, həm də Böyük Britaniya bayraqlarının yandırılması göstərir ki, azərbaycanlılar bu qarşıdurmaya qeyri-adi maraq sərgiləməkdədirlər və deməli müəyyən bir təhlilə ehtiyac var.

BEYNƏLXALQ HÜQUQİ ASPEKT
Hazırkı dartışmada İsrailə edilə biləcək hüquqi iddianın yalnız bir möhkəm əsası var: İsrail bu hücumu beynəlxalq sularda edib


Qəzzaya giriş iki ölkə ərazisindən mümkündür – İsrail və Misir. Misir çoxdandır ki, Qəzza ilə sərhədlərini bağlayıb. İsrail isə artıq üç ildir ki, Qəzzaya qarşı hərbi blokada tətbiq edir. Bu blokadanın hüquqi düzgünlüyünü BMT şübhə altına salır. Amma Qərb dövlətləri və ABŞ bu blokadanı təhlükəsizlik baxımından zəruri hesab edirlər. Göstərilən səbəb odur ki, Qəzzadan İsrailə minlərlə raket atılır və bu raketlərin böyük bir hissəsi həmin əraziyə xarici ölkələrdən gətirilir. İsrail dəfələrlə İranın həmin bölgəyə silah daşımaq planlarını əngəlləyib və İran gəmilərində yardım adı altında silah aşkar edib.

Blokada Qəzzaya heç bir yardımın daxil olmaması demək deyil. Hər ay rəsmi statiskaya əsasən İsrailin quru ərazisi ilə Qəzzaya on min tondan çox yardım daşınır. İsrail Qəzzaya yardım göstərən ölkələrdən tələb edir ki, yardımı İsrail limanlarında yoxlatdırsınlar və bu yoxlama silah-sursat, partlayıcı yaratmaq işində istifadə edilə biləcək bəzi tikinti materiallarının həmin əraziyə daxil edilməsini qadağan edir.

Qəzzanın ərazi suları deyilən bir anlayış daha bir hüquqi dartışma mövzusudur. Praktiki olaraq, Qəzzanın ərazi suları yoxdur, çünki Fələstin hökuməti heç vaxt sahil suları üzərində hərbi nəzarət həyata keçirməyib. Lakin ərəb dövlətləri və hazırkı Türkiyə hökuməti Qəzzanın ərazi suları haqqının reallığa çevrilməsində israr edirlər. Bu səbəbdən də vaxtaşırı Qəzzaya dəniz tərəfdən yaxınlaşma cəhdləri edilir. Üç ildir ki, İsrail bu cəhdləri hərbi yola əngəlləyir.

Sırf hüquqi baxımdan İsrail öz ərazi sularına onun icazəsi olmadan daxil olan gəmiləri xəbərdarlıqdan sonra batırmaq hüququna malikdir. Bu yaxınlarda Şimali Koreya bu hüquqdan istifadə edib Cənubi Koreya gəmisini belə bir qaydada batırıb. Hazırkı dartışmada İsrailə edilə biləcək hüquqi iddianın yalnız bir möhkəm əsası var: İsrail bu hücumu beynəlxalq sularda edib. İsrailin özünü müdafiə etmək üçün gətirdiyi arqument odur ki, Qəzzaya tərəf yönələn gəmilər İsrailin ərazi sularına icazəsiz daxil olmaq niyyətlərini gizlətməyiblər və hətta insidentdən sonra belə bu niyyətlərini təsdiqləyiblər.

İsrail əleydarlarının gətirdiyi əks-arqumentlər isə İsrailin yaranma tarixinə gedib dirənir. Belə ki, Fələstin torpaqları üzərindəki İsrail nəzarəti sual altına alınır və bununla da mübahisə indiki dövrün problemlərindən 60 il öncəyə qayıdası olur.

SİYASİ ASPEKT

Türkiyə niyə İsrailə etdiyi basqıların bircə faizini Misirə qarşı yönəltmir? Bu sualın aydın cavabını yalnız Ərdoğan hökuməti verə bilər

Türkiyədə Qəzzaya qarşı blokada tətbiq edən iki dövlətdən birinin Misir olduğunu heç kim yada salmaq istəmir. Lakin bu mühüm faktdır. Ərəb ölkələrinin ən qüvvətlisi olan Misir Qəzzaya sərhədlərini bağlayıb və yalnız İsrailin gəmilərə hücumundan sonra müvəqqəti olaraq yolu açıb. Misirin də öz səbəbləri var. Qəzzada hakimiyyətdə olan Həmas qruplaşmasının dini radikalizmi Misir hakimiyyətini qorxudur. Qahirə ehtiyat edir ki, İsrail əleyhinə istifadə olunan silahlar bir gün Misir hökumətinə qarşı çevrilə bilər. Misirdəki narazı əhali dini radikalizmin çiçəklənməsi üçün münbit torpaqdır.

Türkiyə niyə İsrailə etdiyi basqıların bircə faizini Misirə qarşı yönəltmir? Bu sualın aydın cavabını yalnız Ərdoğan hökuməti verə bilər. Bu cavab isə hələ ki, yoxdur.

SİYASİ SPEKULYATİV ASPEKT

İsrailə qarşı getmək Ərdoğan hökumətini populyar edir. Ərdoğanın məşhur «One minute» hayqırtısı onun reytinqini Türkiyədə göylərə qaldırmışdı. İndiki insident də Ərdoğan hökumətinə eyni populyarlığı gətirir. Bu reytinqlərlə CXP müxalifətini üstələyib Türkiyənin bütün siyasi qurumlarına tam nəzarəti ələ keçirmək Ərdoğan hökuməti üçün çətin olmamalıdır.

FƏQƏT...


Dünyada ədalətsizliklər çoxdur. Fələstin torpaqlarını İsrail işğal edib; Azərbaycan torpaqlarını Ermənistan; Şimali Qafqazı Rusiya; Cənubi Azərbaycanı İran; Uyğur torpaqlarını Çin; Amerika hindularının torpaqlarını ingilislər (indi onlar özlərinə Amerikalı deyirlər). Məgər hər beynəlxalq ədalətsizliyə beynəlxalq böhran səbəbmidir? Türkiyənin öz sərhədlərindən xeyli kənarda özünə yeni bir problem axtarıb tapması sadə məntiqin qarşısında karton evcik kimi dağılır. Ərdoğan hökuməti öz qonşuları ilə «sıfır problem» siyasəti elan edib. Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistanla əlaqələr qurmağa çalışır. Ərazisini sel-su basmış azəri qardaşlarını ikinci plana keçirib Qəzzaya yardım aparır. İşğal olunmuş müsəlman torpaqları Türkiyə üçün bu qədər önəmlidirsə, Türkiyə-Ermənistan, Türkiyə-Rusiya yaxınlaşmasının adı nədir? Axı bu iki dövlət Azərbaycan torpaqlarının davamlı işğalının memarlarıdır. Cənubi Azərbaycandan hər gün yeni həbs edilən türk fəallarının sorağı gəlir. Hanı İrana qarşı Türkiyənin «ədalət mücadiləsi»? Bir də söhbət Türkiyənin bölgədə hərbi-siyasi nüfuzunun artıtılmasından gedirsə, Tükiyənin peşəkar hərbçilərinə yönələn Ərdoğan basqısı məntiqsiz görünmürmü?
Ərdoğan Türkiyə əhalisinin kasıb, savadsız qismi önündə İsrailə, ABŞ-a barmaq silkələməklə siyasi xallar qazanır

Bu gün Türkiyədə Ərdoğan hökuməti yeni siyasi realıqlar yaratmaq yolunu tutub. Atatürk irsindən davamlı imtina prosesi gedir. Türkiyənin Qərbə yönlənmiş siyasi kursu dəyişdirilir. NATO üzvü, Avropaya inteqrasiya yolunu tutmuş Türkiyə bölgənin daha bir İranına, Suriyasına çevrilmək yolunu tutub. Bu kurs özünü həm daxili siyasətdə, həm də xarici siysətdə göstərməkdədir. Daxili siyasətdə Ərdoğan hökuməti ölkənin bütün əsas siyasi institutlarını – seçkili orqanlar, məhkəmə, polis, ordu və təhlükəsizlik orqanları üzərində inhisarçı nəzarəti ələ keçirməkdədir. Bu ölkədə artıq müstəqil media belə davamlı basqılar altında fəaliyyət göstərir. Xarici siyasətdə isə Putin Rusiyasına, Əhmədinecat İranına oxşar populist siyasət aparılır.

Bir zamanlar Türkiyənin bölgədəki müttəfiqləri ABŞ, Avropa ölkələri və İsrail idi. İndi isə Ərdoğan hökuməti köhnə dostlarla münasibəti davamlı şəkildə gərginləşdirərək özünə yeni dostlar tapır – Rusiya, İran, Suriya, Fələstində Həmas administrasiyası və s. bu kateqoriyada olan hökumətlər. Rusiya ilə yaxınlaşmanın bədəli kimi Ərdoğan hökuməti Ermənistanla da münasibətləri düzəltməyə girişir.

ABŞ-da konservativ yazarlardan Mark Steyn Türkiyəni maraqlı bir aspektdən təhlil edib. Steyn yazır ki, Atatürk müasir Türkiyənin əsasını qoyanda bu ölkənin 14 milyon əhalisi var idi. Atatürk Türkiyənin qərb hissəsinin əhalisinin dünyagörüşünə uyğun bir siyasi sistem qurub getdi. Ötən illər ərzində isə Türkiyə əhalisi 70 milyona gəlib çatdı. Əhali artımı şərq bölgələrində daha sürətlə getdiyindən Türkiyədə Qərb dəyərlərini özünə yad hesab edən böyük bir elektorat formalaşıb. Bu əhali üçün Ərdoğanın anti-Qərb ritorikası doğmadır. Ərdoğan isə Türkiyə əhalisinin kasıb, savadsız qismi önündə İsrailə, ABŞ-a barmaq silkələməklə siyasi xalar qazanır. Ölkənin dünyəvi müxalifətinin sosial bazası isə sadəcə olaraq kiçikdir, vəssalam.

Deyirlər ki, Türkiyə bölgədəki nüfuzunu artırır və ortaya güc qoyur. Gəlin bu güc məsələsinə real baxaq. Türkiyəni bölgədə güclü edən odur ki, demokratik idarəetmə Türkiyədə biznesin, sənayenin inkişafı üçün münbit mühit yaradıb, effektiv bazar sisteminə əsaslanan güclü iqtisadiyat qurub. Ölkənin qərbyönümlü siyasəti nəticəsində isə Türkiyə ABŞ-ın hərbi təyyarələri, Almaniyanın quru qoşunları silahları, İsrailin havadan müdafiə sistemləri ilə təchiz olunub. Türkiyə Rusiyadan, İrandan, Suriyadan nə alacaq? Türkiyə indiki siyasi sistemini dəyişəcəyi təqdirdə regionun güclü dövləti olaraq öz mövqeyini qoruyub saxlaya biləcəkmi? Çətin.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.


MÖVZUNU BURDA ŞƏRH EDİN