«Azadlıq» tortunun dadı...

«Azadlıq» tortu

1991-ci ilin oktyabrın 18-i idi. Müstəqilliyimizin elan olunduğu gün.

Qəribədir, deyilmi? Sovetlərin istər ac və güclü vaxtında yaşamaq məcburiyyətində qalan ata-analarımız, istərsə ac və canüstə zamanında yaşayan bizlər nə vaxtsa Müstəqillik gününü, İstiqlal gününü bayram edə biləcəyimizi, hətta o zamana qədər yaşaya biləcəyimizi ağlımıza gətirə bilərdikmi?
Amma yaşadıq! Bu xoşbəxtlik nəsibimiz oldu! Buna sevinmək gərəkdir. Yoxsa ata-analarımızın taleyi - Sovetlərdə doğulub orda da ömrünü başa vurmaq qisməti bizi də haqlaya bilərdi.

HƏLƏ ŞUŞA BIZIM İDİ...

Hə, 91-ci ilin 18 oktyabrından danışıram. Hələ cavan, enerjili idik. O boyda Soveti «yıxmışdıq!» Düzdür, ürəyimizdə 20 Yanvar ağrısı, şəhidlər acısı vardı. Amma hələ Şuşa bizdəydi. Laçın bizimkiydi. Rayonlar getməmişdi. Azad, demokratik bir dövlət quracağımıza inanırdıq.
Gələcəyə böyük ümidlər vardı. Hələ «Arzusu gözündə qalan» insanlar nəsli yetişəcəyindən xəbərsizdik... Hələ... Nə isə...bayramdır, axı. Keçək 91-in 18 oktyabrına.

Nə edim, neyləyim? - deyib, ürəyimə sığışmayan hisləri tortun üzərinə tökməyə qərar verdim!

BÖYÜK BİR TORT BİŞİRDİM

Qozlu-fındıqlı, kremli. Üstünə də «AZADLIQ» sözü yazdım.

Oxxay! Rahatlaşdım. Uşaqlarım sevincdən atılıb-düşürlər. Mən də «hələ əl vurmayın, qoy baba gəlsin» deyibən əsl milli xanımlar kimi həyat yoldaşımın yolunu gözləyirəm (Cib telefonunu hardan alım? Kimin harda olduğunu o dəqiqə biləsən?!)

Gözlədik, gözlədik, gözlədik... şər qarışanda qapının zəngi çalındı. Açanda gözlədiyimiz adamın böyük bir dəstə ilə qapıda dayandığını gördük. İndi hamınızın yaxşı tanıdığınız məşhur adamlardan ibarət «dəstə» içəri girdi. Kefləri yerində. Müstəqilliyin yelinə uçan bəxtəvərlər!

Uşaqlar həmən analarının «Azadlıq» tortu bişirdiyini qapıdaca qonaqların ovcuna qoydular. Gələnlər lap şadlandılar.

«AZADLIQ» TORTU BİR OTURUMA YEYİLDİ!

Və o gün bizim ailənin yaddaşında əbədiyyətə yazıldı, həmişə xatırlandı. Ondan sonra saysız sayda adsız tortlar yesə də, oğlum bir neçə il sonra Müstəqillik Günüylə bağlı yazdığı inşa yazısında «Azadlıq» tortunun dadından da söz açdı...

Qızım hər il Müstəqillik günündə «Azadlıq» tortunun çağırılmamış qonaqlarını xatırlayıb güldü...

İki gün öncə «Can Bakı»nın qonağı olan Cəmil Həsənli dinləyicilərdən bir xahiş etdi. Dedi ki, bu, bizim ən əziz, ən baş bayramımızdır. Mayın 28-də evinizdə nəyiniz var, süfrənizə qoyun, ən gözəl yeməyi bişirin. Ailəlikcə bir yerə cəm olub İstiqlal Günümüzü bayram edin.

Və mənim yadıma 19 il öncə bişirdiyim «Azadlıq» tortu düşdü. Elə efirdəcə ürəyimdən keçirdim ki, mən o tortun davamını bişirməliyəm.
Dünən axşam fikrimi artıq böyümüş balalarıma da bildirdim. Yenə atılıb-düşdülər...

ÇAYXANA İSTİQLAL AŞIMA NECƏ SU QATDI?

Çiyələkli «Azadlıq» tortu artıq hazırdır. Yanında da süfrələrin bəzəyi aş olacaq. Ona görə olacaq deyirəm ki, səhərdən binamızın üstünü buludlar alıb. Binanın qarşısındakı ağaclıqda, lap maşın yolunun qırağında kimsə çayxana açmaq fikrinə düşüb. Qum-sement daşınır. Eyvanlardan, yol üstndən qadınların qışqırtısı eşidilir. Gələnlər isə buyruq qulu olduğunu deyir. Və qeyri-ixtiyari mənim İstiqlal aşıma su qatılır...

Bu da yaşadığımız cəmiyyətin gerçəkliyidir.

Hətta ən əziz bayramda belə tamahlar iti qalır!

Hətta ən müqəddəs gündə belə qarınlar doymur!

Bakının hər qarış torpağından qazanc əldə etmək instinkti ölmür!

Sonra da torpağımızı işğal edənləri qınayırıq...

Nə yazıq bizlərə!

HAYDI!

Bu yazını belə notlarla bitirəcəyimi bilməzdim.

Əksinə, hamınızın İstiqlal Bayramınızı təbrik etmək üçün bu yolu seçdim.

Di haydı! Evinizdə nəyiniz var süfrəyə qoyun!

Ailəliklə Himnimizi oxuyun!

«Səndən ötrü can verməyə cümlə hazırız» - söyləyin!

Nəfsi acları yadınıza salmayın...

İstiqlal günündə televiziyalarda kimin şəkli asıldığını da ürəyinizə dərd eləməyin...

Cümhuriyyət qurucusunun heykəlinin Bakıda olmaması da sizi incitməsin...

Ürəklərimizin Bayramını layiqincə qarşılayın!

Lap İstiqlal mücahidlərinin uzun illər qürbətdə qeyd etdikləri kimi - üçrəngli bayraqlarla, kiçiklərin yaddaşına yazmaq istədikləri himnimizi oxuyaraq, təzə paltarlarla...

İmkanınız varsa «28 mayıs» tortu da bişirin.

Bayramımız mübarək olsun!