Demokratiya və Yaxşını tanımaq problemi

«Niyazi Mehdi Demokratiyaya qarşı»

Bu günlərdə bəndənizin hazırladığı proqram üzrə Bakıda Qafqaz Vətəndaş Dinləməsi keçirdik, mövzusu qəsdən şitəndirici idi: «Niyazi Mehdi Demokratiyaya qarşı». Orada çıxışımda, bundan başladım ki, əslində, daha düzdür demək ki, mən demokratiyanın düşmənlərinin düşüncələrini səsləndirəcəm. O düşüncələrə isə şəxsi əlavəm bu olacaq ki, bəziləri demokratiyanı sevmirlər, ancaq bilmirlər niyə. Bu yerdə mən onların nifrətinin altında bilincsiz, yəni şüursuz olan anti-demokratiya motivlərini aydınlığa çıxaracam.

ÇOXALMANIN BİR EYİBİ VAR

Bu dediyimə bir örnək. Bir çoxları Demokratiyada özbaşınalıq, didişmə görüb ondan eymənirlər. Hətta Azərbaycanın normal, ağıllı, mütərəqqi kişisi də demokratik ailə memarlığını yapmaq istəyəndə sonuclar bir çox hallarda onu peşman edir. Haradandır bizim camaatın qavrayışında Demokratiyanın üzündə gəzən bu İblis kölgələri?

Bunu Dinləmədə belə açdım. Platondan gələrək, əl-Fərabidə, İbn Sinada, bizim Şihabəddin Sührəverdidə davam edən ideya odur ki, dünyada hər nə varsa, Bircədən, Bir, Bircə olandan pardaxlanıb açılır. İbrahim dinlərində bu Bir «Yahva», «Allah» adlanır. Platonizmə görə Bircədən açıla-açıla gəlibən dünyanın qatlarını düzən bu çoxculluğun, çoxalmanın bir eyibi var, çoxalmalar korlanmalar, didişmələr, pisliklər gətirir. İşıq qaynağından uzaqlaşma işığın azalmasına gətirdiyi kimi, Bircə olandan çoxala-çoxala uzaqlaşma da kölgəni (İblisanəliyi) artırır.

İndi yadımıza salaq ki, plyuqalizm partiyaların, qəzetlərin, «məncə»liklərin çoxculluğudur və bu da xeyli konfliktlərə, çəkişmələrə gətirib çıxarır. Toplumlarda bu çəkişmələrin qarşısını almaq üçün Monoteizmin biçimində siyasi rejimlər qurulmuşdu: orada Bir olan Tanrının yerini Padşah və ya bizdəki kimi avtoritar Prezidentlər tutur. Bunun ideyası isə odur ki, hamı sözsüz-sovsuz ona tabe olsa, birlik yaranar, çəkişmələr aradan gedər.

Adi adamlarda Demokratiyanı sevməməyə gətirib çıxaran bu bilincsiz motivin cavabında gərək mənim Dinləmədəki rəqibim çoxculluğun, plyuralzmin önəmini açaydı və bu zaman yaxşı olardı ki, plyuralizmin faydası lehinə olan məşhur arqumentləri təkrar
etmədən öz arqumentlərini tapaydı. İrakli Berulava isə cavabdeh kimi başqa yolu tutaraq gözəl, ifadəli şəkildə Demokratiyanın arsenalında olan ideyaları təkrar etdi.

İNSAN HAQLARI İNSANA FORMAL OLARAQ SEÇƏNƏK AZADLIĞI VERİR

Ancaq sual-cavabda bir məsələnin açımı mənim üçün informativ oldu. Orada İnsan Haqlarının fəsadları kimi söyləmişdim: azadlıq mühiti gəncləri elə dəyişdirir ki, onlar böyüklərə, qadınlara yer vermirlər. Bu, Azərbaycanda Batı gənclərinin korlanması ilə bağlı söylənilən ən yayılmış fikirdir, ona görə də Dinləmədə onu səsləndirdim. İraklinin cavabı isə belə oldu: Qərbdə gənc bilet aldığı üçün yeri müvəqqəti də olsa öz mülkiyyəti sayır, ona görə də mülkiyyətindən necə istifadə etməkdə azaddır.

İraklidən soruşdum: yaxşı bu gəncin yanında hamilə qadın dursa, yenə onun mülkiyyət hüququ ilə yerini qadına verməməsini təmizə çıxaracağıq? İrakli «hə» dedi. Məni isə cavab belə bir düşüncəyə gətirib çıxardı. İnsan Haqları insana formal olaraq seçənək azadlığı verir. Ancaq bunun sonucu heç də avtomatik olaraq «yaxşı edirsən», «yaxşı edirəm» deyil. İnsan Haqlarını uca tutan mədəniyyətlərdə də İnsan öz azadlığından istifadə edəndən sonra onun əxlaqi baxımdan yaxşı edib- etməməsi haqqında dartışmalar, ittihamlar başlaya bilər. Sən mülkiyyət haqqından istifadə edib yerini şikəst adama verməyə bilərsən. Ancaq bu, səni haqqından yaramazcasına istifadə edən adam sayılmaqdan qurtarmayacaq. Deməli, demokratiyadan və insan azadlıqlarından qorxanlar bilməlidirlər ki, Demokratiyanın əsas problemi insana azadlıqların verilməsi deyil. Əsas problemləri bu azadlıqlardan pisinə istifadə etməyə qarşı güclü Əxlaqi, Mənəvi müqavimətləri qoyub-qoymamaqdır. Bu məsələdə isə ən böyük çətinlik odur ki, bəzən mənfur, iyrənc görünən davranışlar, mahnılar, romanlar abırlı görünənlərdən daha faydalı olur, ona görə də Yaxşını tanımaq, Yamanla dolaşıq salmamaq elə də asan deyil.