Nazir institut rəhbərliyinə töhmət verib

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət verilib. Töhmətə səbəb Təhsil Nazirliyinin «Qaynar xətt»inə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının III kurs tələbəsi tərəfindən edilmiş şikayət olub.

Müraciətdə deyilir ki, tələbələrə yanvar ayı üçün ödənilməli olan təqaüdlər gecikdirilib, martın 12-də ödənilib. Tələbə qeyd edib ki, belə hallar filialda mütəmadi olaraq baş verir.

Nazirliyin araşdırmasından sonra təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrə görə, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Eyni zamanda filialın direktoruna burada təhsil alan tələbələrə təqaüdlərin, işçilərə əmək haqlarının və digər sosial ödəmələrin vaxtlı-vaxtında ödənilməsinə nəzarət edilməsi üçün tapşırıqlar verilib.