Azərbaycan qazına Şərqdən zərbə

Azərbaycan qazının real bazarı region ölkələridir (cənubi və şimalı Qafqaz), və Türkiyə

Azərbaycan qazının Avropa bazarına Türkiyə üzərindən çıxarılması ilə danışıqlar davam etməkdədir. Aprelin 15-də bu danışıqların başlanmasının düz 2 ili tamam olacaqdır. Ancaq hələ də tunelin sonundakı işıq görsənmir, baxmayaraq ki, bu tunelin sahibi Azərbaycana dost və qardaş olan ölkədir. Aprelin 11-də ANS TV-yə eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri yenə qaz məsələsinə toxundu və yenə də ümidvar olduğunu bildirdi ki, iki ölkə arasında tezliklə bu problemin kompleks həllinin tapılması mümkün olacaqdır. Diplomat həmçinin bir daha xatırlatdı ki, bəs danışıqlarda eyni zamanda 4 məsələyə cavab tapılması üzərində iş getdiyindən məsələlərin həlli bu qədər yubanır. Nədir o 4 məsələ? Birincisi, «Şah-dəniz» yatağının «Mərhələ-1» layihəsi çərçivəsində Türkiyəyə satılan qazın qiymətinin müəyyənləşdirilməsi və 2008-ci il 15 apreldən sonra Türkiyə bazarına daxil olan qaza görə qiymət fərqinə görə yaranmış kəsirin Azərbaycana ödənməsi (həmin tarixə qədər Türkiyə Azərbaycan tərəfinə 1000 kubmetr qaza görə cəmi $120 ödəyib). İkincisi, Türkiyə «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində öz ehtiyacları üçün alacağı qazın illik həcmini müəyyənləşdirməli və bununla bağlı uzunmüddətli alğı-satqı müqaviləsi (təqribən 20 il müddətinə) bağlamalıdır. Üçüncüsü, rəsmi Ankara və Bakı Azərbaycan qazının Türkiyə üzərindən tranzit daşımalarına dair hökumətlərarası saziş imzalamalı və tranzit tariflərinə dair razılığa gəlməlidirlər. Nəhayət, dördüncüsü, Azərbaycan Dövlət Neft Şirkətinə Türkiyənin daxili bazarında müəyyən həcmdə qaz satışına dair Türkiyə hökumətinin razılığı alınmalıdır.

TÜRKİYƏ NiYƏ «HƏ» DEYƏ BİLMİR?

Göründüyü kimi, məsələlər heç də sadə bir şey deyil. Ona görə ki, uzunmüddətli dövrə tuşlanıb – minimum 20 il. Türkiyə hökuməti təklif edilən kompleks məsələlərə birdəfəlik «HƏ» deməsi üçün bir sıra həyatı vacib problemləri indidən müəyyənləşdirməlidir. Söhbət Türkiyənin 2017-2037-ci illər üçün enerji balansında təbii qazın xüsusi çəkisinin və o cümlədən miqdarının təyin edilməsindən gedir. Azərbaycan tərəfi və o cümlədən «Şah-dəniz» layihəsi iştirakçıları Türkiyə qarşısında qazın alqı-satqısına dair daha sərt şərtlər sürürlər. Ona görə ki, «Mərhələ-2»yə başlanması üçün $20 milyard kapital qoyuluşu planlaşdırılır və hasil ediləcək illik 16 milyard kubmetr qazın bütün həcmlərinin satılması olduqca vacibdir. Təsəvvür edin ki, birdən bu həcmlərin alınmasının 20% aşağı düşməsi («Mərhələ-1»də olduğu kimi, ötən il Türkiyə Azərbaycan tərəfindən 6 milyard kubmetr əvəzinə cəmi 5 milyard kubmetr təbii qaz aldı, 2010-da isə planlaşdırılan 6.3 milyard əvəzinə ən yaxşı halda ötən ilki həcmləri qəbul edəcək) ildə 3.2 milyard kubmetr qazın bazara çıxarılmaması və ya nəzərdə tutulan gəlirlərin kifayət qədər azalması deməkdir. Ona görə də Türkiyə tərəfi çox mürəkkəb məsələləri çözmək zorundadır.
Hazırda Türkiyə 5 min meqavat gücündə atom elektrik stansiyasının (AES) tikilməsinə dair beynəlxalq tenderi yekunlaşdırır və burada cari ilin mayında Rusiya prezidenti Dmitri Medvedevin Ankaraya rəsmi səfəri önəmli rol oynaya bilər. Belə ki, hazırda Türkiyə hökuməti bir məsələni də gündəmə gətirib – axı nədən yazın 10-15 ildə ölkədəki AES-lərin gücünü 20 min meqavata çatdırmayaq? Belə olan tərzdə Türkiyənin 2025-ci ildən qaza olan tələbatı kəskin azala bilər («Mərhələ-2» çərçivəsində qaz hasilatının layihə gücünə çatdırılması isə 2019-2020-ci illərə hesablanıb). Başqa bir tərəfdən, 2020-ci illər üçün Avropada yeni texnologiyaların tətbiqi nəticəsində bərk (slyants) qazın hasilatının maya dəyərinin aşağı düşməsi və Polşanın 2025-2050-ci illər üçün Şərqi və Mərkəzi Avropa ölkələrinə qaz ixracatçısına çevrilməsi ehtimalının güclənməsidir. Artıq Qərb şirkətləri Polşada böyük yataqların olmasını təsdiq ediblər. Bundan əlavə, 2020-ci ildən sonra Avropaya Rusiya qazının birbaşa axını kifayət qədər artacaq: həm «Ştokman», həm də Yamal qazı bunu danılmaz edir. Əgər İraq faktorunu da nəzərə alsaq (orada kifayət qədər qaz yataqları mövcuddur ki, onların hasilatının məhz 2020-ci ildən sonra başlanması və Avropa bazarlarına yönəldilməsi planlaşdırılır), onda məsələ daha da qəlizləşir, yəni Türkiyə tranzit məsələlərində öz imkanlarına daha dərindən baxmaq zorundadır.

YƏHUDİ VƏ ƏRƏBLƏR DƏ AZƏRBAYCAN QAZINI ALMAYA BİLƏRLƏR

Bu azmış kimi, Azərbaycan qazının potensial alıcıları sırasında olan Yaxın Şərq ölkələrindən 2-də (İsrail və Suriya) idxal qaz həcmlərinə yenidən baxılıb və onların hökumətləri qaz hasilatının artması ilə əlaqədar əvvəlki planlarına düzəlişlər etməyə başlayıblar. Qeyd edək ki, hər iki ölkə Azərbaycandan ildə 1 milyard kubmetr qaz idxal etmək niyyətlərini ortaya qoymuşdular. İsrail Azərbaycan qazını Ceyhandan çəkəcəyi sualtı boru xətti ilə, Suriya isə Türkiyənin Şərqindən çəkilməsi planlaşdırılan qaz kəməri ilə həyata keçirməyi planlaşdırırdı. Bu kəmər işə düşsəydi Azərbaycan qazını İordaniya da almaq arzusundadır (ildə 1 milyard kubmetr).

Ancaq 2009-cu ildə Aralıq dənizinin İsrailə aid hissəsində «Tamar» adlı qaz yatağının (Hayfa şəhəri yaxınlığında) açılması nəticəsində müəyyənləşdirildi ki, 2012-2013-cü illərdə onun istismara verilməsi nəticəsində yəhudi dövlətinin mavi yanacağa olan tələbatının 80%-ni 100 il ərzində ödəmək olar. Yerdə qalan hissə isə Misirin hesabına həll ediləcək (hazırda Misir İsrailin əsas qaz tərəfdaşıdır).

Suriyada da qaz hasilatı ilə bağlı irəliyə «inqilabi» addımlar atılıb. Belə ki, Kanadanın Suncor şirkəti artıq 2010-cu ilin yayında yeni qaz yatağının istismara verilməsini bəyan edib. Həmin şirkətin Suriyadakı layihə rəhbəri Jon Ferrye Reuters agentliyinə açıqlamasında bildirib ki, Dəməşqdən şimalda yerləşən «Ebla» yatağı ilk vaxtlar gündə 2.3 milyon kubmetr qaz, sonralar isə 2.7 milyon kubmetr (ildə 985 milyon kubmetr) həcmdə mavi yanacaq hasil etməyə imkan verəcək. Ancaq gələcəkdə bu həcmdən də çox qazın hasil ediləcəyi istisna edilmir. Suriyanın neft və qaz nazirliyinin bəyanatına görə isə, hökumətin prioritet vəzifəsi ölkədə qaz hasilatının artırılması üçün xarici sərmayəçilərə hər cür şəraitin yaradılmasıdır. Onu da qeyr etmək yerinə düşərdi ki, ABŞ-ın Suriyaya qarşı iqtisadi sanksiyalarına baxmayaraq, təkcə 2007-ci ildən sonra ölkədə yaradılmış investisiya mühitinin yaxşılaşdırılması nəticəsində Qərb şirkətlərinin buraya kapital qoyuluşu $3 milyardı ötüb.

Beləliklə, Azərbaycanın nəinki Avropa bazarlarında, o cümlədən Yaxın Şərqdə də qaz satmaq imkanları geniş deyil. Bu arada hələ 2007-ci ildə BP şirkətinin nümayəndəsinin «Caspian Oil & Gas» konfransında etdiyi çıxışı xatırlayıram. O zaman bildirilmişdi ki, Azərbaycan qazının real bazarı region ölkələridir (cənubi və şimalı Qafqaz), və Türkiyə. Yəqin bunu Azərbaycan rəhbərliyində də bilirlər və ona görə də Rusiyaya və Gürcüstana ixracatın artırılması ilə bağlı real addımlar atırlar. «Nabucco»ya siyasi dəstək və ya Qara dəniz üzərindən Avropa qaz bazarına çıxış planları isə sadəcə dünyanın diqqətində (potensial qaz alıcılarının yaddaşında) qalmadır. Bunun özü də pis adım deyil, axı çox ölkələrin qazı olsa da, onların heç də qazlı danışan hökumətləri yoxdur.