İllər var əsrə bərabər

Jurnalistlər Elmar Hüseynovun qəbrini ziyarət edir

Onu bizdən beş il ayırır. Bu həftə Elmar Hüseynovun ölmündən beş il keçir.
O, yaddaşlarda xəfif təbəssümlə qaldı. Bu təbəssümdə hər şey var idi – mehribanlıq, ironiya və narahatçılıq. Elə təbiətən də həm mehriban, həm narahat, həm də kəskin adam idi. Xüsusən də son vaxtlar yaman narahatlıq keçirirdi. O, meydanda tək qalmışdı. Zarafatla deyirdi ki, oturub velosipedin təkərlərini fırlatmaqla məşğulam. O, yazılarına adekvat reaksiya istəyirdi. Hamı bu yazıları oxuyurdu, amma çox az adam hərəkət edirdi. Bu da onu sıxırdı. Onun haqqında çox yazmaq olar. Özünün dediyi kimi: «vaxt gələcək «Monitor» haqqında elmi araşdırmalar yazacaqlar». Elə bu səbəbdən xüsusi təqdimata ehtiyac da yoxdur, sadəcə Elmar demək kifayətdir. Özü də reklamdan qaçırdı. Yazılarını oxuyanların çoxu onun sifətini görməmişdi, yazının yanında şəkil – filan verməzdi. O, belə adam idi. Ölümündən sonra biz onun üçün nə etdik? Söhbət də bu haqdadır.

«BU QƏDƏR ÖLÜ 1 DİRİNİ DƏFN ETDİ»

Bunu onun dəfnində vidalaşma zamanı bir nəfər demişdi. Bu sözlərdə böyük həqiqət var idi. Bundan inciməyə də dəyməz...Elmarın dəfni kimi hadisə Bakıda çox az olmuşdu. 40 gün insanlar onu yad etməyə gəldilər. Jurnalistika sanki şoka düşmüşdü. Adamda belə təəssürat var idi ki, artıq sondur, daha bundan sonra jurnalistika olmayacaq. Amma bu ötəri təəssürat oldu. Elmardan sonra nə baş verdi? Ani şokdan sonra jurnalsitika özünü bərpa etdi. İndi dörd jurnalsit həbsdədir. Bunun özü ürəkaçan söhbət olmasa da, hər halda göstəricidir. Nə etmək olar? Kaş biz jurnalistlərin ölümündən, həbsindən yazmaq məcburiyyətində qalmayaydıq...

Fəqət, gerçəklik başqa şeydir. Elə gerçəkliyin özü də hökm kimi bir şeydir.
İstəsən də, istəməsən də onu nəzərə almalısan, çünki, qeyd etdiyimiz kimi, onun öz hökmü var. Elə zaman da hökm kimi bir şeydir. Köhnə divar saatları öz taqqıltısı ilə bizi zaman hissini itirməkdən çəkindirir. Amma bu beş il bizim həyatımızda nə oldu? Bu beş ildə iki seçki saxtalaşdırıldı, prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyət aradan qaldırıldı. Bunların hamısını uğursuzluqlar siyahısına yazmaq olar. Ciddi bir etiraz yaranmadı.

Təəssüf ki, Azərbaycanda ən yaxşı halda oxucular qalıb. Onlar oxuyur və ən yaxşı halda köks ötürürlər. Əllərini yelləməyəndə sevinmək lazım gəlir. Bir sözlə, «zal»da həmişə olduğu kimi çoxsaylı tamaşaçılar qalıb. Misal var, deyirlər ki, rejissor teatrda Allahdır, amma nə edəsən ki, aktyorlar və ən başlıcası isə tamaşaçılar ateistdirlər!..Həyat belədir.

NAMƏLUM QƏTL


Onu qətlə yetirənlər hələ tapılmayıb. Heç kim cəzalandırılmayıb. Artıq beş il keçib. Adam qəribə hisslər keçirir. Bilmirsən buna ən ad verəsən. Bu nədir?
Qatillərin böyük peşəkarlığı, yoxsa hüquq-mühafizə orqanlarının zəifliyi?
Bu suala cavab vermək çox çətindir. Bu tərs-mütənasiblik kimi bir şeydir. Biri güclü olanda, o birisi zəif olur. Bu da məntiqdir. O qətlə yetiriləndə qatillərin lap tezliklə tapılacağını demişdilər. Ən ali hakimiyyət instansiyası bu prosesə nəzarət edəcəyini vəd etmişdi. Bəs bu nədir? Növbəti vəd?
Bu ölkədə nə vaxtsa vədlərə əməl olunacaqmı? Çətin sualdır. Elə Elmar da bu tipli suallara cavab axtarırdı. O da cavab tapa bilmədi...