Burda pul yeyirlər.
Yeyinti məhsulu kimi pul çörəyi çoxdan keçib.
Restorana girmək pulladır.
Pulu mütləq əvvəlcədən verirsən, keçib oturursan, sonra demək olar ki, nə qədər istəyirsən, yeyirsən.
İsveç masası kimi.
Yeməklər sadədir. Büdcədən bir az götürürsən, bir az da layihə götürürsən, məsələn, yol layihəsi.
Büdcədən pulu çıxarırsan, yola batırıb yeyirsən.
Pulu yeməkdən hələ ölən olmayıb.
Bir az gözə ziyandır. Çox yeyənlərin gözü ayağının altını seçmir.
Pul yeməyə cəmi iki məhdudiyyət var. Tək yemək olmaz. Bir də bu restoranı işlədəndən çox yemək olmaz.
Hər iki halda cəza birdir. Güclə mədəni yuyurlar. Nə yemisən hamısını qaytarırsan, qaytardığını qonşu masalardakılar yeyir...
...Vaxtında çıxa bilsən, yaxşı yerdir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.