Keçid dövrü bitdi!!! Amma...

Son vaxtlara qədər azərbaycanlıların leksikonunda ən işlək söz birləşməsi «keçid dövrü» kəlməsi idi. Rastlaşdıqları çətinliklərə, yaşadıqları ağır məhrumiyyətlərə bəraət qazandırmaq, əhvallarını yüngünləşdirmək üçün hamı bir problemlə üzləşəndə «keçid dövrüdür» - deyib köks ötürürdü. Başqa ölkələrin təcrübəsinə üz tutulurdu. «Bu keçid dövrü görən nə vaxt bitəcək?» sualına biri «on il», digəri «iyirmi il» - deyə cavab verirdi. Amma budur, bu məsələyə də nöqtə qoyuldu. İlham Əliyev bu yaxınlarda bildirdi ki, Azərbaycanda artıq keçid dövrü bitib. Adam bilmir buna sevinsin, yoxsa kədərlənsin? Hər halda bu məsələnin üzərində dayanmağa dəyər.

KEÇİD DÖVRÜ, ÜMİD DÖVRÜ

Çətinliyin müvvəqqəti olduğunu düşünəndə o, bir qədər yüngülləşir. Keçid dövrü bu baxımdan həm də ümid dövrü idi. Hamı güman edirdi ki, bu labüd proses bitəndən sonra hər şey öz yoluna qoyulacaq, çətini bir sistemdən o birisinə, bir dəyərlər toplusundan başqasına keçmək, ən başlıcası isə bu yoldakı məhrumiyyətlərə dözmək lazımdır. Bu aspektdən yanaşanda keçid dövrü həm də böyük sosial yalan dövrü idi. Heç kim bilmirdi ki, keçid dövrü ona hansı aqibət hazırlayır, heç kim güman etmirdi ki, keçid dövrü bizləri yaxınlaşdırmır, əksinə aramızdakı fərqləri artırır. Bütün bunlar hamıya yuxu kimi görünürdü. Bərabərlik hissi o qədər güclü idi ki, insanlar bərabərsizlik görən kimi bunu dərhal keçid dövrünün adına yazırdı. İşsiz düşünürdü ki, çətini bir az dözməkdir, bu proses bitən kimi o da iş tapacaq. Daha heç düşünmürdü ki, əks proses baş verəcək, onun kimi işsizlərin sayı minlərlə olacaq. Yoxsullar daha da yoxsullaşacaqlarını ağıllarına belə gətirmirdilər.
Bəlkə də varlılar da bu qədər varlanacaqlarına, ağlagəlməz sərvət sahibi olacaqlarına inanmırdılar. Amma bu baş verdi və indi bu münasibətlə hamını təbrik etmək olar. Daha sosial yalanlar, ümidlər olmayacaq. Hər şeyi necə varsa, elə də qəbul edəcəyik.

BƏS SİYASƏT?

Keçid dövrünün bir anlamı da siyasətlə bağlı idi. Bununla bağlı da böyük ümidlər yaşanırdı. «Sakit olun və dözün, dövlət yaranır!» - deyirdilər. Biz də dözdük. Amma başqa dövlət yarandı. Bu dövlətdə demokratiyaya, söz azadlığına, sərbəst toplaşmaq hüququna, azad seçkiyə yer tapılmadı. Biz bunu duyanda artıq gec idi, dövlət yaranıb qurtarmışdı. Bəziləri hələ də ümid edirlər. Bunlar siyasi əqidəsinə görə təqib olunanlar, siyasi məhbuslar, bir sözlə, demokratiya istəyənlər və umanlardır. Onlar hələ də gözləyir, ümid edirlər. Keçid dövrü hələ onlar üçün bitməyib. Maraqlıdır. Hətta əcnəbilər də bu detalı tutublar. Avropa Şurasının da giley-güzarının içində bu sözlər də var: « iqtisadi inkişaf yaxşıdır, amma...». Amma nə? Bu haqda danışanda Avropa Şurasının da dili topuq vurur. Söhbət isə elə əvvəlki söhbətdir. Bəli, siyasi məhbuslar, azad seçki, azad mətbuat, siyasi plüralizm. Bunlar da nə vaxtsa olmalıdır. Amma deyəsən bu dəfə sosial yalan kənardan gəlir. Dövlət rəsmiləri keçidin bu tərəfi haqda danışmırlar.
Onlar üçün belə keçid, belə tərəf yoxdur...