Avrokomissiyadan qrantlanan hökumət

Avropa Komissiyasının qrantının 6 layihəyə xərclənməsi planlaşdırılır

Azərbaycanda xarici təşkilatların vətəndaş cəmiyyətinə qrant layihələri çərçivəsində maliyyə vəsaitinin ayırmasına hökumətin münasibətinin necə olması artıq çoxdandır ki, sirr deyil – buna nəinki müxtəlif səviyyələrdə arzuolunmaz (daha dəqiq desək, mənfi) hal kimi baxılır, bəzi hallarda bundan yararlananlara «Qərbdəki havadarlarına züy tutanlar» dalğası belə vurulur.

HÖKUMƏT ENERJİ SEKTORU ÜÇÜN QRANT ALIB

Ancaq bu ilin əvvəllərində Qərbdəki rəsmi mənbələrinin yaydığı məlumatına görə, Avropa Komissiyası (Avropa İttifaqının strukturu) enerji sektorunda islahatlar proqramına dəstək üçün Azərbaycan hökumətinə cari ildə 13 milyon avro vəsait ayırıb. Rəsmi məlumata görə, bu vəsait qrant müqaviləsi çərçivəsində Azərbaycan tərəfinə verilib və hələ ötən ilin dekabrında Azərbaycan hökuməti bu qrantın layihələr üzrə istifadəsi planını da təsdiq edib.

Avropa Komissiyasının qrantının 6 layihəyə xərclənməsi planlaşdırılır:

- alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə planın hazırlanması üçün (5 milyon avro – məsul orqan: Sənaye və energetika nazirliyi );

- energetika sahəsində Müstəqil Tənzimləmə Agentliyinin yaradılması üçün Texniki İqtisadi Əsaslandırmanın hazırlanması (5.45 milyon avro – Nazirlər Kabineti).

- «Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və elektrik enerjisindən səmərəli istifadə» layihəsinin icrası üçün (1 milyon avro - Sənaye və energetika nazirliyi);

- «Energetika sektorunda dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsinə kömək» layihəsinin icrası üçün (1 milyon avro – Maliyyə nazirliyi).

- «Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi» layihəsinin həyata keçirilməsi üçün (250 min avro – Dövlət Statistika Komitəsi).

- «Texniki kömək və təchizat üzrə layihələrin tender sənədləşməsinin işlənməsi» layihəsinin həyata keçirilməsi üçün (300 min avro - Nazirlər Kabineti).

NƏ YOĞURDUM, NƏ YAPDIM, SADƏCƏ QRANT ALDIM

Göründüyü kimi, Artur Rəsizadənin başçılıq etdiyi hökumət təkcə iqtisadiyyatın 1 sahəsi üzrə rəsmi Brüsseldən 13 milyon avroluq qrant alıb və ölkə daxilində səs-səmirsiz onları hətta maraqlı qurumlar arasında da bölüşdürüb. Bəs görəsən, Azərbaycan hökuməti ümumilikdə cari il üçün nə qədər qrant alıb? Və Azərbaycanın müstəqilliyi illərində hökumətə verilən bu qrant layihələrinin cəmi neçə yüz milyonlarla vəsait təşkil edib? Məncə hökumət Qərbin vətəndaş cəmiyyətinə ayırdığı kiçik həcmli qrantlara ona görə mənfi münasibət bəsləyir ki, burada hələ ki, monopoliya yaradılmayıb. Ancaq uzun illər monopoliyaya adətkərdə etmiş hökumət üçün bu normal bir prosesdir, ona görə keçək əsas məsələyə.

Azərbaycan hökuməti bu qrant layihələrini həyata keçirmək üçün hansı öhdəlikləri götürüb? Daha doğrusu, layihələrin müddəti başa çatandan sonra Artur Rəsizadə hökumətində hansı dəyişikləri müşahidə edəcəyik (cəmiyyət olmasa da, heç olmasa Avropadan bunun konturları görünəcəkmi) və ümumiyyətlə, Avropa Komissiyasına nəticə etibarilə nə təqdim ediləcək? Təəssüf ki, bu haqda heç bir məlumatım yoxdur.

Mənim üçün maraq təşkil edən bu vəsaitlərin həcmlərinin nədən bu qədər böyük olmasıdır. Məsələn, mən ötən ilin noyabrında Budapeştdə Avropa Birliyinin INOGATE proqramı çərçivəsində Müstəqil Tənzimləmə Agentliklərinin fəaliyyətinə dair seminarda iştirak etmişəm və nəinki 27 Avropa Birliyi ölkəsi, hətta bu sahədə keçmiş Sovetlər Birliyində vəziyyətlə bağlı 32 saatlıq kurs keçmişəm. 12 ölkədən 35 nəfərin qatıldığı bu tədbirin büdcəsi heç 100 min avro deyildi. Ancaq verilən baza məlumatları kifayət qədər idi və onları təqdim edənlər bu sahədə Avropa Komissiyasında minimum 10 illik təcrübəyə malik mütəxəssislər idilər. Azərbaycanda isə faktiki olaraq bunun nəzəriyyəsi üzərində iş aparılacaq və buna görə 5,45 milyon avro vəsait xərclənəcək. Deyəsən, Azərbaycanda yenə də analoqu olmayan nəsə yaradacaqlar.

O ki, qaldı bu sahə ilə bağlı ətrafımızdakı vəziyyətə, onu deyə bilərəm ki, ən acınacaqlı vəziyyət Türkmənistanda (onların həqiqətən analoqu yoxdur – hətta Ümumi daxili məhsulun artım səviyyəsinə görə 2009-cu ilin yekunlarına görə Azərbaycanı geridə qoyaraq 11% nəticə göstəriblər), sonra isə Azərbaycandadır.

XALQA XİDMƏT EDƏN TARİF ŞURASI NECƏ OLMALIDIR?


Çünki bizdəki Tarif Şurası Avropa Birliyinin Müstəqil Tənzimləmə Agentlikləri ilə bağlı əksər kriteriyalara (dəyərlərə) cavab vermir. Nəyə görə?

- bu orqan ilk növbədə müstəqil olmalıdır, yəni icra strukturlarından asılılığı olmamalıdır;

- dövlət büdcəsindən maliyyələşməlidir və onun xərcləri parlamentdə ayrıca maddə ilə təsdiq edilməlidir;

- bu orqanın rəhbəri seçki yolu (3 və ya 5 il müddətinə) ilə müəyyənləşməli və o, parlament qarşısında hesabat verməlidir;

- bu orqanın özünün professional ekspertləri və laboratoriyaları olmalıdır, əks təqdirdə hansısa sahədə qiymət tənzimlənməsinə rəyi vermək üçün tender yolu ilə beynəlxalq təcrübəyə malik qurumlar dəvət edilməlidir;

- tariflərlə bağlı qərar yalnız kollegial qaydada qərar qəbul edildikdən sonra çıxarılmalıdır;

- çıxarılan qərarla bağlı məsələ yalnız məhkəmə yolu ilə dəyişdirilə bilər.

Göründüyü kimi, Azərbaycanda fəaliyyətdə olan Tarif Şurası əslində fəaliyyətsiz bir orqandır və yalnız yuxarıdan verilən göstərişlərin təsdiqləyicisi rolunda çıxış edir. Ona görə də ölkə vətəndaşları hökumətin nəqliyyatda, rabitədə, enerji daşıyıcılarında və kommunal təsərrüfatda müəyyən dövrdən bir təyin etdiyi qiymətlərin ədalətliliyinə şübhə ilə yanaşır və ümumiyyətlə, hökumətin onların «cibinə girmək» niyyətində olduğunu güman edirlər. Məsələn yada salın ki, vaxtı ilə Azərbaycanda qazın qiymətinin 2 dəfədən də çox bahalaşmasını bir nəfər məmur xalqın anlaya biləcəyi şəkildə izah edə bilmədi. «Azəriqaz» rəsmiləri isə verdikləri izahatla sadəcə özlərini gülünc vəziyyətdə qoydular (plan-iqtisad idarəsinin rəisi AzTV ilə xalqı inandırmağa çalışırdı ki, qazın nəqli 20-30 manata başa gəlir, sonra məlum oldu ki, Türkiyə Azərbaycan qazını daşımaq üçün $2.36 qədər vəsait istəyir).

Bu kimi halların gündəmə gəlməsi isə sivil ölkələrdə hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı inamsızlıq və son nəticədə inkişafın əngəllənməsi deməkdir.

Sözügedən qrant məsələsində mənə maraqlı gələn bir şey də o oldu ki, ölkə rəhbərliyi bir-neçə dəfə dilə gətirib ki, Azərbaycanın heç bir ölkədən iqtisadi asılacağı yoxdur. Onda nədən Qərbdən qrant almağa razılaşırlar. Özü də iqtisadi imkanları ildən-ilə genişlənən hökumət üçün. Axı bu hökumət özü yerli qeyri-hökumət təşkilatlarına qrant verməyə başlayıb.

Nə isə qəliz məsələdir… Əsas məsələ odur ki, 2010-cu ildə hökumətimizin Tarif Şurası kimi razı sala biləcək qərarlar qəbul edəcək?