«Aciz» prezident...

Prezident Yuşşenkonun seçki kampaniyası zamanı nitqi, Kiyev, 15 yanvar 2010

Bəzən eyni hadisəni müxtəlif cür yozmaq olur. Burada insanların həyat təcrübəsi, dünyagörüşü və əqidəsi mühüm rol oynayır və istər-istəməz nisbilik özünü təzahür etdirir. Əslində hər şey çox sadədir, bizim və sizin məntiq, bizim və sizin həqiqət olmur. Həqiqət birdir, amma nə edəsən ki, artıq qeyd etdiyimiz kimi, insanlar bir deyil.

İnsanların eyni cür olmaması tək bir hadisəyə – Ukraynadakı seçkilərə münasibətdə özünü təzahür etdirdi. Standart bir olay, yəni seçki və onun nəticəsi müxtəlif insanların nəzərində müxtəlif cür çözüldü, çünki biz gözümüzü açıb başqa seçki görmüşük, hətta inanmırıq ki, başqa ölkələrdə seçki başqa cür ola bilər.

BELƏ ASANLIQLA HAKİMİYYƏTİ VERMƏK OLARMI?

Nədir bizim insanları təəccübləndirən? Hər şeydən əvvəl indiki prezident V. Yuşşenkonun davranışı bizim insanları təəccübləndirdi. Necə ola bilər ki, hakimiyyətdə olasan, bütün hakimiyyət rıçaqları və resursları sənin əlində ola, ancaq belə asanlıqla seçkini uduzasan? Axı bizim insanlar tamam başqa seçkilər görüblər, artıq aksiom halını alıb ki, kim hakimiyyətdə olursa seçkini də o udur. Biz azərbaycanlıların yaddaşında 1991-ci ilin, 1998-ci ilin, 2003-cü ilin prezident seçkiləri qalıb. 1998-ci ilin prezident seçkisinin protokolları hələ də çap olunmayıb!.. Buna görə insanları qınamağa dəyməz. Z. Freyd deyirdi ki, insanların davranışı uşaqlıqda topladıqları təcrübədən asılıdır. Nə etmək olar ki, bizim təcrübədə də ancaq 99 faizlik seçkilər olub.

HƏTTA SİYASƏTÇİLƏR BUNA TƏƏCCÜB EDİR

Nəinki adi insanları, hətta siyasətçiləri də Ukrayna olayları təəccübləndirir. Kimisi V. Yuşşenkonu aciz hesab edir, kimisi də deyir ki, gərək o, narıncı inqilabın məqsədləri xatirinə hakimiyyətdə qalaydı. Yuşşenkonu aciz insan hesab etmək olarmı? Zənnimizcə, belə deyil. Aciz adam hakimiyyətdən dörd əllə yapışardı, amma o, özündə güc tapıb məğlubiyyətini etiraf etdi. Digər mövqeyə gəldikdə isə demək lazımdır ki, bu mövqenin də daşıyıcıları yanlışlığa yol verirlər. Düzdür, N. Makiavelli deyirdi ki, «məqsəd vasitəyə bəraət qazandırır». Amma narıncı inqilabın məqsədi nə idi? Məgər narıncı inqilabın məqsədi ölkədə demokratik atmosfer yaratmaq deyildimi?

Göründüyü kimi, bir çox məsələlərə baxışda onların və bizim məntiqimiz fərqlənir. Etiraf etmək lazımdır ki, Ukraynadakı seçki hələ də Rusiyanın siyasi orbitindən qurtula bilməyən respublikalar üçün böyük yenilik idi. Elə bu səbəbdən, adam böyük əminliklə yazmağa çətinlik çəkir, çünki ehtiyat edirsən ki, birdən vəziyyət dəyişə bilər. Hətta Gürcüstanda belə seçki olmamışdı.

Burada eləcə də bir nisgilli detalı qeyd etmək vacibdir. Qızılgül və narıncı inqilablara böyük ümidlər bəslənirdi. Düzdür, bu ümidlər özünü qismən doğrultdu. Ukraynada demokratiya var. Bunu seçki təsdiq etdi və heç kim bunu inkar edə bilməz. Amma bir detal da var.

UDUZAN HƏM DƏ QƏRB ÖLKƏLƏRİDİR

Nə Ukrayna, nə də Gürcüstan NATO-ya qəbul edilmədi. Avropa Birliyi qapılarını onların üzünə açmadı. Etiraf etmək lazımdır ki, V. Yuşşenko hakimiyyətə Qərbə böyük inamla gəlmişdi. Amma bu inam özünü doğrultmadı. Çox güman ki, V. Yanukoviç hakimiyyətə gəlsə yenidən ölkənin istiqaməti Rusiya tərəfə dönəcək. Amma bu hələ gələcəkdir. Qarşıdan isə prezident seçkisinin ikinci turu gəlir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.