Parlament seçkisi indidən fikirləri haçalayır

Milli Məclis

Eyni bir hal dəfələrlə təkrarlanırsa artıq bu, təsadüf deyil, qanunauyğunluq kimi qiymətləndirilir. Ölkə seçkilərdən birini lap bu yaxınlarda başa vurub. Onun nəticələrini təhlil edərək növbəti seçki haqqında fikir söyləmək mümkündür. Amma bu vəziyyətdən çıxış yolu deyil. Azərbaycanda seçki necə keçirilir, hansı şərait hökm sürür, bunu hamı bilir. Hətta beynəlxalq sənədlərdə dəfələrlə qeyd olunub ki, azərbaycanlıların öz hakimiyyətini seçki yolu ilə dəyişmək imkanları məhduddur. Elə bu səbəbdən siyasi oyun qaydaları elədir ki, vasitələri seçmək deyil, sadəcə onları qəbul etmək lazım gəlir. Bu sözləri bu il baş tutacaq parlament seçkisi haqqında da demək mümkündür. 2010-cu ildə keçiriləcək parlament seçkisi ölkədə iki-üç il seçkisiz keçəcək vaxtın ərəfəsidir. Bəlkə də onun əhəmiyyəti elə bundadır.

Təsadüfi deyil ki, artıq müxalifət liderləri gələcək parlament seçkisi haqda fikirlər söyləyirlər. Ən maraqlısı budur ki, bu fikirlər müxtəlifdir və artıq indidən bu ilin sonunda baş tutacaq parlament seçkisi ilə bağlı onlar hiss olunacaq dərəcədə fərqlidir.

HƏTTA «AZADLIQ» BLOKU FƏRQLİ FİKİRLƏR SƏSLƏNDİRİR

Bu yaxınlarda AXCP sədri Əli Kərimli mətbuatda dərc olunmuş fikirlərində parlament seçkisinin çox ciddi şəkildə keçəcəyini bildirmişdi. AXCP lideri belə hesab edir ki, seçkidə mürəkkəb vəziyyət yaranacaq və gərgin mübarizə olacaq. Amma «Azadlıq» blokunun digər təmsilçisi Lalə – Şövkət Hacıyeva parlament seçkisində iştirak etməyəcəyini deyib. Göründüyü kimi seçkiyə hələ xeyli müddət qalsa da hətta bir blok daxilində yekdil rəy yoxdur. Düzdür, prosesin gedişində bu fikirlər dəyişə bilər və belə halı istisna etmək olmaz.

SEÇKİDƏ İŞTİRAK ETMƏK NƏ ÜÇÜN LAZIMDIR?

Qarşıdan çox çətin seçim gəlir. Parlament seçkisində iştirak etməməyin nəticələri haqda və yaxud iştirak edib kəskin azlıq şəklində parlamentə qatılmağın aqibəti barədə indidən aydın fikirlər səsləndirmək mümkündür.

Təkcə deputat Pənah Hüseynin timsalında 2010-cu ildə müxalifətə hansı rol hazırlandığını proqnozlaşdırmaq mümkündür. Amma seçkidə iştirak etməyin bir üstünlüyü var. Hər bir seçki hakimiyyəti bir qədər silkələyir.

Üstəlik, müxalifət liderlərinin başqa seçimi də yoxdur. İndi onlar partiya liderləri kimi yox, adi dissident kimi fəaliyyət göstərirlər. Siyasi həyata və mübarizəyə isə siyasi partiyalar lazımdır. Siyasi partiyalarsız mübarizə çox sönük görünür. Həm də mübarizə aparmamaq mövcud vəziyyətlə barışmaq deməkdir. Müxalifəti belə bir fikir narahat edir ki, nəticəsiz mübarizə cəmiyyəti yorur, onu bezikdirir. Amma belə deyil. Cəmiyyət özü hansı şəraitdə və necə mübarizə aparıldığını gözəl bilir. Üstəlik, daha bir qorxulu tendensiya var. 2010-cu il parlament seçkisi 2013-cü ildə keçiriləcək prezident seçkisinin ərəfəsidir. Bununla bağlı isə YAP-ın xüsusi arzuları var.

SEÇKİ BİR İNSTİTUT KİMİ SIRADAN ÇIXIR

Seçkini institut kimi sıradan çıxarmaq, seçkiyə hakimiyyət formalaşdıran bir sistem kimi inamı öldürmək, onları sovetlər vaxtında keçirilən seçki vəziyyətinə gətirib çıxarmaq, ölkədə faktiki olaraq təkpartiyalı siyasi sistem formalaşdırmaq YAP-ın ən böyük arzusudur. Onlar açıq şəkildə bildirirlər ki, biz seçki ilə yaşaya bilmərik. Etiraf etmək lazımdır ki, hər seçkidən sonra YAP bu arzusuna yaxınlaşır. Ən azı buna görə seçkidə iştirak etməyə dəyər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.