Tarixin «Azadlıq»ı, azadlığın tarixi

«Azadlıq» haqqında düşünəndə iki söz birləşməsi düşür yada: « tarixin «azadlıq»ı və «azadlığın tarixi»

«Azadlıq» qəzetinin də iyirmi yaşı tamam oldu. Qəzet artıq yaşı ilə öyünə bilər. Azərbaycan gerçəkliyində iyirmi il fəaliyyət göstərə bilmək bəlkə də normal şəraitdə yüz il fəaliyyət göstərməyə bərabərdir. «Azadlıq» haqqında düşünəndə iki söz birləşməsi düşür yada: «tarixin «Azadlıq»ı və «azadlığın tarixi». Azadlıq qəzetinin timsalında bu iki söz birləşməsi arasında bərabər işarəsi yazmaq olar, çünki azadlığın tarixi elə tarixin «Azadlığı»nın ömrü qədərdir.

AZAD SÖZÜN ÜNVANI

Bu yaxınlarda hansısa qəzetdə oxudum ki, İlham Əliyev Xəqani-33-ə yeni binanın açılışına gəlib. «Azadlıq» qəzeti vaxtilə həmin ünvanda fəaliyyət göstərirdi. Mən bilmirəm İlham Əliyev hansı hissləri keçirib, ancaq mən bu xəbərdən xeyli bikef oldum. Görünür, tarixə uyğunlaşa bilməyənlər, tarixi özlərinə uyğunlaşdırmağa çalışırlar. Hələlik, bu alınır. Amma nə vaxta qədər alınacaq, bunu bilmirəm. Tarixin də şıltaqlığı var axı!..

«Azadlığ»ın ünvanı həmişə azad sözün ünvanı olub. Yarandığı 20 il ərzində «Azadlıq» cəmi bir il müxalifətdə olmayıb. Amma həmin bir il ərzində o, elə fəaliyyət göstərib ki, müxalif qəzetlər ondan nümunə götürüblər. Bu qəzetdə öyünüləsi və öyrəniləsi çox şey var. İndi hiss olunur ki, «Azadlıq» çox çətin vəziyyətdə ərsəyə gəlir. Qəzetin maddi bazası demək olar ki, yox dərəcəsindədir. Jurnalistlər çox çətinlik çəkirlər. Müəlliflərin yazı dövrü çox az – altı ay və yaxud bir olur. Bütün bunlar çətinliklərin nəticəsidir. Amma qəzet sınmır. Baş redaktor həbs olunanda yəqin güman edirdilər ki, qəzetin fəaliyyəti dayanacaq. Amma belə olmadı, qəzet bəlkə də əvvəlkindən də sanballı şəkildə fəaliyyətini davam etdirir.

MƏTBUATIN KOLUMBU

«Azadlıq» indi məchul istiqamətdə üzən gəmiyə bənzəyir. Nə vaxtsa o «torpaq» deyə qışqıra biləcək. Nədənsə mənə elə gəlir ki, bu xoşbəxtlik məhz ona qismət olacaq, çünki o, bu yolu gedir və Tanrı da bunu görür.

Tanrı əqidə yolunda çarpışanları həmişə mükafatlandırır. Bəlkə də lirik tərzi davam etdirmək olardı. Amma buna lüzum yoxdur. Lirikaya vardıqca biz kövrəkləşirik, həyat isə başqa davranış tərzi tələb edir.

Azərbaycanda media bəzən informasiya işi ilə yanaşı siyasi partiyaların, QHT-lərin funksiyasını da yerinə yetirməli olur. Burada jurnalistin böyük missiyası var. Demokratik dövlətlərdə «missiya» kəlməsini sevmirlər, buna ehtiyac görmürlər. Amma qeyri-demokratik ölkələrdə fərqli situasiya hökm sürür. Demokratik ölkələrdə heç kimdən fədakarlıq tələb olunmur, sadəcə hamı öz borcunu yerinə yetirməli və qanun çərçivəsində yaşamalıdır. Qeyri-demokratik ölkələr isə fədakarlığa çox ehtiyac duyur, vəziyyəti azacıq dəyişmək üçün böyük əmək tələb olunur. Bunu «Azadlıq»ın timsalında görmək və duymaq mümkündür.

Bu qəzet sanki hər gün «davaya» gedir: məmurlarla davaya, bizim azadlığımızı məhdudlaşdıranlarla davaya, öz azadlığına biganə olanlarla davaya...Hər gün, hər saat. Və beləcə düz iyirmi il!..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.