Ötən ilin həyəcanı

Prezident İlham Əliyev 18 mart referendumunda səs verir

Artıq il yekunlaşmaq üzrədir. Hətta ən qeyri-əlamətdar günlərin belə öz yekunu olur. Bir də ki, illərə siyasi və sosial məzmun verən heç də təbiət olmur, bunu insanlar edir. Əgər insanlar özləri nəyisə dəyişməyə cəhd etmirlərsə, buna görə illəri qınamağa dəyməz.

Ötüşməkdə olan ildə daxili siyasətə nəzər salsaq, ən yadda qalan hadisə prezident seçkisi üçün iki dəfəlik məhdudiyyətin götürülməsi oldu. Güman etmək olardı ki, bu hadisə insanları müəyyən qədər hərəkətə gətirəcək. Amma belə olmadı. Nəinki adi insanlar, hətta müxalifət liderləri belə «Nə olsun ki? Onsuz da seçki qalır» - deyib öz guşələrinə çəkildilər...Ona görə də daxili siyasətdən danışmağa dəyməz. Yaxşısı xarici siyasətdir. Bəlkə də ona görə ki, xarici siyasətdə biz fəal iştirakçı olmuruq, əks təqdirdə ona da darıxdırıcı məzmun verərdik.

Beləliklə, xarici siyasətdə bu il yadda qalan, insanları həyəcanlandıran, azacıq da olsa düşündürən nə baş verdi?

AH, SÜRİX, SÜRİX...

Sürix protokolunun imzalanması
Xarici siyasətdə bu il ən yadda qalan hadisə şübhəsiz ki, Sürixdə Türkiyə və Ermənistan arasında imzalanan protokollar oldu. Bu hadisənin fonunda Azərbaycan böyük siyasi həyəcan yaşadı. Hətta belə zənn edildi ki, ölkə artıq özünün ən yaxın müttəfiqi olan Türkiyəni itirib.

Türkiyə rəsmiləri dəfələrlə bəyan etdilər ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymasa, bu protokollar parlamentdə ratifikasiya edilməyəcək. Amma ortalıqda bir inamsızlıq var idi. Məşhur futbol matçında Azərbaycan bayrağına göstərilən hörmətsizlik bu inamsızlığı bir az da artırdı. Amma ruslar demişkən, bədbəxtlik olmasaydı, xoşbəxtlik də olmayacaqdı. Sonda hər şey öz yerini tutdu. İndi Ermənistan Türkiyəni protokolları ratifikasiya etməməkdə, onunla normal münasibətlər qurmamaqda ittiham edir. Amma artıq qatar keçib. Ötən qatarın ardınca qaçmağa dəyməz.

QARABAĞ PROBLEMİ BİR AZ DA AKTUALLAŞDI

Nə qədər qəribə olsa da, Sürix prosesi Qarabağ problemini hətta bir az da aktuallaşdırdı. Ermənistan əvvəlcə bu prosesdən çox yanlış nəticə çıxardı, danışıqlarda öz mövqeyini sərtləşdirərək yenidən sülh prosesinin lap əvvəlində müzakirə olunan məsələlərə qayıtdı. Nəticədə prezidentlərin görüşündə heç nə əldə olunmadı. Amma Ermənistanın Sürix prosesi ilə bağlı gəldiyi qənaət sonda özünü doğrultmadı. Ermənistan belə güman edirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri soyuda biləcək.


Ancaq bu güman da özünü doğrultmadı. Hər şey əksinə baş verdi. Qarabağ problemi bir az da aktuallaşdı. Türkiyənin Baş naziri R.T. Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşündə Qarabağ probleminə də toxundu və Türkiyə-Ermənistan münasibətlərinin Ermənistan-Azərbaycan münasibətlərindən asılı olduğunu bildirdi. Türkiyənin Baş naziri birmənalı şəkildə bildirdi ki, əgər Dağlıq Qarabağ problemini həll etsəniz, onda Türkiyə – Ermənistan münasibətlərini də normallaşdıra bilərsiniz.

İndi həyəcanlı anlar arxadadır. Amma aydındır ki, artıq bu ili də Qarabağ probleminin nəticəsiz «zaman aktivi»nə yazmaq lazım gələcək. Daha bir il də nəticəsiz yekunlaşdı. Ümid növbəti ilə qaldı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.