Reket mərəzinə təkcə jurnalistlər tutulubmu?

Nitşe yazırdı ki, bəzən hansısa mərəzə fərdlər deyil, bütöv millət düçar olur. Korrupsiya, rüşvətxorluq haqqında düşünürkən filosofun bu sözlərini yada salmamaq qeyri – mümkündür.

Elə hey eşidirsən ki, «reket junnalistikası belə oldu», «reket jurnalistikası filan oldu», «Mətbuat Şurası reket qəzetlərin siyahısını hazırlayıb». Bütün bunları eşidərkən istər-istəməz içində bir etiraz dalğası oyanır. Ona görə yox ki, biz reket jurnalistikasını müdafiə edirik. Yox, belə fikrimiz yoxdur və hesab edirik ki, reket jurnalistikası bütün qınaqlara layiqdir. Sadəcə məsələnin başqa tərəfi var. İndi biz Sokrat kimi günün günorta çağı əlimizdə işıq rüşvət alıb-verməyən azərbaycanlı axtarırıq.

Reket jurnalistikası haqqında hamı danışır. Amma xəstənin sonuncu qəpiyini onun əlindən alan həkimlər haqqında heç kim danışmır. Uşaqlardan min bir üsul ilə pul qoparan müəllim və direktorlar haqqında heç kim danışmır. İnsanları bezdirən rüşvətxor dövlət məmurları haqqında heç kim danışmır. Əgər danışırlarsa da heç kim demir ki, bütün həkimlər, müəllimlər, məmurlar belədir. Amma jurnalistlərə gəldikdə isə hamı bir ağızdan elə eyni bir fikri deyir: «bunların hamısı belədir, hamısı reketlə məşğul olurlar»...

AZƏRBAYCAN REALLIĞININ BİR XÜSUSİYYƏTİ

Azərbaycanda ənənəvi mənada başadüşülən reket yoxdur. Başqa ölkələrdə olduğu ki, burada hansısa «reket bosslarına» rast gəlməzsiniz. Amma bunun əvəzində dövlət məmurları və hüquq-mühafizə orqanlarının nümayəndələri var. Reketlərin funksiyalarını onlar yerinə yetirirlər. Heç bir adam deyə bilməz ki, hansısa işin müqabilində ondan rüşvət almadılar və yaxud bir işi görmək üçün ondan ən azı «şirinlik» istəmədilər. Bunsuz mümkün deyil. Bu da Azərbaycan gerçəkliyinin özünəməxsusluğudur.

Reket jurnalistikası da belə bir mühitdə yaranır, həm də belə münasibətlərin təzahürü kimi özünü büruzə verir. Əgər həyatın bütün sferalarını əhatə edən total rüşvətxorluq içində reket jurnalistikası olmasaydı bu, çox təəccüblü görünərdi. Reket jurnalistikasını qidalandıran suçlu məmurlardır. Bu məmurların suçu olmasaydı onlar reketlə məşğul olan jurnalistlərə «haqq» verməzdilər.

MƏTBUAT ŞURASI REKET JURNALİSTİKASINA QALİB GƏLƏ BİLƏCƏKMİ?

Nəzərə almaq lazımdır ki, reketlə məşğul olan qəzetlərin hamısı aztirajlı, ayda-ildə bir dəfə nəşr olunan kiçik qəzetlərdir. Yəni bunların arxasında güclü ictimai rəy dayanmır. Hətta belə bir şərait məmurları xilas edə bilmir.

Onlar reket jurnalistlərini «qidalandırmaq»da davam edirlər, çünki suçları böyükdür.

Güman etmirik, çünki bunun üçün münbit şərait yoxdur. Ola bilsin, hansısa qəzet sıradan çıxsın. Amma bu, reket jurnalistikasının aradan çıxmasına səbəb olmayacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.