Ümidlə yaşayanlar…

Prezident İlham Əliyev Goranboyda məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında, 20 noyabr 2009

Bu ölkədə hələ də ümidlə yaşayanlar var. İlham Əliyev ümid edir ki, Ermənistan nə vaxtsa insafa gələrək Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları tərk edəcək, o da bunu böyük qələbə kimi təqdim edəcək. Oqtay Əsədov ümid edir ki, növbəti parlament seçkisindən sonra da təkrar olaraq Milli Məclisə sədr seçiləcək. Artur Rasizadə ümid edir ki, nə vaxtsa Azərbaycan dilində səlis danışmağı öyrənəcək. Səfər Əbiyev ümid edir ki, hələ uzun müddət Azərbaycan NATO-nun tövsiyələrinə əməl etməyəcək və elə bu səbəbdən də o mülki şəxslə əvəz olunmayacaq... Beləcə sıranı davam etdirmək olar. Amma buna ehtiyac yoxdur, çünki «yuxarı»ların ümid və arzuları sərhədsizdir. Bizi «aşağı təbəqə», yəni cəmiyyət düşündürür. Bəs cəmiyyət nəyə ümid edir?

CƏMİYYƏT MÜHAFİZƏKARLAŞIR

Cəmiyyət səviyyəsində vəziyyət qəlizdir. Hamı öz ailəsinə və onun problemlərinə qapılıb. Ümid də, arzu da ancaq məişət xarakteri daşıyır.

Əsl «atomistik» cəmiyyət yaranıb. Cəmiyyətlə hakimiyyətlə uzlaşmır. Hakimiyyətin məşğuliyyəti qaydaları getdikcə sərtləşdirməkdir. Cəmiyyətin problemi isə bu qaydalara adaptasiya olunmaqdır. Elə buradan da yeni çalarlı mühafizəkarlıq yaranır. Bir hakimiyyətin qaydalarına uyğunlaşmış cəmiyyət onların yeniləşməsini arzulamır, mövcud qaydalarla yaşamaq istəyir. İctimai məzmun kəsb edən heç bir ideya cəmiyyəti yetərincə düşündürmür. Hətta biri-birinin ardınca sıralanan seçkilər belə cəmiyyəti oyatmaq gücündə deyil. İnsanlar sanki azadlıqdan birdəfəlik imtina ediblər.

Əcnəbi ədəbiyyatda buna «azadlıqdan qaçış» deyirlər. Sabitlik arzusu hər şeyi üstələyib. Maraqlıdır ki, sözlə əməl arasında ziddiyyət yalnız hakimiyyət səviyyəsində müşahidə olunmur. Cəmiyyət də ikili ifadə tərzinə aludə olub, ekran qarşısında bir söz deyirlər, təklikdə tamam başqa. Orta statistik azərbaycanlı sovet rejimi vaxtında olduğu kimi ictimai mənada ikili həyat yaşayır. Buna da şəxsiyyətin ikiləşməsi və yaxud haçalanması deyirlər. Göydələnlər çoxaldıqca sanki insanlar kiçilir. Bakı ilə bakılılar arasında təzad var. Böyük və yöndəmsiz körpülər, binaların lap həyətində ucaldılan göydələnlər insanları daha çox öz həyatlarına qapılmağa vadar edir. Orta statistik azərbaycanlının gələcək planları və «futuroloji» düşüncələri ancaq məişət problemlərini əhatə edir.

İncəsənət adamları tamaşa zallarının boşluğundan, kitabxana işçiləri və ədəbiyyat adamları oxucuların azlığından, müxalifət isə cəmiyyətin passivliyindən gileylənir.

PAT VƏZİYYƏTİ NƏ QƏDƏR DAVAM EDƏ BİLƏR?

Nə qədər ki, dəyişiklik xofu var, dəyişiklik olmayacaq. Amma hazırkı ictimai vəziyyətdən də qəliz bir durum təsəvvür etmək çətindir.

Heç olmasa buna görə dəyişikliklərdən qorxmaq lazım deyil. Nə qədər ki, dəyişikliklərdən qorxacağıq, heç bir problem həll olunmayacaq.

İnsanları çəkindirən həm də qonşu demokratiyaların təcrübəsidir. Hamı Ukraynadan və Gürcüstandan misal gətirməyi sevir. Amma nəzərə almaq lazımdır ki, bu iki ölkənin heç biri Azərbaycan kimi resurslara malik deyil.

Azərbaycanın böyük potensialı var. Amma təəssüf ki, bu hakimiyyət ondan səmərəli istifadə etmək niyyətində deyil. Hər şey, hətta xarici iqtisadi əlaqələr belə hakimiyyətin güclənməsinə yönəldilir.

Amma tarix heç bir şəxsiyyətin, heç bir siyasi qüvvənin daimi hakimiyyətini tanımır. On illərlə hakimiyyətdə olan siyasi partiyalar, ömürlük hakimlər və hətta hakim dinastiyalar olub, amma bu hakimiyyətlərin demokratiya ilə heç bir əlaqəsi olmayıb.

Elə bu səbəbdən ümidlə yaşayanlar bir partiyanın nümayəndələridir. Böyük sərvətə və imtiyazlara malik bu adamlar vəziyyətin uzun müddətə dəyişməyəcəyinə, bəlkə də əbədi qalacağına ümid edirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.