QAN QARDAŞLARININ QAZ SAVAŞI

Azərbaycan qazının ixrac məsələsi tıxaca düşüb. Buradan göndərilən qaz Bakı-Tiflis-Ərzurum qaz kəmərinin sonuncu nöqtəsində dalana dirənib.

Qazın tranziti ilə bağlı Azərbaycan-Türkiyə danışıqları bir nəticə vermir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin dövlət boru şirkəti BOTAŞ arasında 2008-ci ilin aprelindən bu günədək 14 raund danışıqlar aparılıb. “Şah-dəniz” yatağının “Mərhələ-1” layihəsi çərçivəsində qonşu ölkəyə ixrac edilən mavi yanacağın qiymətini müzakirə edən tərəflər hələ də ortaq məxrəcə gələ bilməyiblər

Həllini tapmayan bu problemə aşağıdakı məsələlər də əlavə olununb:

-Azərbaycan Türkiyə ərazisindən üçüncü ölkələrə qaz satmaq istəyirsə nə qədər tranzit pulu odəməlidir.

-Türkiyə öz daxili ehtiyacları üçün Azərbaycandan əlavə olaraq qaz almaq istəyir. “Şah-dəniz” yatağının “Mərhələ-2” layihəsi çərçivəsində istehsal olunan qazdan söhbət gedir. Tərəflər Azərbaycandan Türkiyəyə nə qədər və hansı qiymətə qaz satılacağını hələ də müəyyən etməyiblər.

Göründüyü kimi, sadalanan məsələlər heç də sadə deyil və hər şeydən göründüyü, hərə yorğanı daha çox öz tərəfinə çəkmək istəyir.

Hazırkı şəraitdə yuxarıda sadalanan məsələlərin tezliklə həllinin tapacağına ümid bəsləmək sadəlövhlük olardı.

Nədən?

QAZIN NEÇƏ ADAXLISI VAR?

Ona görə ki:

1) son vaxtlar tərəflərin konstruktivliyi müşahidə edilmir - Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız parlament komissiyasında millət vəkilləri qarşısında çıxış edərkən gözlənilmədən bəyan edib ki, “biz Azərbaycan qazını dünya qiymətlərindən ucuz almalıyıq və bu məsələdə dövlətin maraqları hər şeydən üstün tutulmalıdır”.

Azərbaycan tərəfi isə hakimiyyətin müxtəlif səviyyəli məmurlarının dili ilə daim xatırladır ki, “biz öz qazımızın satışında dünya qiymətlərini əsas götürürük və ən baha qiyməti kim təklif edəcəksə, ona da HƏ deyəcəyik”;

2) Türkiyə tərəfi son həftələr ağlagəlməz şücaət nümayiş etdirir. Qərbin, daha doğrusu ABŞ-ın mümkün təzyiqini belə nəzərə almadan İranla qaz sahəsində əməkdaşlığa start verib. Bu ölkənin TPAO şirkəti İrandakı “Cənubi Fars” qaz yatağının növbəti mərhələsi üzrə müqavilə imzalayıb ki, bunun da dəyərlə ifadəsi 4 milyard dollardır. Buradan hasil edilən qaz artıq Türkiyənin payı kimi Avropa bazarına çıxarıla bilər.

Eyni zamanda, Türkiyə İraqda İtaliyanın Eni şirkətinin hasil edəcəyi karbohidrogen ehtiyatların öz ərazisindən Avropa bazarına daşınması üçün də əlindən gələni əsirgəməyəcəyini bəyan edib. Sanki buna cavab olaraq Azərbaycan tərəfi heç kəsin gözləmədiyi halda Bolqarıstan hökuməti ilə qaz nəqli barədə memorandum imzalayıb və bəyan edib ki, SOCAR öz qazını Avropa bazarlarına çıxarmaq üçün alternativ marşrut – Qara dəniz üzərindən maye qazın xüsusi tankerlərlə daşınması layihəsini nəzərdən keçirir.

AZƏRBAYCAN AVROPANI AZİYA İLƏ HƏDƏLƏYİR

Bundan başqa, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov Amerikanın Bloomberg xəbər agentliyinə deyib ki, əgər Avropalı alıcılar aktivləşməsələr, onda Azərbaycan qazı istiqamətini dəyişib Asiya bazarına üz tuta bilər.

Azərbaycan artıq hədə-qorxulardan konkret addımlara keçir. Məsələn, SOCAR İran Milli Qaz Şirkəti ilə 2010-cu ildən başlayaraq bu ölkəyə ildə 500 milyon kubmetrdən az olmayaraq təbii qaz satışına dair memorandum imzalayıb.

Bütün bu mürəkkəb qaz gedişlərinə ümumi bir nəzər salanda belə bir təsəvvür yaranır ki, Azərbaycan qazının ixracı məsələsi dalana dirənib.

Əvvəllər “Şah-dəniz” qazı üçün növbəyə dayanan Avropa şirkətləri nədənsə, Nabucco layihəsinin yaxın perspektivdəki “uğurlarını” anlayandan sonra, passivləşməyə başlayıblar və onların ölkələri də daha Azərbaycandan mavi yanacaq almaq üçün “sino getmirlər”.

HƏDƏ-QORXU SİYASƏTİ İSTEHZALARLA QARŞILANIR

Təbii... vəziyyətdən çıxış üçün alternativ yollar axtarmalıdır. Əslində buraxıcılıq qabiliyyətinin ildə 20 milyard kubmetrədək artırılmasına imkan verən infrastrukturu Bakı-Tiflis-Ərzurum qaz kəməri mövcuddur və bundan maksimum yararlanmaq elə hazırda qəliz görünən məsələnin ən optimal həlli yoludur.

Di gəl ki, arada Türkiyə, həm də Qərblə qaz münasibətlərində bir gərginlik yaranıb. Bu gərginliyin əsasında ictimaiyyətə çılpaqlığı ilə açıqlanması hələ tövsiyə edilməyən problem durur. Problemin nəticəsi isə Azərbaycanın qaz ixracatında ortaya çıxan əngəllərdir.

Buna görə ən məsləhətlisi “Türkiyə üzərindən alternativ marşrutlar arayırıq” kimi məsələnin gündəmə gətirilməsidir.

Əsas məsələ bu alternativ layihələrin ilk baxışdan inandırıcı görsənməsidir. Məsələn, Elşad Nəsirovun “Asiya bazarları” ilə bağlı məlum bəyanatı səslənən kimi Amerikadakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş analitiki Ed Çou (hansı ki, bir qədər əvvəl Chevron Corporation neft şirkətinin top-meneceri vəzifəsində çalışırdı) bunu şərh edərək maraqlı məqamlara toxunub. “Məgər Azərbaycan Asiyadakı qaz ölkələri ilə qonşu olduğunu bilmir, yaxud Türkmənistanla coğrafi qonşuluğundan imtinamı edəcək?” – deyən amerikalı analitik Azərbaycanın Aziya sövdəsini “boş hədə-qorxu” kimi qiymətləndirib.

Azərbaycanın bir başqa “qaz hədəsinə” - Rusiya ərazısındən qaz satmaq planlarına da şübhə edənlər tapılıb. Bunlar elə rusiyalı analitiklərdir.

Azərbaycan qazının “Cənub axını” layihəsinə vurulmasını şərh edən bu analitiklər bildiriblər ki, belə olan halda Rusiya tranzit ölkə kimi çıxış etməlidir. Mövcud qanunvericilikdə isə Rusiyanın qaz tranziti məsələsi nəzərdə tutulmayıb ki, bu da “Qazpromun” bazardakı inhisarçı rolunun möhkəmləndirilməsi ilə izah edilir.

Digər tərəfdən Moskvada belə hesab edirlər ki, Azərbaycanın kiçik həcmli qazı üçün “münbit şəraitin” yaradılması faktiki olaraq Türkmənistanı, Özbəkistanı və Qazaxıstanı da bu kimi tələblə çıxış etməyə sövq edə bilər və bu zaman “Qazpromun” mövqeləri Avropa bazarında zəifləyə bilər.

QAZ BAZARI SİYASƏT-ZAD QANMIR

Məni bu arada düşündürən məsələ budur ki, nədən Rusiyadan yan keçən istənilən infrastruktur layihəsinə böyük həvəslə dəstək verən Qərb indi tərəfsiz bir seyriçi kimi çıxış etməyə başlayıb? Və hətta bu günlərdə Nabucco Pipeline Company şirkətinin təmsilçisi Aşxabadda keçirilən ənənəvi neft və qaz sərgi-konfransında “hazırda Avropanın bu kimi nəhəng boru xəttinə dəstək verməsi üçün azad maliyyə resursu yoxdur” fikrini səsləndirib. Yoxsa Avropa dünya maliyyə böhranından yeni nəticələr çıxarıb?

Noyabrın əvvəlində Budapeştdə Avropa Birliyi enerji layihələri çərçivəsində bir tədbirdə iştirak edirdim. Orada son 10 il Avropa Birliyinin Enerji Komissarlığında çalışmış bir məmurla maraqlı bir söhbətimiz oldu. Söhbətin mahiyyəti elə keçmiş Sovetlər Birliyindən olan müstəqil dövlətlərdən qaz alınması məsələsinin yubanması ilə bağlıydı. Müsahibimin sözlərinə görə burada heç də məsələ siyasətlə bağlı deyil, yəni Kremldən onun ambisiyalarına görə ehtiyat edirlər və ya Avropaya qazın davamlı idxalı demokratik, bazar iqtisadiyyatına bağlı ölkələrdən olmalıdır və sair. “Bəli, Avropa üçün diversifikasiyalı import enerji təhlükəsizliyinin başlıca amillərindən biridir. Ancaq bunun arxasında sonda iqtisadi maraq durmalıdır, yəni bazardakı seçim imkanı qiymətin tənzimlənməsinə və sonda istehlakçı üçün azalmasına gətirib çıxarmalıdır”, - deyə müsahibim bildirdi.

Onun sözlərinə görə, keçmiş Sovetlər Birliyində Rusiyadan savayı qaz ixrac etmək imkanı olan 4 ölkə var. Bu gün onlardan ikisi – Türkmənistan və Azərbaycan daha iddialı çıxışlar edir. Onlar qlobal bazarda heç vaxt olmayıblar və hazırda özlərini çox “qazlı” aparırlar. Onlara elə gəlir ki, bazarda özünə yer tutmaq və öz iradəni bazarın digər iştirakçılarına diktə etmək asan bir şeydir.

Buna görə də Qərb bir qədər müşahidəçi kimi özünü aparır və imkan verir ki, bu yeni oyunçular qlobal bazarın “yaxşı” və “pis” tərəflərini özləri görsünlər.

ÇİNİN QUMARQAZ SİYASƏTİ

Diqqət yetirin, rəsmi Aşxabad hətta Moskva ilə münasibətlərin korlanmasına belə getdi, bir addım da olsun geri çəkilməyəcəyik dedi, təki onun dediyi olsun.

Ancaq 2008-ci ildə Türkmənistandan 42 mlrd kubmetr qaz idxal edən Rusiya 2009-da bu ölkədən cəmi 12 mlrd kubmetr qaz alıb və havaların soyumağa başlamasına baxmayaraq, hələ də importu bərpa etməyib. Bundan uduzan Rusiya olmadı, əvəzində Türkmənistan milyardlarla dollar mənfəət itirdi. “Qazprom” aldığı qaza görə nəğd pul verirdi.

Düzdür, bu gün Türkmənistan hazırlaşır ki, ilin sonunda Çinə və İrana çəkilən boru xətlərinin istifadəyə verilməsini böyük bayram kimi qeyd etsin. Ancaq onu qeyd edim ki, Türkmənistan nə 5 il, nə də 10 il sonra Çinə 2008-ci ildə “Qazproma” satdığı qədər mavi yanacaq sata bilməyəcək. Ona görə ki, Türkmənistanın ixrac kəməri onun regionda başlıca rəqiblərinin – Özbəkistan və Qazaxıstanın ərazilərindən keçir və onlar Çin bazarındakı payları uğrunda əllərindən gələni edəcəklər. Özü də yaxın gələcəkdə. Axı Çin özü də hiyləgər siyasət yeridir. Çünki qlobal bazarda artıq təcrübəsi var. Türkmənistana maliyyə yardımı etməklə onun quruda yerləşən qaz yatağının işlənməsinə dair PSA tipli müqavilə bağlayan ilk xarici dövlət oldu. Ancaq bu hüququ rəsmi Aşxabad Qərb şirkətlərinə bu günədək verməkdən imtina edir. Elə bilirsiniz rəsmi Pekin türkmən qazını bazar qiymətləri ilə alacaq? Siz heç də Çini sağa-sola pul səpələyən kommunist ideologiyalı bir dövlət zənn etməyin.

Onların Sovetlərdən bir başlıca fərqi var ki, bazar qanunlarını praktikada öyrəniblər və buna görə də böyük bir dövlət kimi dünya xəritəsində qalıblar. Çin türkmən qazının yalnız yarısını valyuta ilə ödəyəcək, qalan yarısını isə xidmət və malları vasitəsilə həyata keçirəcək. İran isə Türkmənistandan heç vaxt bazar qiymətləri ilə qaz idxal etməyib. Bu baxımdan bir müddət sonra real vəziyyətlə barışmalı olacaqlar və heç kəs Almaniya sərhədində satılan qazı özü üçün etalon etməyəcək.

AVROPADA UCUZLAŞIR, AZƏRBAYCANDA İSƏ İKİ DƏFƏ BAHALAŞIR

Bu gün Avropa bazarlarında bir qaz tünlüyü var. Onu satanların sayı yavaş-yavaş artmaqdadır. Bu tərəfdən də iqlim dəyişkənliyi və daha qənaətli texnologiyalara keçilməsi qazın istehlakını kifayət qədər azaldıb. Şimalı Amerikada havaların mülayim keçməsi bura idxal edilən maye qazın Avropa bazarlarına yönəldilməsinə şərait yaradıb.

Nəticədə maye qazın qiyməti ötən illə müqayisədə 2-2,5 dəfə aşağı düşüb. Avropanın ən iri qaz istehlakçısı - Böyük Britaniya yaxın 10 ildə 10 ədəd atom elektrik stansiyası tikmək haqda qərar verib.

Bir sıra Avropa ölkələri isə daha müasir atom elektrik stansiyaların tikilməsinə başlayıblar. Alternativ enerji elə sürətlə inkişaf edir ki, Saxara səhrasındakı günəş elektrik stansiyasında hasil ediləcək enerjini Avropaya nəql etmək üçün yeni nəsil yüksək gərginlikli elektrik naqilləri (texniki itkiləri minimum olan) üzərində işlər başlayıb və sair.

Elə bu səbəbdən də artıq Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, 2015-ci ilədək (ola bilsin ondan sonra da) dünya bazarında təbii qazın qiymətinin artması müşahidə edilməyəcək. XXİ əsrin əvvəlində belə zənn edirdilər ki, 2010-cu ildə Avropada qaz istehlakı 600 milyard kubmetrə çatacaq, ancaq bu il qaz istehlakının ən yaxşı halda 503 milyard kubmetr olacağı gözlənilir.

Elə isə ilk növbədə Azərbaycan vətəndaşlarının qaz təminatının heç olmasa Sovet dövründəki səviyyəyə (heç olmasa orta yaşayış massivlərinin qazla tam və keyfiyyətli təmin edilməsi) qaldırılması pis olmazdımı? Axı yaddan çıxarmayaq ki, dünyanın “böhran” deyə nalə çəkdiyi bir zaman 2009-cu ilin 1 iyulunda Azərbaycan əhalisi üçün qazın qiyməti 100% qaldırıldı.