İndi də Ermənistan vaxt qazanmaq istəyir

Prezidentlərin Moldova görüşü. Kişinyov, 8 oktyabr 2009

Çox çətinliklə olsa da, Ermənistanla Azərbaycan arasında diplomatik təmaslar davam edir. Prezidentlərin ildə yeddi-səkkiz dəfə görüşməsi artıq adi haldır. Növbəti görüş də yaxın günlərdə, ya noyabrın sonunda, ya da dekabrın əvvəlində olacaq. Amma təmaslar münasibətlərin hiss olunacaq dərəcədə dəyişməsinə səbəb olmur.

Əvvəllər ümid var idi ki, proses ölü nöqtədən tərpənəcək. Amma Sürix protokollarının imzalanmasından sonra Ermənistan öz mövqeyini ciddi şəkildə dəyişdi və yenidən danışıqlar prosesinin əvvəlinə qayıtdı. Hər iki tərəf etiraf edir ki, danışıqlar nəticə vermir. Amma bununla belə prosesi davam etdirirlər. İndi maraqlı situasiya yaranıb, Ermənistan vaxt qazanmaq istəyir. Bəs bu vaxt Ermənistanın nəyinə lazımdır?

ERMƏNİSTAN İQTİSADİ KOLLAPSDAN ÇIXACAĞINA ÜMİD EDİR

Hazırda Ermənistanın iqtisadi vəziyyəti bərbad haldadır. Xarici yardımlar olmasa Ermənistan iqtisadi baxımdan çökə bilər. İndi Ermənistan «maliyyə marafonları» hesabına yaşayır. Mövqeyini konstruktivləşdirmək fikrinə düşsə ciddi güzəştlərə imza atmalıdır, o, isə bunu istəmir. Onlar həm də Sürix protokollarının ratifikasiya olunmasını gözləyirlər. Protokolların ratifikasiyası isə uzana bilər. Artıq Türkiyə tərəfi rəsmi şəkildə bildirir ki, Ermənistan-Azərbaycan münasibətlərində ciddi irəliləyiş olmasa sənədlər ratifikasiya olunmayacaq və deməli sərhədlər də açılmayacaq.

Üstəlik, Türkiyə Böyük Millət Məclisində kürd problemi ilə bağlı aparılan müzakirələr Sürix prosesini unutdurub. Bu dinləmələrdə Azərbaycan üçün də maraqlı detallar var.

MƏDƏNİ MUXTARİYYƏT, YOXSA «ƏN YÜKSƏK STATUS»?

Türkiyə Böyük Millət Məclisində kürd probleminin müzakirəsi maraqlı çaları üzə çıxardı. Türkiyə kürdlərə mədəni muxtariyyətin verilməsinin də əleyhinədir. Düzdür, bu, ancaq müxalifət deputatlarının çıxışlarında özünü büruzə verir, amma bütün hallarda maraqlı vəziyyətdir. Azərbaycan da eyni problemlə üzləşib, artıq neçə illərdir ki, Dağlıq Qarabağ üçün əlverişli status axtarşı davam edir. Azərbaycan Dağlıq Qarabağa nəinki mədəni muxtariyyət, hətta dünyada təsadüf olunan ən yüksək muxtariyyət vermək fikrindədir. Bu status modeli Tatarıstanın statusuna yaxındır. Azərbaycanda heç kim buna etiraz etmir. Amma bu güzəşt də Ermənistan tərəfindən qəbul olunmur, onlar Dağlıq Qarabağla Azərbaycan arasında şaquli münasibətlərini qurulmasını heç cür qəbul etmir, ancaq müstəqillik və üfüqi münasibətlər tələb edir.

BƏS GƏLƏCƏK NƏ GÖSTƏRİR?

Rəsmi Bakının ritorikasında yenidən hərbi çalarlar özünə yer alıb. Amma bu da səbəbsiz deyil. Hakimiyyət cəmiyyətə öz işi haqqında nəsə deməlidir. Əgər desələr ki, problemi ancaq dinc yolla həll etmək fikrindədirlər, bu ancaq ironiya yarada bilər. Çünki hamı bilir ki, nə prezidentlər arasında görüşlər, nə də Minsk prosesi çərçivəsindəki danışıqlar heç bir nəticə verməyib və verməyəcək də. Ona görə də məcburi köçkünlər qarşısında çıxış edən İlham Əliyev öz nitqinin hərbi ritorika ilə «zənginləşdirməyə» çalışır, amma o saat məlum olur ki, bu, ancaq daxili auditoriya üçün nəzərdə tutulub.

Gələcək isə çox dumanlı görünür. Hər iki ölkənin xarici siyasətində riskli balanslaşdırma siyasəti üstünlük təşkil edir. Və hər şey də kimin birinci büdrəyəcəyindən asılıdır.

Hələlik, xarici siyasət davam edir. Amma tez-tez fiaskoya bənzər detallar özünü büruzə verir. Hər şey də bu detallardan asılı olacaq. Bu ölkələrin xarici siyasəti həm də kəndir üstündə yeriməyə bənzəyir. Kim birinci yıxılsa, o da birinci məğlub olacaq...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.