Azərbaycan-Türkiyə münasibətlərinin krizis xronologiyası

Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan və prezident Heydər Əliyev, Bakı, 7 yanvar 2003

Əbülfəz Elçibəyin siyasət müntəxabatına bəxş etdiyi «Bir millət, iki dövlət» şüarı iflas mərhələsinə aprel ayında - Azərbaycanın bir gecədə strategiya dəyişdirərək Rusiya ilə müttəfiqliyi daha da gücləndirən saziş imzalamasından sonra qədəm qoydu. Ermənistanla sərhədi açmağa meyl göstərən Türkiyə, fevral-may aylarında Azərbaycandan gələn etirazları ya ciddi qəbul etmədi, ya da qulaq ardına vurdu.

QAZDAN BAYRAĞA QƏDƏR

Avqustdan üzü bəri gələn və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını okyabrın 10-da Sürixdə imzalanan iki protokolla bir az konkretləşdirən prosesə Bakı əvvəlcə səssiz qalsa da, son günlərdə məsələ təbii qazdan türk bayraqlarının endirilməsinə qədər vardı.

Azərbaycanın bu reaksiyasına Türkiyənin də münasibəti yumşaq olmadı - yazda daha yumşaq mövqe tutan media bu dəfə sərt üzünü göstərdi. İqtidar partiyasının siyasətçilərini ən çox narazı salan isə Bakıdakı qırmızı bayraqların dirəklərdən endirilməsi oldu.

Məsələn, AKP parlament qrupu sədrinin müavini Suat Kılıç kimi. Cərəyan edən proseslərlə bağlı fikirlərini AzadlıqRadiosunun əməkdaşı ilə bölüşən Samsun millət vəkili Türkiyə hökumətinin Azərbaycana baxış açısında hər hansı dəyişiklikdən söhbət gedə bilməyəcəyini vurğulayır. Çünki «Türkiyə dünən dediklərini bu gün unudacaq qədər yüngül bir dövlət deyil».

S.Kılıç deyir ki, Azərbaycanı idarə edənlər AKP hökumətinin və siyasətçilərinin Azərbaycan bayrağına münasibətini öyrənmək istəyirlərsə, gəlib Məclisdəki otaqlarımızda yanaşı duran Türkiyə və Azərbaycan bayraqlarına baxsınlar.

TÜRKİYƏ-ERMƏNİSTAN PROTOKOLU BƏHANƏ KİMİ

O, Azərbaycan iqtidarının yürütdüyü siyasətin Türkiyədə dərin şübhə və narahatlıq yaradacağını iddia edir. Kılıça görə, Azərbaycan iqtidarı fərqli siyasi tərcihlərə yönəlməyə qılaf yaratmaq üçün Türkiyə-Ermənistan protokolunu bəhanə kimi irəli sürməkdədir.

S.Kılıç Türkiyənin 81 vilayətində Azərbaycan bayrağına duyulan sevgi və məhəbbətin həmişə davam edəcəyini vurğulayır.

O, Azərbaycanda türk bayraqlarının endirilməsi ilə bağlı atılan addımların Türkiyə-Azərbaycan qardaşlığını dərindən zədələdiyini və bu durumu qəbul etməyəcəklərini vurğulayır.

TÜRK MEDİASI ƏLİYEVİN TÜRKİYƏDƏN ÜZR İSTƏMƏSİNİ TƏLƏB ETMİŞDİ

Türkiyə-Azərbaycan münasibətlərinin müstəqillikdən indiyə qədərki dönəminə baxanda, son 16 ilin böhranlarla zəngin olduğu görünür. 1995-ci ildə Böyük Millət Məclisində çıxış üçün 30 dəqiqə söz verilən o vaxtkı prezident Heydər Əliyev bunun 20 dəqiqəsini Fərman Dəmirkolun əli ilə Türkiyənin onu devirmək istəməsindən danışmışdı.

«Çevriliş iddiaları»nı araşdırmaq üçün Ankaraya gələn bir jurnalisti isə o vaxtın prezidenti Süleyman Dəmirəl otağından qovmuşdu. Bakıda Heydər Əliyev Türkiyə səfirini otağından qovduğunu iddia edincə, buna sərt reaksiya göstərən türk mediası Əliyevin Türkiyədən üzr istəməsini tələb etmişdi.

1997-ci ilin axırında qumarxanalar kralı Ömər Lütfi Topalın Bakıdakı fəaliyyəti ilə bağlı baş nazir Mesut Yılmazın verdiyi açıqlama krizislər dalğasına yeni bir halqa əlavə etmiş və Heydər Əliyev Türkiyəni «Bakı-Ceyhanı təxirə salmaqla» təhdid etmişdi.

SEZERİN NARAHATLIĞI

İki ölkə arasındakı ticarət dövriyyəsi hər il azalmış və Azərbaycanın xarici ticarətində Türkiyənin payı 1997-ci ildə 40 faizdən 2004-cü ildə 11 faizə düşmüşdü. İş o yerə çatmışdı ki, keçmiş prezident Ahmet Necdet Sezer Türkiyədən gedən yük maşınlarına yaradılan problemləri 2002-ci ilin avqustunda Bakı aeroportunda, həm də camaatın gözü qabağında Heydər Əliyevə demək məcburiyyətində qalmışdı.

Buna bənzər saysız-hesabsız faktlar «Bir millət, iki dövlət» arasındakı münasibətlərin son 16 ildə ciddi gərginliklərə səhnə olduğunu göstərməkdədir.

Azərbaycanın Türkiyədəki keçmiş səfiri Məmməd Novruzoğlunun türk mediası ilə fasiləsiz savaşları isə Vyana konvensiyalarına əlavə ediləcəyi günü gözləyir.

Nəinki «Bir millət, iki dövlət»ə, ümumilikdə dövlətlərarası münasibətlərə yaraşmayan bu tipli yüzlərlə faktı görəndən sonra Bakının Türkiyə üçün simvolik məkanlarından qırmızı bayraqların yığışdırılmasına təəccüblənməmək lazımdır. Çünki bayraqların yığışdırılması təlimatını verənlərə bu şüar lazım deyil.

İkitərəfli münasibətlərin saxta paradiqmalar üzərində qurulmasından təhlükəli heç nə yoxdur. Bu baxımdan «Ay-ulduzlu qırmızı bayraqları» yığışdıran Azərbaycan iqtidarı haqlıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.