Kobra… Kleopatra… və bizim TV-lər

Sevda Ismayıllı
Azərbaycan TV-lərinə qarşı səlib yürüşü davam edir. Yox, yox, mən də onlara qoşulmaq istəmirəm. Əslində elə bu ilin aprelində saytımızda «Dünya köhnə dünyadır, ya təzə?» adlı yazım bizim TV-lərə həsr olunmuşdu. İndi bu da dəbdədir. Hamı köhnə tarixlə yazdıqlarını, dediklərini gündəmə gətirir…

Mən o yazımda sizlərə belə bir sual vermişdim: Niyə bizim TV-lərdə, radiolarda insan yoxdur? Niyə biz həmin insanı görmək üçün dilini anladığımız türk TV-lərinə baxmalıyıq? Zibillikdən şüşə toplayıb satmaqla keçinən evsiz-eşiksizdən tutmuş, küçədəki əsnafa qədər hər kəs türk xəbər proqramlarının daimi personajıdır. Filan şeyə zam yapıldı, filan şey qiymətdən düşdü, ölkəni gəzən Başbakana küçədə olan birisi söz atdı və s. və i. a. Bəs bizdə niyə belə deyil? Bəyəm biz xəbər proqramına təkcə dünyada baş verən sel və daşqınlardan hali olmaq üçünmü baxırıq? Əgər öz cüzi maaşından həmin TV-lərə vergi ödəyənlər orda özlərini, öz dərdlərini, problemlərini görmürlərsə, ona niyə baxmalıdırlar ki?

Mən o yazıda sizdən soruşmuşdum: Niyə Bakının ən qara kəndinin sakinləri (Balaxanı) bizim TV-lərin qəhrəmanına çevrilməsin? O kənddə çirklənmiş torpaqlar üzündən xəstə uşaqlar doğulur. O kənddə illərdir həyətlərə su gəlmir. O kənddə işsizlikdən bezən adamlar «yeni iş yeri» tapıblar – Balaxanı zibilliyi! Adını da bilirsiniz nə qoyublar -- Dubay! Niyə onlar bizim TV-lərin qəhrəmanı olmasın? Yoxsa gerçək Azərbaycanın üzü səhərdən-axşamacan «Vur çatlasın-çal oynasın» düşüncəsiylə yaşayanlardır?

Bax, bunları yarım il öncə yazmışdım.

Düzdür, hamımız deyirdik, hamımız deyinirdik, hamımız köks ötürürdük, amma TV-lər öz işindəydi. Bizim fikirləşdiklərimizin, yazdıqlarımızın onlara dəxli yox idi. Dəxli olsaydı, belə davam etməzdi. Çünki onlar belə olmağa məhkum idilər…

Bu dəfə TV-lərimizin «şoulara məhkum»luğundan deyil, zamanın nəbzini tuta bilməməsindən danışmaq istəyirəm.

DAHA BIR SINAQ-YARIM İL SONRA

Bizim TV-lər operativlik sınağına ən son bu ilin aprelində--Neft Akademiyasındakı məlum və məşum hadisələrlə çəkildi. Azərbaycan tamaşaçısı «orda nə baş verib» sualına xeyli gec cavab aldı. «Niyə?» sualına müxtəlif cavablar verildi… Yaxşı, hadisə gözlənilməz idi. «Nə edək, necə verək» deyincə Şəki vurub Şirvanı keçdi. Bəs ötən həftəsonu imzalanan Türkiyə-Ermənistan protokolları? Onlar ki, gözləniləndi, onlar ki reallıqdı? Üstəlik, bizə yaman dəxli vardı...

Protokolların imzalanmasının pozula biləcəyini axşam saat 8-ə bir neçə dəqiqə qalmış özəl TV-lərdən biri anons etdi. «Bəlkə səhv eşitdim, bəlkə elə demək istəmirdilər» fikri ilə saat 20:00-da xəbərə başlayan TV-lərdən birinə üz tutdum. O, məni inandırdı ki, orda hər şey qaydasındadır!

Saat 20:30-da efirə gedən xəbər proqramları da sakit başladı. Ancaq axıra yaxın «ən son xəbər var» - deyə gecikməni tamaşaçılara çatdırdılar.

«Saat 21-də efirə çıxan xəbər proqramı sözsüz ki, ən birinci onu xəbərləyəcək» - deyə düşündüm. Yox, hər şey burda da çox sakit və sığallı idi. Bir xeyli sonra onlar da «yeni məlumat almışıq» - deyibən tələm-tələsik gecikmə xəbərini seyrçiyə ötürdülər.

YENƏ TÜRK TELEVİZYONLARI…

Daha dolğun məlumat almaq üçün Türkiyə TV-lərinə üz tutdum. TV-lər bir-birinə dəymişdi…Birbaşa yayımlar, operativ şərhlər, orda baş verənlərin görüntüləri, İrəvandan canlı bağlantılar, siyasi şərhçilərin yozumları…bir aləmdir… «Kanal D»nin ulduz aparıcısı - Mehmet Ali Birand adi bir reportyor kimi Protokolların imzalandığı məkandan canlı yayımdaydı. Studiyadakı xəbər spikeri ondan əl çəkmir, elə hey təkrar-təkrar ləngimənin səbəbini Biranddan öyrənmək istəyirdi. Bütün bildiklərini söyləyən, hər şeyi detallarına qədər incələyən Birand uzun çək-çevirdən sonra ondan əl çəkmək istəməyən spikerə nə desə yaxşıdır: «Siz yayıma davam edin, başqa xəbərlərə keçin, mən burdayam»…Ürəkdən güldüm və «bax, xəbər proqramı belə olar» - deyə düşündüm…

KOBRA…KLEOPATRA…VƏ İNGİLİS ALİMİ

Bir-iki gün öncə TV-lərin birində maraqlı sənədli film verirlərmiş. Deyilənə görə, bir ingilis aliminin beyninə düşüb ki, Misir şahzadəsi Kleopatranı hansı ilanın vurduğunu araşdırsın. O, Misirə gəlib, Nil çayı boyunca yaşayan bütün ilan növlərini saf-çürük edib. Çiynində ilan-çayan hər yanı gəzib. İlanlar onun əlində sanki ana qucağındaymış kimi görünürmüşlər. Çox qorxuluymuş. Mən yəqin ki, o filmə baxa bilməzdim. İlandan bərk qorxduğum üçün. Elə bilməyin ki, ingilis alimi saç-saqqalı ağarmış birisiymiş. Yox, cavanmış. Axırı nə olub? Alim Kleopatranı hansı ilanın çaldığını dəqiqləşdirib. O, bunu yəqin ki, onu ilan çalandan sonra üzə çıxan əlamətlərə görə müəyyənləşdirib. O ilan kobraymış! Kleopatranı kobra çalıbmış! Ura! Həqiqət üzə çıxdı. Üstündən neçə əsr keçəndən sonra. Kleopatra nə vaxt yaşamışdı? Səhv etmirəmsə, eramızdan əvvəl 69-39-cu illərdə.

Bəs biz niyə beləyik?

Niyə eramızdan öncəni demirəm, dünən baş verənləri üzə çıxara bilmir, bugünkü olaylara biganə qalırıq?

Yəni protokolların imzalandığı şəhərə - Sürixə bir reportyor göndərmək belə çətindir?

Bəs Misirin qızmar havasında ölkəni qarış-qarış gəzib ilan ovlamaq, onların xüsusiyyətlərini öyrənmək, onu Kleopatranın keçirdiyi hallarla tutuşdurmaq elə bilirsiniz asandır?

P.S. Hə, deyilənə görə, o uzunsaç, uzunqol ingilis alimi həmin kobranı Kleopatranın ölümünün baiskarı kimi özü ilə götürüb aparmayıb. Təcrübədən sonra səhraya buraxıb. Kobra da gedib işinin-gücünün dalınca…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.