Xəlvətilik sindromu

2010-cu ildən etibarən Azərbaycan Rusiyaya ildə 500 milyon kubmetr qaz ixrac edəcək

Dövlət Neft Şirkəti ilə Rusiyanın «Qazprom» şirkəti arasında növbəti il üçün saziş imzalandı. Sazişə görə, 2010-cu ildən etibarən Azərbaycan Rusiyaya ildə 500 milyon kubmetr qaz ixrac edəcək. Amma jurnalistlər nə qədər çalışsalar da, qazın satış qiymətini öyrənə bilmədilər.

Əvvəllər Rusiya tərəfi bəyan edirdi ki, qazı Azərbaycandan beynəlxalq qiymətlərə alacaq. Əgər belədirsə, onda niyə satış qiyməti gizli saxlanır?

Hələ kecən həftə prezident İlham Əliyev Turkiyə ilə qazın qiymətində razılaşma olmadığını bəyan edirdi. Fikir verin, Putinin «Qazpromu» ilə müqavilə Sarkisyanın Türkiyəyə səfər etdiyi gün imzalanır. Türkiyə ilə qiymət davası gedir, Rusiyaya satılacaq qazın qiyməti isə məxfi saxlanılır. Bakının Ankaraya mesajını görməmək mümkün deyil. Amma çətin ki, bu cür gedişlərlə Ankaraya təzyiq etmək mümkün olsun.

Burada başqa bir sual da meydana çıxır. Bəs onda Rusiya özü qazı hansı qiymətə satacaq?

Ola bilsin, sonradan bunu kommersiya sirri kimi izah edəcəklər. Amma saziş imzalanandan sonra qiyməti açıqlamaq olardı.

Başqa bir məsələ də açıq qalır. Dünyada neftin qiymətinin böyük dəyişikliklərinə baxmayaraq qazın qiyməti artmaqda davam edir. Neft gəlirlərinə nəzarət üçün Neft Fondu yaradılmışdı. Qazdan gələn gəlirlər harada toplanacaq?

Neft gəlirləri təzəcə ölkəyə daxil olanda gələcək nəsillər haqqında danışırdılar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.