NƏYİ QOYUB, NƏYİ QEYD EDİRLƏR
Azərbaycanda texnikanın tətbiqi ilə neft hasilatına 1848-ci ildən başlanılsa da, «Neftçilər günü»nün qeyd olunması 20 sentyabra – «Əsrin müqaviləsi»nin imzalanması gününə təsadüf edir.
Yəni «Neftçilər günü» dedikdə sadə Azərbaycan vətəndaşının düşüncəsinə bu il 15 yaşı tamam olan Azəri-Çıraq-Günəşli yataqlarının istismarı gəlir.
Rəsmi təbliğat maşını bu ötən illər ərzində insanların şüuruna yeridib ki, Azərbaycanın neft tarixi «əsrin müqaviləsi»ndən baş alır.
Təəssüf ki, nəinki ictimaiyyət, heç öz neftçilərimiz belə fərqinə varmadılar ki, 2008-ci ildə Azərbaycanda texnikanın tətbiqi ilə neft hasilatının 160 ili tamam oldu və nədənsə... bununla bağlı nə bir tədbir keçirildi, nə poçt markası buraxıldı, nəinki paytaxtımızda, heç olmasa neft hasil edilən bir rayonumuzda belə bu əlamətdar hadisəyə həsr edilmiş bir heykəl belə qoyulmadı...
Azərbaycanda neft hasilatı tarixinin 150 illiyini qeyd etməyəndə buna bəlkə də bəraət qazandırmaq olardı. O zamanlar dövlətin maliyyəsi zəif idi.
Ancaq indi reallıq budur ki, hökumət Azərbaycanda pul xərcləməyə yer tapa bilmir.
ARDŞN SOSİAL TƏMİNAT XİDMƏTİ ROLUNDA
Milli Neft şirkətinin sosial layihələri, ekoloji yatırımları artıq ümumrespublika statuslu işlər hesab edilir və bu gün ARDNŞ qaçqın və məcburi köçkünlərin problemlərinə yardım edir, regionların inkişafı dövlət proqramı çərçivəsində rayonlarda diaqnostika mərkəzləri, xəstəxanalar, məktəblər, uşaq bağçaları inşa edir, dindarlar üçün məscidlərin yenidən qurulmasında yaxından iştirak edir və sair işləri həyata keçirir və yaxın perspektivdə Azərbaycanın Neft Tarixi Muzeyinin layihələndirilməsi, tikintisi və eksponatların qurulması layihəsini və həmçinin UEFA-nın dizaynı ilə ərsəyə gəlməli olan 80 min nəfərlik futbol stadionunun tikinti xərclərini öz boynuna götürür...
Nəticədə... yeni Azərbaycan neftçiləri «sinfi» əmələ gəlməyə başladı ki, onların tarixi məhz 1994-cü ildən başlayır. Ancaq onları yetişdirən də, onlara yeni əmək davranışı və texnika ilə davranmaq bacarığı verən də, onların sosial qayğılarını çəkən də Milli neft şirkətimiz deyil, BP oldu.
MİLLİ VƏ XARİCİ ŞİRKƏTLƏRİN NEFTÇİLƏRƏ MÜNASİBƏTİ
Onun nüfuzu ilk zamanlardan elə bir səviyyəyə qədər yüksəldi ki, artıq Milli neft şirkətimizin bugünkü həddən ziyadə varlı görünüşü və məstedici layihələri belə oranın ab-havasına öyrənmiş neftçilərimizi geri qayıtmağa sövq edə bilmir. Ona görə ki, bir ara yerli telekanallarda nümayiş etdirilən «Mən xoşbəxtəm ki, mən «BP-Azərbaycan»da çalışıram» reklam-çarxları sadəcə kampaniya xatirinə edilən bir layihə deyildi və qısa müddətdə öz əməyinin bəhrəsi hesabına xidməti karyerasını reallaşdırmaq və «quru maaş» və mükafat hesabına normal həyat tərzi əldə etməyin mümkünlüyünün isbatı idi. Məhz insan əməyinə olan münasibətin nəticəsində bu gün «BP-Azərbaycan»dakı yerli kadrlardan bir neçəsi öz şəxsi vəsaitləri hesabına Azərbaycanın neft tarixinə dair elmi araşdırma və kitablar nəşr etdirir, dövlət qurumlarımızda isə büdcənin vəsaitləri hesabına belə ortaya neftimizlə bağlı sanballı bir məhsul çıxara bilmirlər. Qonşu Qazaxıstanda neft hasilatının 100 illiyi münasibətilə hələ 1999-da «Neft ensiklopediyası» nəfis şəkildə çap edilib, bundan əlavə «Tengiz» və «Kaşağan» yataqlarının xarici şirkətlərlə birgə işlənməsinə başlanılmasının 10 və 15 illikləri ilə bağlı fotoalbom və 3 dildə kitablar nəşr edilib. Azərbaycanda isə bu qədər neft gəliri vaxtı (2008-ci ilin yekunlarına görə, təkcə ACG-dən Azərbaycan tərəfinin qazancı 15 milyard dolları ötüb) «əsrin müqaviləsi»nin 15 illiyi münasibətilə nə çap məhsulu, nə də sənədli film ərsəyə gətirilmədi.
QURU NEFTÇİ MAAŞI
Demək, müasir Azərbaycanda əməklə kapital arasında bir uyğunsuzluq mövcuddur və bunun nəticəsidir ki, istehsalın ən ağır sahələrindən biri olan mədən sənayesində neftçilərin əməyi yetərincə qiymətləndirilmir. ARDNŞ-ın 2007-ci il üzrə dərc etdirdiyi hesabata əsasən (2009-cu il bir azdan başa çatacaq, ancaq 2008-ci ilin hesabatı hələ də ictimaiyyət üçün açıqlanmayıb), şirkət üzrə orta aylıq əməkhaqqı 443,6 manat olub və il ərzində neftçilərin əmək haqlarının artımı 25% təşkil edib. Bunun neftçilərin yaşayış səviyyəsinin yüksəldilməsinə elə bir əhəmiyyəti olmayıb. Çünki, inflyasiya 2007-ci ildə Azərbaycanda alternativ hesablamalara əsasən 29%-ə yaxın olub. Bundan əlavə, 2009-cu ildən Azərbaycan neftçilərinin (o cümlədən energetiklərin) böyük əksəriyyətinin rüblük verilən mükafatları dayandırıldı. Tutaq ki, ARDNŞ-da cari ildə orta əməkhaqları 500 manatadək yüksəlib, ancaq Azərbaycan reallığında bu nədir ki! Əhaliyə satılan təbii qazın qiyməti bu il 200%, metroda gediş haqları isə 300% artıb...
Təkcə 1 il ərzində ARDNŞ-ın Sosial inkişaf idarəsində çalışanların sayı 1760 nəfər artıb. Müqayisə üçün onu qeyd edək ki, 2007-ci ildə Milli Neft Şirkətimizin dənizdəki tikinti əməliyyatlarının əsas aparıcısı olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda işçi heyətin artımı cəmi 243 nəfər olmuşdu. Ancaq bir faktı da əlavə etmək yerinə düşərdi ki, hesabat dövründə Milli neft şirkətimizdə mühafizə xidməti əməkdaşlarının sayı nə az, nə çox – düz 1399 nəfər artmışdır.
«Azneft» İstehsalat Birliyində neft hasilatı | |
İllər | Həcmlər (min tonla) |
1995 | 9161.0 |
2000 | 8376.3 |
2005 | 7973.3 |
2006 | 7772.51 |
2007 | 7606.75 |
2008 | 7413.37 |
2009 | 7350 |
Maraqlısı budur ki, neft və neft məhsullarının istehsalı və satışı sahələrində işçilərin sayı hesabat dövründə 744 nəfər azalıb, əvəzində sosial sahə və təhlükəsizlik sistemindəki işçilərin sayı 3159 nəfər artıb. Bu neft sənayesi üçün həddən artıq böyük bir rəqəmdir. Belə ki, hal-hazırda «BP-Azərbaycan» şirkətində çalışan işçilərin sayı xarici heyətlə birlikdə 1879 nəfər təşkil edir. Elə bu səbəbdən də «BP-Azərbaycan» şirkətində neftin maya dəyəri quyu ağzında 1 bareli üçün cəmi 2 ABŞ dollar, Milli Neft Şirkətimizdə isə bundan 4.6 dəfə çox olmuşdur.
Məncə, neftçilərin əməyinin qiymətləndirilməsinə elə kadrlardan başlanılmalıdır və işçilərin əməyinin faydalılığı əsas götürülməlidir. Yoxsa bunu necə izah etmək olar ki, əgər 2006-cı il yanvarın 1-nə ARDNŞ-da çalışanların ümumi sayı 58 min nəfərdən bir qədər artıq idisə, 2008-ci ilin müvafiq dövründə onların sayı 64 min nəfəri örtüb (bu ilin yayında «Azəriqaz»ın ARDNŞ-a birləşdirilməsindən sonra isə işçilərin sayı 70 minə yaxınlaşıb, baxmayaraq ki, təqaüdçü-neftçilərin ixtisarı həyata keçirilir). Əvəzində Milli Neft Şirkətimizin hasilatı 2005-ci ilin yekunlarına görə 8 milyon tona yaxın idisə, 2008-ci ilin sonunda bu göstərici 7 milyon 413 min tona düşüb. Başqa sözlə, ümumi işçilərin sayının 6 min nəfərə yaxın artımı nəticəsində ARDNŞ-da neft hasilatı 7%-dən çox aşağı düşüb.
Görəsən, Azərbaycan hökumətində bu kimi faktları aşkarlayan və onları təhlil edən qruplar varmı? Əgər varsa, onda niyə nəticə yoxdur? Yoxsa, neftin dünya bazarlarındakı kəllə-çarxa çıxmış qiymətlərinin məstedici ab-havası hakimiyyətdəkilərin hələ də real proqnoz vermək istəyinə mane olur? Axı, müstəqil ekspertlərin həyəcan təbilinə inanmırsınızsa, heç olmasa aktiv işlədiyiniz Beynəlxalq Valyuta Fondunun proqnozlarına bir nəzər yetirin! Onların qənaəti isə ürəkaçan deyil – hökumət iqtisadi islahatlara başlamasa, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı tənəzzül dövrünə qədəm qoyacaq. Bu isə o deməkdir ki, nə ölkə vətəndaşlarının, nə də neftçilərin gün-güzəranının (oxu: halal əməkhaqqı ilə yaşamağın) yaxşılaşması problemli olacaq!