İki dövlət - bir problem

Yerevanda protokolların imzalanmasına etiraz aksiyası

DEPUTATLAR TÜRKİYƏYƏ TƏLƏSİR

Milli Məclisin bir neçə üzvü Türkiyəyə yollanır. Səfərdə məqsəd Türkiyənin siyasət adamlarına bir daha Azərbaycanın problemlərini çatdırmaqdır. Çox maraqlıdır ki, Türkiyə siyasətçiləri də monoton şəkildə Dağlıq Qarabağın işğalına son qoyulmayana qədər Ermənistanla münasibətlərin normal hala gəlməyəcəyini və hətta imzalanmış protokolların Böyük Millət Məclisində ratifikasiya olunmayacağını bildirirlər. Bəs bu vədlər nə dərəcədə inandırıcı görünür?

Bütün bunlara inanmamaq üçün ciddi əsaslar yoxdur, amma inanmaq üçün elə bir ciddi arqumentlər də yoxdur. Riyaziyyatda olduğu kimi, burada da ancaq ehtimaldan danışmaq olar, hər iki hadisənin müəyyən ehtimalı var.

Digər tərəfdən, protokolların imzalanma anı hamının yadındadır. Ermənistan tərəfi protokolları imzalamaq niyyətində deyildi. Amma ABŞ-ın Dövlət katibinin və xüsusən də Rusiyanın Xarici İşlər nazirinin səyindən sonra imzalanma mərasimi baş tutdu. Ermənistan bir daha Rusiyanın aləti olduğunu sübuta yeritdi.

Artıq Rusiyaya gedən Serj Sarkisyan oktyabrın 14-də məşhur futbol matçına yollanacağını deyib. Ən çox maraq kəsb edən budur ki, hamı bir nəfər kimi sənədin Böyük Millət Məclisində ratifikasiya olunmasından danışır. Amma müşahidələr göstərir ki, bu protokolların Ermənistan parlamentində imzalanması heç də asan olmayacaq. Diaspora hətta sənədin imzalanması gününü matəm günü elan edib.

Azərbaycanlı deputatlara gəldikdə isə, səfər onlara da bir o qədər asan gəlməyəcək.
Türkiyəlilər bir şey deyir, müşahidələr isə tamam başqa. Müşahidəçilər təsdiq edirlər ki, imzalanmış sənədlərdə hətta Dağlıq Qarabağın adı da yoxdur.

Üstəlik, Xarici İşlər nazirlərinin və prezidentlərin görüşündə də bu haqda müzakirə olmayıb. Ümid qalır əvvəldə qeyd etdiyimiz ehtimallara.

Ankaranın məntiqinə görə, Azərbaycan Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşmasını, hətta Ermənistanın geosiyasi patronunun dəyişməsini gözləməlidir. Bunun nə vaxt baş tutacağını isə heç kim bilmir.

Burada bir detal var. Əvvəlki illərdən fərqli olaraq Rusiya Ermənistandakı vəziyyəti kardinal şəkildə dəyişmək fikrində deyil. Bunun çox güman ki, iki səbəbi var. Birincisi, Türkiyə siyasətçiləri daim Rusiya ilə məsləhətləşmələr aparırdılar. Görünür, bunlar təsirsiz qalmayıb. İkincisi, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyanın Ermənistanla kommunikasiyasında problemlər yaranıb. Ermənistanı sözün bütün mənalarında saxlamaq Rusiya üçün artıq böyük problemdir. Ona görə də Rusiya öz forpostu üçün əlavə kommunikasiya imkanları yaradır.

İLHAM ƏLİYEY İSƏ İORDANİYAYA YOLA DÜŞDÜ

Vaxt var idi ki, Heydər Əliyev hamını ittiham edirdi ki, sizin Dağlıq Qarabağla bağlı konsepsiyanız yoxdur! Vaxt keçdi. Nə Heydər Əliyevin özü, nə də oğlu İlham Əliyev Dağlıq Qarabağla bağlı hər hansı konsepsiya təqdim edə bilmədilər. Nədir xarici siyasət? İndiki vəziyyətdə İordaniyaya səfər etmək çox vacib idimi?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.