Biz nədən dözümlüyük...

Qismət anlayışı cəmiyyətin normal inkişafı üçün problemlər yaradır

BİZ NİYƏ DÖZÜMLÜYÜK?

Cəmiyyət niyə passivdir? Orta statistik azərbaycanlının davranışını nə məhdudlaşdırır? Tarix boyu azərbaycanlılara hansı davranış tərzi aşılanıb? Bunlardan hansı milli stereotiplərə çevrilərək cəmiyyətin inkişafını ləngidir?

Bu suallara cavab axtararkən yada ilk növbədə səbr və qismət anlayışları düşür. Bəlkə də başqa stereotiplər də var, ancaq bu iki anlayış üzərində qısa olsa da dayanmağa dəyər, çünki məhz onların təhrif olunması bizi bir cəmiyyət kimi istismar etdirir. Güman ki, «xalqımız dözümlü xalqdır» sözləri hamının yadındadır. Vaxtilə Heydər Əliyev bu fikirləri tez-tez təkrar etməyi sevirdi. Bu fikirlər təkrar olunurdu və cəmiyyət öz mövqeyindən çəkilirdi.

Nəticədə aciz bir cəmiyyət formalaşırdı. Stereotiplərlə idarə olunmayan və həyata tənqidi münasibəti ilə seçilən insan dərhal belə bir sual verərdi:

Bəs niyə məmurlarımız və rəhbərlərimiz dözümlü deyil? Niyə onların tamahının sərhədi və həddi-hüdudu yoxdur? Niyə görə bu xüsusiyyətlər ancaq sadə insanlara şamil olunur, onlara təlqin olunur?

Bu sualları davam etdirmək olar, amma məsələ bunda deyil. Əsas olanı budur ki, min illərlə bizə təlqin olunan səbr anlayışı özünün ilkin mahiyyətini itirib. Mənbələrdə, məsələn, səbr anlayışı dinamik xarakter daşıyır və mənası da budur ki, bir iş üçün çalışarkən səbr edin, tez ruhdan düşməyin, bilin ki, çalışsanız gec-tez istəyinizə çatacaqsınız.

Bəs indi nə baş verir? Efir və mətbuat vasitəsilə orta statistik azərbaycanlılara aşılayırlar kİ, hökumətlə hökumətlik etməz olmaz, yolu və ilk sözü yaşca böyük insanlara verin. Məhz «hökumətlə hökumətlik etmək olmaz» fikrinin nəticəsidir ki, ölkədə demək olar ki, heç bir etiraz aksiyası müşahidə olunmur. Sözü və yolu böyüklərə verin! Bəs əgər yaşca böyük olan kəs ancaq yalan danışırsa onda necə? Sözü yenə də onlara verəkmi? Və yaxud da yol məsələsini yada salaq. Bəlkə böyüklər bizə səhv yol göstərirlər? Onda necə olsun?

Hamıya məlumdur ki, insan yaşa dolduqca mühafizəkarlaşır, yenilikləri inkar edir, dəyişiklərə imkan vermir. Hamıya şamil etmək olmasa da, yaşlı adamların böyük əksəriyyəti üçün məhz belə davranış tərzi xarakterikdir.
Nəticədə nə baş verir? Bizim səbrimiz və dözümümüz sınağa çəkilir.

QİSMƏTDƏN YUXARI ARZULAMAMAQ HƏMİŞƏ YAXŞIDIRMI?

Hələ Şərq mütəfəkkiri Cəlaləddin Əfqani ilk dəfə diqqəti qismət anlayışına yönəltməyə cəhd etmişdi. Onun da fikrincə, bu stereotip cəmiyyətin normal inkişafı üçün problemlər yaradır. Həqiqətən də belədir. İnsanların böyük əksəriyyəti belə fikirləşir ki, «yuxarılar» ona görə yuxarıdadırlar ki, bu, onların qismətində yazılıb. Elə «yuxarılar»ın özləri də böyük məmnunluq hissi ilə bunu təlqin etmək istəyirlər. Hər şey ölçülüb-biçilib, kimi ağa, kimi də nökər doğulub, kimi idarəedən, kimi də idarəolunan, kimi varlı, kimi də kasıb!

Bizə təlqin olunan budur. Hər dəfə bunu təlqin edənlərə baxanda bir daha görürsən ki, yox, yaşca böyük olanlar bu dəfə də düz danışmırlar. Eləcə də təbii hüququ yada salanda görürsən ki, insanlar bərabər doğulub və doğulan andan hamıya bərabər hüquq verilib!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.