İki cür dözüm

Ərəb məsəli var ki, çarəsizin çarəsi səbrdir

Azərbaycan xalqı çox dözümlü xalqdır. Bu fikri ilk dəfə keçmiş prezident Heydər Əliyev işlədəndə onu müsbət mənada nəzərdə tutmuşdu. Azərbaycanda baş verənlərin fonunda sadə xalq arasında eyni fikir əks mənada populyarlıq tapdı.

«DÖZÜMLÜ» İNSANLAR

Artıq çoxdandır ki, dözüm və səbrin ənənəvi olaraq əks etdirdiyi müsbət məna ictimai passivlik, korrupsiya və avtoritarizmin zülmünə dözərək səsini çıxarmamağın sinonim ifadəsinə çevrilib. Əhalinin ictimai baxımdan aktiv hissəsi xalqın passivliyindən şikayətlənərək, bəzən bu fenomeni xalqımızın özəl xüsusiyyətləri ilə əlaqələndirməyə meyllənir.

«Bizdən adam olmayacaq» tipli fikirlərin pessimizminə qapılmazdan əvvəl əhalinin passiv təbəqəsinin də düşüncəsini və keçirdiyi hissləri nəzərə almaq lazımdır. Ərəb məsəli var ki, çarəsizin çarəsi səbrdir. Problemə bu prizmadan baxsaq aydın olar ki, indi gördüyümüz ictimai passivlik döyülmüş, əzilmiş, qorxudulmuş, bir sözlə, sındırılmış bir toplumun passivliyidir. Bu insanların passivliyi zülmün səbəbi yox, onun nəticəsidir. Bu səbəbdən də onların ictimai problemlərə biganəliyini nəyəsə dözmək kimi yozmaq «dözüm» anlayışının təhrifidir. Burada söhbət məhz ictimai sistemin basqıları qarşısında fərdlərin kapitulasiyasından gedir, başqa şeydən yox.

DÖZÜMLÜ İNSANLAR

Bu insanlar cəmiyyətimizdə olduqca gələcəyə ümid var. Və onlar elə də az deyil. Bu insanlardan biri - Məlahət Nəsibova artıq neçə illərdir ki, Azərbaycanın ən çətin regionu olan Naxçıvandan AzadlıqRadiosu və «Turan» İnformasiya Agentliyinə operativ reportajlar verir. Bir xeyli jurnalistin ayaq belə basa bilmədiyi yerdə yaşayaraq oradan düzgün hesab etdiyin fikri çatdırmaqdan gedir söhbət. Söhbət o yerdən gedir ki, orada hakimiyyət orqanlarının qəzəbinə tuş gəlinən insanların həbsi, döyülməsi, dəlixanaya salınması, təyyarəyə otuzdurularaq Naxçıvandan Bakıya qovulması, təyyarəyə otuzdurularaq Bakıdan Naxçıvana gətirilərək orada cəzalandırılması artıq heç kimi təəccübləndirmir.

Daha az dramatik nümunələr də var. Azərbaycanın əksər rayonlarında heç olmasa bir neçə adam var ki, onlar uzun illərdir ki, hansısa bir müxalifət partiyasında, yaxud ictimai birlikdə qalaraq gördüklərinə etriaz etməklə yaşayır. Belələrini güc sahibləri sevmir və onları da, onların qohumlarını bu nahamar davranışa görə cəzalandırmağa qalxır iqtidar. İllərdir ki, onların normal bir işə düzələrək ailə saxlamaları iri bir problemdir. Bəzi hallarda belə insanların qohumlarının belə işə düzəlməsi müşkül məsələ olur. Artıq 16 ildir ki, bu adamlar nəinki avtoritar sistemin, hətta qohumlarının və ətraflarının da tənələri qarşısında dözüm nümayiş etdirərək öz yolarını davam etdirirlər.

Bu ağır yükü hər adam çəkə bilmir. Bir qism ölkəni tərk edir, digər bir qism isə hansısa bir dönəmdə təslim olur və həmin an medianı bir «şok açıqlama» bürüyür: Filankəs də satıldı. Bilmirəm bu cəmiyyət alanları da qınamayıb, satılanlara niyə bu qədər diqqət yetirir. Bəlkə ona görə ki, axır ki, onları öz əxlaqları ilə utandıran adamların çökməsi əvvəldən ağ bayraq qaldırmışlara bir mənəvi rahatlıq verir? Yəni, bu adamlar bəlkə doğrudan da belə fikirləşirlər: Mən o qədər qorxaq deyiləm, budur, illərlə düzgünlükdən danışan da axır ki, mən deyənə gəldi. Demək çətindir ki, heç vax mübarizə aparmamış adamların iri mübarizə yolu keçmiş adamları DÖZMƏYƏRƏK sındıqları məqamda ittiham etmələri nə dərəcədə düzgündür. Amma bu insanların üzləşdikləri çətinliklərin miqyasını və həmin çətinliklərə dözmək üçün gərək olan mənəvi gücün miqyasını təsəvvür etmək çətin olmamalıdır.

AZLIQDA QALIB HƏQİQƏTİ MÜDAFİƏ ETMƏK

Hikmət Hacızadənin azlıqda qalaraq mübarizə aparmaq haqqında maraqlı bir fikri vardı. O deyirdi ki, əgər insan azlıqda qalaraq həqiqəti müdafiə edirsə, o olduğu vəziyyətdə həqiqəti o vaxta qədər müdafiə etməlidir ki, cəmiyyətin qalan hissəsi də ona qoşulsun və o, çoxluqda olsun. Bu gün bu fikirlərin müəllifinin oğlu Adnan Hacızadə həmin yolu tutub gedir və artıq ilk sınağını yaşamaqdadır – məhbəsdə! O da ondan əvvəlki və onunla həmyaşıd həmfikirləri kimi düzgün hesab etdiyi yolda addımlayır və bu yolun onun qarşısına çıxardığı sınaqlara DÖZÜR.

Dözüm iradəyə bağlı bir anlayışdır. Qorxağa dözümlü demək olmaz, çünki onun zülmə qatlaşmasının səbəbi yalnız və yalnız zalimin gücü qarşısındakı qorxudan qaynaqlanır. Bu, sadəcə bir qul itaətidir.

Dözüm anlayışını qorxaqlığın sinonimi kimi işlətməzdən əvvəl illərlə hər cür basqılarla üzləşərək öz yolarından dönməyən adamların həyatını göz önünə almaq, bu uzun yolda ölənləri-itənləri fikirləşmək, yalançı ittihamlarla məhbəsdə illərini xırdalayanları düşünmək lazımdır. Bəlkə onda əyri güzgülərimizi bir az düzəldərdi. Güzgülərimizi isə düzəltmək çox vacibdir, çünki zülmün qələbəsinin ən əsas səbəblərindən biri cəmiyyətimizdəki ölçü meyarlarının təhrif olunması - halal-haramın itməsi, haqq ilə nahaqqın sərhədlərinin yayğınlaşması, oğrunun doğruya qarışmasıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.