Şəffaf Azərbaycanın qapalı neft (PSA) layihələri

Artıq məlum olduğu kimi, mayın 22-də Azərbaycan parlamenti «Production Sharing Agreement» (PSA – hasilatın pay bölgüsü haqqında saziş) tipli 3 neft müqaviləsini ratifikasiya edib. Bizim diqqətimizi çəkən quruda yerləşən «Kürovdağ» blokunun (Bakıdan 110-120 km cənubda) işlənməsi (operator – «Global Energy», Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb) və Bakıdan 140-150 km cənubda yerləşən «Neftçala», «Xıllı», «Durovdaq-Bazanan» yataqlarının («Neftchala Investment Ltd» – «Global Energy»nin törəmə şirkəti) işlənməsi üzrə müqavilələrdir.

Həmin müqavilələrin xüsusiyyəti ondan ibarətdir ki, müasir Azərbaycanın tarixində ilk dəfədir ki, onların açıq imzalanma mərasimi keçirilməyib və ən maraqlısı odur ki, bu barədə ölkə ictimaiyyəti müqavilə parlamentdə müzakirəyə çıxarılana qədər məlumatlandırılmayıb. Hətta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında bu günə qədər həmin müqavilələr barəsində heç bir məlumat dərc edilməyib.

Yalnız parlamentdəki müzakirələr zamanı məlum olub ki, müqavilələrin imzalanması 3 fevral 2009-cu il tarixdə Bakıda SOCAR-in mənzil-qərargahında olub. Tarixə fikir verin – müqavilənin Milli Məclisin müvafiq komissiyasında müzakirəsi isə 18 mayda olub, yəni düz 104 gün bu müqavilələrdən cəmiyyətin heç bir xəbəri olmayıb. Azərbaycan tərəfindən müqavilələri SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalayıb. İkincisi, SOCAR ilə hər iki müqaviləni xarici şirkəti tərəfindən eyni bir şəxs - Rusiya Federasiyasının vətəndaşı İqor İvanoviç Kirdoda imzalayıb. Üçüncüsü, hər iki müqavilədə SOCAR-ın ortaq şirkətinin payı 20%, xarici şirkətin payı isə – 80% təşkil edib.

Bundan başqa, 2009-cu ilin aprelində Azərbaycanın Vergilər Nazirliyində «Shirvan Investment Limited» şirkətinin (Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb) Bakı filialı qeydiyyatdan keçib və onun rəhbəri RF vətəndaşı İqor Kirdodadır. Keçən ay həmçinin «Shirvan Operating Company» (Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınıb) şirkətinin filialı qeydə alınıb və onun rəhbəri Rusiya vətəndaşı Nail Qaripovdur. Həmin strukturlar «Kürovdağ» yatağının işlənməsi çərçivəsində yaradılıb.