Ramazan duaları

«Təzə Pir» Məscidi

Əslində uzun illərdir ki, dua edirəm. Həyatımın 90-cı illəri elə Vətənin halına bənzəyib. Vətənin halı da ki, hamıya bəlli. Ağlamalı…lap Hind filmləri kimi. Yetər! Belə istəmirəm! Qoy Hollivud filmləri kimi olsun. Nə qədər əzablı, keşməkeşli, gərgin olsa da, axırı xoş sonluqla bitsin. ŞƏR məğlub olsun, dizin-dizin sürünsün. Mən də baxıb ürəyimdən tikan çıxarım. Hamı baxıb XEYRİN ŞƏRİ üstələdiyini görsün. Bu həqiqətin əvvəl-axır gerçəkləşəcəyinə, heç olmasa, filmdən baxıb inansın. Mən sevməsəm də, Hollivud filmlərinə bu səbəbdən baxıram. Ürəyimdən tikan çıxarmaq üçün!

Allahım! Bir xeyli fikirləşib Bayramın son günündə Sənə üz tutmağa qərar verdim. Məni dinlə! İllərdir ürəyimdən keçirdiyim, ancaq Sənin eşitdiyin duaları bu gün hamıya eşitdirmək zamanı gəldi.

Allahım!

--Məni hər dəfə veriliş hazırlayarkən, yazı yazarkən, bir Vətən övladının ömür tarixçəsini vərəqlərkən keçirdiyim hisslərdən, çəkdiyim əzablardan, tökdüyüm göz yaşlarından xilas et. Qoy mən də bəziləri kimi, bir az qulağı kar, gözü kor, qəlbi daş olum.

--Elə et ki, məni Həsən bəy Zərdabinin 3 dəfə məzar dəyişməsi ağlatmasın!

--23 yaşlı Asəf Zeynallının ölüm yatağında xəstəxana divarına yazdığı son simfoniyanın səsləri yuxumu qaçırmasın.

--Əliağa Şıxlinskinin, o nəhənglikdə «top tanrısının» həyatının son illərində tək-tənha, oğulsuz-qızsız, Nigarsız yaşaması, dönə-dönə yazdığı Vəsiyyətnamələrdə Nigarının yanında basdırılmasını arzulaması kövrəltməsin...

-- Hərbiyə Naziri Səməd bəy Mehmandarovu nazir olduğu vaxtlar oturduğu binanın qarşısını ağ saçlarıyla süpürməyə məcbur edildiyi dəliyə döndərməsin.

--Məhəmməd Əmin bəyin övladlarının Sonu qəlbimə dağ çəkməsin!

--Arxadan zərbə ilə qətlə yetirilən Nəsib bəy Yusifbəylinin, Fətəli xan Xoylunun, Həsən bəy Ağayevin nigaran ruhları məni incitməsin.

--Qürbətdə ölməyə məhkum edilmiş Vətən oğullarının—Əlimərdan bəyin, Ceyhun bəyin, Məhəmməd Əmin bəyin, Mirzə Balanın, Hüseyn Baykaranın, Kərim Yayçının, Ə. Düdənginskinin qərib məzarları yuxuma girməsin!

--Türk ordusunu Bakıya gətirən Həbib Əfəndinin, onun güllələnən qardaşlarının zindanda, ölümqabağı çəkilən şəkilləri yarama duz basmasın!

--Müşfiqlərin, Cavidlərin, Almasların, Əmin Abidlərin, Salman Mümtazların… daha kimlərin günahsız qanları qəlbimi sızlatmasın.

Allahım!
--Bizi etdiklərimizdən və etmək istədiklərimizin xətasından qoru!

--Şərə qulluq edənləri cəzalandır!

--Onların ruzi-bərəkətini kəs!

--Yalançı bütlərə sitayiş edənlərə doğru yol göstər!

--Vətən torpağına ancaq alınıb-satılan, qazanc götürülən bir şey kimi baxanlara amansız ol!

-- Fikri-düşüncəsi nəyin bahasına olursa-olsun sərvət toplamağa yönələn, bu yolda hər şeyi tapdalayıb keçənlərin fikrini aydınlat.

--Neft və milyonlar Bakısında, eynən 100 il əvvəlki kimi göyə yüksələn ah-nalələrə baxmadan yalnız özünü düşünənlərin şərindən bizləri qoru!

Müqəddəs Ramazanın son günündə səndən ricam budur ki:

--Bizləri Azad Dünyayla bütünləşdir!

--Azad və bütöv Vətəndə qocalmaq səadətini bizə çox görmə!

--Bizlərə gerçək demokratiya dadızdır!

--Ac-yalavac, çarəsiz bəndələrinə arxa ol!

--Evsiz-eşikləri yurd-yuva sahibi et! Qoy bu istəkdən kirayədə illərdir saç-saqqal ağardan həmkarlarıma da pay düşsün. 19 il sonra xoşbəxt bir ölkədən Bakıya gələn bir soydaşımız onları qocalmış, çarəsiz, ümidsiz görməsin… Onlardan bir parça torpağını əsirgəmə!

--Həbsxana guşələrində çürüyənlərin hayına yetiş. Elə jurnalistlərin -- Qənimət və Eynullanın da! Emin Millinin yoluna işıq sal. Əynində qısa şalvar həbsə sürüklənən Adnan balamızı xatırlayıb üzülməkdən bizləri xilas et!

--Bizə adi, insani arzularımıza çatmaqda yardım et, İlahi!

Amin!