Ya Qarabağ, ya da...

Ermənilər ümumiyyətlə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını təsəvvür edə bilmirlər

Misal var deyirlər ki, cəhənnəmdə bir daş var, qaldırsan da peşmanlıq çəkərsən, qaldırmasan da. Qarabağ probleminin sülh yolu ilə həllindən danışanda istər-istəməz bu qədim zərb-məsəli yada düşür.

Məsələ bundadır ki, indi ATƏT-in Minsk qrupunun həmsədrləri çox böyük fəallıq nümayiş etdirirlər və hətta bu il ən azı çərçivə müqaviləsinin imzalanmasının mümkün olduğunu təkid edirlər. Amma sülh yolu həll o deməkdir ki, hər iki tərəf müəyyən güzəştə razı olmalıdır. Bu isə çətin məsələdir.

Ərəb-İsrail probleminin həllindən söz düşəndə rusiyalı siyasətçilər, diplomatlar, mütəxəssislər israr edir ki, ərəblərlə yəhudilər bütün məsələlərdə razılığa gələ bilsələr də, Qüdsü bölə bilməyəcəklər. Azərbaycanla-Ermənistan arasında da belə prinsipial çətinliklər var. Ermənilər indi ancaq işğal altında olan rayonlardan 5-nin azad edilməsindən danışırlar. Bəs Şuşanın taleyi necə olacaq? Hələ ki cavab yoxdur! Bəli, indi Ermənistan mərhələli həll planına çox yaxındırlar. Hətta çıxışlarında ətraf rayonlardan birinin, Ağdamın onlara məxsus olmadığını deyirlər. Burada da Yerevanın mövqeyi problematik olaraq qalır. Onun rəhbərləri təkcə Ağdamın yox, bütün işğal olunmuş ətraf rayonların da adını çəkə bilərdilər, amma çəkmirlər.

İlk mərhələdə bir neçə rayonun azad edilməsindən və Dağlıq Qarabağa keçid statusunun verilməsindən danışırlar. Burada da Ermənistanın diktəsi hiss olunur. Onlar Dağlıq Qarabağdan kənarda yerləşən rayonları dərhal və qeyd şərtsiz azad etməlidirlər. Ən azı bu vaxta qədər qəbul olunmuş BMT-nin dörd qətnaməsi bunu deməyə əsas verir. Üstəlik, Ermənistan bu vaxta qədər Qarabağ haqqında qəbul etdiyi qərarları da ləğv etməlidir.

Dağlıq Qarabağa keçid statusunun verilməsinə gəldikdə isə bundan danışmaq da çətindir. Düz beş il Dağlıq Qarabağ Azərbaycandan hər hansı formada asılı olmayacaq. Bu müddət bitdikdən sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütünlüyü pozulmamaq şərtilə status vermək nəzərdə tutulur. Burada da ciddi anlaşılmazlıq var. Artıq Azərbaycan Ermənistana bütün muxtariyyət modellərini təklif edib, hətta Tatarıstana verilən muxtariyyətin Dağlıq Qarabağa da verilə biləcəyi də deyilib. Amma bunların hamısını Ermənistan rədd edib. Onlar, ümumiyyətlə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını təsəvvür edə bilmirlər. Erməni siyasətçiləri bunu açıq şəkildə bəyan edirlər.

Hərbi yoldan danışanda bunu etiraf etmək lazımdır - Gürcüstanın taleyi hələ də yaddaşlardan silinməyib. Azərbaycan sözünün həqiqi mənasında dalana dirənib. Sülh yolu ilə problem həll olunmur, hərbi yolun isə perspektivi inandırıcı görsənmir.

Bax, burada cəhənnəmdəki daş haqqında məsəl yada düşür. Nə edəsən?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.


QARABAĞ DANIŞIQLARI İLƏ BAĞLI FORUMDA İŞTİRAK ET.