Quzum, yavrum, adın nədir?..

Cavid Əfəndi bütün həyatı boyu doğrunu təsdiqlədi, yalansız yaşadı. Onu nə gözlədiyinin fərqinə varmadan!

...Bu şeirin mənim həyatımda xüsusi yeri var - Hüseyn Cavidin «Qız məktəbində» şeirini deyirəm. Övladlarım bu misralarla dil açıb böyüyüblər. Onların söylədiklərinin maqnitofon lentinə köçürülmüş yazısı hələ də qalır:

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Pəki, sənin anan, baban varmı?
-Var.
-Nasıl, zənginmidir baban?
-Əvət, zəngin, bəyzadə...
-Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
-Var əfəndim, var...lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...

Cavid Əfəndi bütün həyatı boyu doğrunu təsdiqlədi, yalansız yaşadı. Onu nə gözlədiyinin fərqinə varmadan! Bu, onun ilk şeirlərindəndir. Aşağı-yuxarı 100 yaşı var!

GÖRDÜKLƏRİMİZ ÇOXDUR, GÖRƏCƏKLƏRİMİZ?...

Əcəba, belə örnəklərimiz varkən (A.Səhhəti, A.Şaiqi xatırlayın), niyə biz zaman-zaman övlad tərbiyəsi ilə bağlı problemlər yaşayırıq? Nədən uzun illərdir ki, iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə gördüklərimizdən, görəcəklərimizdən danışıb da, gördüklərimizin çəkisinin daha çox olmasını umuruq? Günah kimdədir? Övladlarına gərəkli təhsili, tərbiyəni verə bilməyən biz valideynlərdə, görmək istədiklərimizi görə bilmədiyimiz Cəmiyyətdə, yoxsa heç nəyimizi əsirgəmədiyimizi düşündüyümüz balalarımızda?

UŞAQLARIMIZ YALANLA BİRGƏ DOĞULURLAR!

Bu uydurma deyil, gerçəklikdir.
Əməlli-başlı xərc hesabına doğum evinə vida edirsiniz. Verməsəniz, hər şey ola bilər! Səni doğuş kreslosunda yalnız qoyub üzlərini yana çevirə bilərlər. Öz növbəsinə düşmək üçün doğuşu sürətləndirə bilərlər. Uşağın göbəyini vaxtından qabaq çəkə bilərlər və s. Bu qorxu uzun illərdir bizi izləyir. Amma sən «təki burdan sağ-salamat çıxım gedim» deyib hər şeyə göz yumursan...

Uşaq böyüyür, bağça yaşına çatır. Daha bir yalanla tanışlıq dönəmi başlayır. Saymağa gərək varmı? Hər şeyi özünüz bilirsiniz! Bağçaya düşmək üçün verilən şirinlikdən də, orda yeyilən yeməkdən də, tərbiyəçilərin «tərbiyəsindən»də, öyrətdiyi şeirdən, oxutduğu mahnıdan da xəbəriniz var. Ancaq susursunuz! Daha ləyaqətli övlad böyütmək çabalarınız davam edir... Unutmayın ki, uşaqlarınız hər şeyi görür və yadda saxlayır! Məktəb dövrü yetişir...

MƏKTƏB İLLƏRİ, ÖMRÜMÜN ƏN ŞİRİN, QAYĞISIZ İLLƏRİ...

Doğrudanmı şirin, qayğısız? Axı uşaqlarınız bir az da böyüyüb, hər şeyi daha aydın dərk edirlər. Elə yalan da böyüyüb! Kimin kim olduğu, nə qədər aldığı, hansı yola qulluq etdiyi məlum. Uşaqlarınız bütün olub-keçənlərdən artıq gülə-gülə, məzələnə-məzələnə danışırlar. Bax, elə iki gün öncə bir məktəb direktoru «son zəng»də «on birinci»lərin ikicə saat zalda musiqi sədaları altında əylənməsi üçün (yasaqdı, axı) hər sinifdən 300 manat istəmişdi. Bu dəfə səbir kasası dolub daşmışdı... Amma... «təki burdan sağ-salamat çıxım gedim» fəlsəfəsi işə düşdü və hər şey sovuşdu... Direktor mübarək qədəmlərini «son zəng» tədbirinə basdı, hətta utanmadan nitq də söylədi, hamını yeni həyata səslədi, amma bu yeni həyatda onları nələr gözləyəcəyi barədə danışmadı... Hə, diskoteka baş tutdu! Nəyin hesabına, onu artıq bilirsiniz...
Lap təzəlikdə bizə SMS göndərən bir oxucumuz 2-ci sinfin «Oxu» dərsliyindən narazılıq edir. Sən demə, o dərslikdə «Şanlı 28 may»dan danışan bölmədə Cümhuriyyət fədailərinin adı çəkilmir. Ancaq o kitabda kimlərin adı var?...
Və yaxud başqa bir misal. Müəllimə anasının seçkidəki məcburi «fəaliyyətindən» gülə-gülə, həm də çarəsizcə mənə danışan müasir Cavidin çaşqın baxışlarını unuda bilmirəm. Mən ona təsəlli üçün heç nə söyləyə bilmədim. Ancaq ürəyimdə o tanış sual yenidən baş qaldırdı: Bu yol bizi hara aparır? Bizi hansı sınaqlar gözləyir?
Dayan, unutma, «Can Bakı» üç aydır ki, virtual məkandadır. Sözünə davam et: Qarşıda ali məktəb durur!

YALAN AYAQ AÇIR, HƏTTA YERİYİR DƏ...

Daha bir xəyal qırıqlığının yaşandığı məkan! Bu daha ağ oldu deməyin. Siz bu yolu özünüz seçmisiniz. Demək, davam etməlisiniz (bəlkə dayanasınız?). Artıq uşaqlarınız gənclik yaşına çatmaqdadı. Amma dünyanın altını da bilirlər, üstünü də. Universiteti necə başa vurmağın yolunu da tapacaqlar. Hərdən öz etdiklərindən xəcalət çəksələr də, rüşvətxor müəllimlər barədə gülməcələr danışsalar da, tutduqları yolu axıracan gedəcəklər. Kimin sayəsində? Hamımızın sayəsində - sizin, mənim, onun! Kimdir günahkar? Guya cavabı bilmirik. Deyinirik, danışırıq, günahı başqasının üstünə atırıq, müzakirələr açırıq, debatlar təşkil edirik, ildə bir dəfə - iyunun ilk günündə onları müdafiənin önəmindən danışırıq, hətta onlara bütöv il həsr edirik, amma əsl günahkarı tapa bilmirik, tapmaq istəmirik!...

CAVID ƏFƏNDİNİN ŞEİRİ ELƏ QALDIĞI YERDƏN DAVAM EDƏCƏK

Yadınıza salım ki, bəyzadə ailəsindən çıxmış kiçik bir məktəbli qızcığaz müəlliməsinin ona öyrətdiyini şairə xatırladırdı: «Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti» - söyləyirdi və şair «Çox doğru söz!» - deyə bu qənaəti təsdiqləyirdi. Onda Cavid əfəndi kiçik yavruya - Gülbahara növbəti sualını ünvanlayırdı:

-Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
-Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
-Sonra kimlər?
-Sonra onun göndərdiyi elçilər.
-Başqa sevdiklərin nasıl, yoxmu?
-Var...
-Kimdir onlar?
-Anam-babam, müəlliməm, bir də bütün insanlar...

Vəssalam. Gülbaharın 100 il öncə dediklərinin şərhə ehtiyacı varmı?
-Var!