İblis & Mələk

Mir Cəfər Bağırov bədbəxtlikdən Xədicə xanımı tanıyırmış...
Qəribədir, bu yazıya ad qoyarkən, niyə İblisi başa keçirdim? Axı, elə «Mələk & İblis» də yaza bilərdim. Amma yazmadım. Böyük Cavid demiş:

Yüz min deyil İblisə uyan...həp bəşəriyyət,
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət.

Elə Cavid əfəndi özü, repressiyaların tüğyan elədiyi dönəmdə - 30-cu illərdə nə cəsarətlə «İblis» yazmışdı?

Mən tərk edirəm sizləri, əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayam azim!
İblis nədir? - Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir? - İblis!..

Yox, əziz oxucu, bu dəfə Hüseyn Caviddən danışmayacağam (onun da zamanı gələcək). Bugünkü qəhrəmanım Qadındır, musiqiçidir. Mayın 24-də doğum günüdür - 116 yaşı tamam olur. Ancaq onun cəmi 45-ni yaşaya bilib.

Mələk - Xədicə xanım Qayıbovadır. Azərbaycanın ilk pianoçu qadınlarından biri. İblisin kimliyini bir azdan biləcəksiniz...

Mələk məşhur Qayıbovlar soyadının gəliniydi

1893-ci il, Tiflis doğumluydu. Atası Osman Müftizadə Torpaq İdarəsində yerölçəndi, anası məşhur Terequlovlardan idi - Züleyxa xanım (Terequlovların 2 qızı - Məlikə və Badigülcamal Üzeyir bəyin və Müslüm bəyin ömür yoldaşı idi). 6 uşağın böyüyü Xədicəydi. Atası qızını mütləq təhsilli görmək istədiyindən, dövlət hesabına oxutmaq üçün çara xahişlə müraciət edir. 2 boş yer, 200 ərizəverən. Püşkatma Xədicəni «Müqəddəs Nina» Qız Məktəbinin şagirdi edir. Atası, bacısı və qardaşı vərəmdən öldüyündən, təhsili davam etdirmək mümkün olmur. 1911-ci ildə - məktəbi bitirdiyi gün o Zaqafqaziya Ruhani İdarəsinin baş müftisi, məşhur din alimi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu Nadirə ərə gedir. Və olur Xədicə xanım Qayıbova.

Xədicə xanımın həyat yoldaşı yol mühəndisiydi

Təzə gəlin tatar (Azərbaycan) məktəbinə işə düzəlir. «Müqəddəs Nina» məktəbində həm də adlı-sanlı musiqi müəllimlərdən elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrəndiyindən, ərə gedəndən sonra da musiqini unutmur. Özü demiş, bu, sonralar onun bütün həyatının qayəsinə çevrilir...

1919-cu ildə Qayıbovlar Bakıya köçürlər

Və Xədicə xanım başlayır şəhərin mədəni həyatına qatılmağa. Qadın sənətçilərin az olduğu Bakıda tezliklə şöhrətlənir, kübar məclislərin yaraşığına çevrilir. «İsmailiyyə»də düzənlənən konsertlərdə çıxış edir. Deyirlər, Hacı Zeynalabdin Tağıyevin Xədicə xanıma xüsusi hörməti varmış. Hətta ona üstündə öz inisialı olan serviz və çox qiymətli brilyant qaşlı üzük də bağışlayıbmış...( R.Hüseynov)

Xədicə xanım muğamları, xalq mahnılarını fortepianoda çalırdı! Bu da onun şöhrətini daha da artırırdı (hələ Vaqif Mustafazadənin, Rafiq Babayevin doğulmasına xeyli vardı). Onun evi tezliklə sənət məbədinə çevrilir. Şah döngəsindəki 16 saylı binada keçirilən ziyafətlərə Bakının elitası toplaşırmış. Musiqiçilər, aktyorlar, şair-yazıçılar, şəhərə qonaq gələn xarici sənət adamları bu salonu bəzəyərmişlər. Qohum-qonşu isə onun pəncərəsinin altına yığışıb, möhtəşəm çalğıya qulaq kəsilərmiş...Sovet dövründə də bu ənənə davam edirmiş...

Xədicə xanım gözəlliyi, kübarlığı ilə hamını heyran qoyurmuş...

Xədicə xanım Konservatoriya təhsili alır. Özü də nəzəriyyə və kompozisiya fakültəsində. Xalq Maarif Komissarlığında Şərq musiqisi şöbəsinin müdiri olur. Peşəkar musiqiçiləri başına yığıb, Şərq Konservatoriyası yaradır. Elə həmin musiqiçilər də, öz dediyi kimi, o zaman təşkil edilən Şərq orkestrinə daxil olurlar. Xədicə xanım konsertlər verir, Teatr Texnikumunda dərs deyir. O, hətta xalq dastanlarının, mahnılarının və muğamların toplanmasında iştirak edir.

Çox enerjili və nikbin qadın olan Xədicə xanım həm də gözəlliyi, kübarlığı ilə hamını heyran qoyurmuş...

İblisdən danışmaq zamanı gəldi!

İblis kim olsa yaxşıdır? Mir Cəfər Bağırov! Bədbəxtlikdən, o Xədicə xanımı tanıyırmış. Nəinki tanıyır, hətta onda gözü varmış! Xanım isə onu birmənalı rədd edirmiş (yeri gəlmişkən, Xədicə xanım 2 uşaq anasıymış). Əri Nadiri 2 dəfə tutub-buraxırlar. Ərindən ayrılır. 1934-cü ildə 2-ci dəfə evlənir. Ondan da əl çəkmirlər. 1937-də tutub sonra güllələyirlər.

İlk dəfə Xədicə xanımı 1934-cü ildə həbs edirlər. Ancaq tez buraxırlar. 1938-ci il martın 18-də isə ikinci dəfə, evindən - balaca qızının gözü qabağında aparırlar. Həmişəlik…

Xədicə xanım həbsxanada da musiqiçi olduğunu unutmurmuş!

Tutulan gecəsi onu aparmağa gələn qara paltarlı adamlara dərs vermişdi. Pal-paltarı yığılmış çamadanı götürməmişdi. «Mən pianoçuyam. Ağır şey qaldıra bilmərəm. Siz götürün» - demişdi. Ən dar günündə də piano çalan barmaqlarının qeydinə qalmışdı. Elə həbsxanada da şuxluğunu, iradəsini saxlaya bilibmiş. Zümzümə, hətta rəqs edirmiş. «Mən musiqiçiyəm, gərək özümü qoruyam, sarsılmayam!» - söyləyirmiş yanındakı qadınlara...

İblis özü onu güllələyir?!

Deyilənə görə, hə! Dindirilmələr yekunlaşandan sonra, onu İblisin özü sorğu-suala tuturmuş. Və bu sorğu-sualların birində Xədicə xanım dözməyib onun üzünə tüpürür...Gerisi məlum...

Qərara alındı: Qayıbova Xədicə Osman qızı - Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin.
Bu, Azərbaycan SSR XDİK-in xüsusi üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarıdır.

Xədicə xanımın övladları və qohumları onun güllələndiyini düz 16 ildən sonra bildilər. Qızı Alanqu xanımın 1954-cü ildən etdiyi müraciətə 1956-cı ilin fevralında cavab gəldi: Güllələnmə haqda qərar ləğv olunsun, Qayıbovanın hərəkətlərində cinayət tərkibi olmadığı üçün iş xətm olunsun...(Z.Bünyadov)

İblis 1956-cı ilin martında mühakimə olundu və güllələndi.

Amma bu - şirmayı dillər üzərində gəzən barmaqların sahibini geri qaytardımı?
Qaytara bildimi?