Azərbaycanda yaşayıb da, bu dünyaya övlad gətirməyə dəyərmi?..

Azərbaycanda ümidi olan da, olmayan da dünyaya övlad gətirir, iş qurur, ev tikir…

Bu sualı verməyim səbəbsiz deyil. Son dörd-beş ildə ən müxtəlif müsahiblərimdən özü də anaların yox, ataların dilindən dönə-dönə eşitmişəm ki, bu ölkədən getmək imkanları olsa da, bunu ağıllarından keçirmirlər. Amma ardınca da etiraf edirlər, özləri bura bağlanıb qalsalar da, övladlarının burda kök salmalarını heç istəmirlər. Onların başqa yerdə yaşamasına, başqa ölkənin vətəndaşı olmasına çalışırlar… Aralarında jurnalisti də var, hüquqşünası da, siyasətçisi də, müxalifətçisi də, məmuru da...

Kimin naminə yaşamalı?

Atalar öz övladlarını ən böyük anaya – Vətənə etibar etməyəcəksə, o zaman Azərbaycan adlı dövlətdə nəyin və ya kimin naminə yaşamalı?

Adətən, atalar ömür boyu qurduqlarına oğullarının sahib çıxmasını, tikdikləri evdə, yaxud dədə-babadan qalma yurdda oğlunun və ya qızının çıraq yandırmasını istəyirlər. Bu dünya bir varislik ənənəsi üstündə bərqərardır həm də. Atalar həm də yarımçıq işlərini övladlarının tamamlayacağına inanırlar, maddi və mənəvi borclarını balalarının ödəyəcəyi ilə ovunurlar (bəlkə də bu səhvdir), onların çin olmayan arzularının balalarının gerçəkləşdirəcəyinə ümid edirlər. Yoxsa yaşamaq olmaz. Yoxsa yaşamaq olar?...

Görünür yaşamaq olar ki, Azərbaycanda ümidi olan da, olmayan da dünyaya övlad gətirir, iş qurur, ev tikir… Amma günün birində burdan getmək arzusunu içində yaşadaraq…

Bir neçə il əvvəl «Azadlıq» qəzetinin mərhum redaktoru Nəcəf Nəcəfovla bağlı reportaj üçün «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə danışırdıq. Müsahibəsində dedi ki, Nəcəf bəy övladlarını Azərbaycana etibar etmədi. Bilirdi ki, ömrü az qalıb, ona görə də çalışırdı ki, onun ölümündən sonra uşaqları burdan köçsün. Və bunu bacardı da! Ölümündən az sonra həyat yoldaşı iki qızını da götürüb Londona getdi… Gedərayaqda olan ata iki qızının bu cəmiyyətdə tab gətirəcəyinə inanmırmış. Arif bəy belə dedi. Dedi ki, Nəcəf bəy qızlarını normal hərarətə malik - 36,6 dərəcə temperaturu olan cəmiyyətdə yaşamağa öyrətmişdi. Azərbaycan cəmiyyətindəsə… onlar küçəyə çıxan kimi müdafiəsiz qalacaqdılar…

Azad ruhlu Nəcəf bəy…

Dünyadan köçünü çəkən ata bəlkə ürəyinin bir küncündə qızlarını bu cür tərbiyə etdiyinə görə peşmanıydı?! Onları doğruya göz yummağa, rüşvət almağa və verməyə, yalan danışmağa və bu cəmiyyətdə duruş gətirə bilmək üçün bilmirəm daha nələrə öyrətmədiyinə görə peşmanıydı?..

Bu addımı Nəcəf bəy atmışdı – AZAD SÖZÜN, yaratdığı kollektivdə Azad Ruhun var olması üçün əlindən gələni edən, buna parlaq nümunələr göstərən Nəcəf bəy.

Qılıncının dalı da, qabağı da kəsən birinci katibin qarşısında kimlərsə tir-tir əsəndə o yumruğunu kürsüyə çırpmaqdan çəkinməmişdi. Nəcəf Nəcəfov qoluzorludan qorxmurdu, haqqın güclü olduğuna inanırdı.

Amma… Nə yazıq ki, mübariz Nəcəf bəy də günün birində, hansı məqamdasa təslim olmuş, qırılmışdı. İndiki Azərbaycan reallığına boyun əyməli olmuşdu. Bir də bəyəm bir tək omu təslim olmuşdu? Ümidlərini öz əliylə dəfn edən bir tək o idimi?...

Demək ki, bir çox yaşıdları kimi Nəcəf bəy də qızlarının onun tutduğu yolun yolçusu olmasını, əliylə yaratdığı və ya bu qəzetdən nümunə götürəcək bir başqa mətbuat orqanında işləmələrini istəmədi. Belə bir qəzet yoxuydu çünki. Demək ki, onun arzuları bir yana, qurduqları yıxılıb-dağılmışdı gözü önündə və Azərbaycanda övladlarına qoyacaq İŞİ, ARZUSU, DEYƏCƏK SÖZÜ qalmamışdı… Ən başlıcası müstəqil, azad və demokratik olması üçün sözüylə mübarizə apardığı bu dövlətə, onun düzələcəyinə ümidini, gümanını itirmişdi… Bəlkə də bu inamsızlıq onun içindən gəmirə-gəmirə, içində kök ata-ata vaxtsız-vədəsiz axırına çıxmışdı?..

…Bu bir tək onun aqibətiydimi?

…O zaman yolumuz hayanadır? O yerə ki orda normal yaşama şəraiti – yeməyi, içməyi, geyimi olub da, amma boynu bükük bir qərib, iddialarımızdan, mübarizəmizdən, yolumuzdan vaz keçmiş sabiq Azərbaycan vətəndaşı olacağıq?.. Kökümüzdən qopmuş çiçək kimi büllur güldanda ömrümüzü uzatmağamı çalışacağıq?..

Övladlarımızı – ən dəyərli varlıqlarımızı əmanət etmədiyimiz Azərbaycanın qapısını-bacasını bağlayıb, «bura yaşamaq üçün yararlı deyil» deyib də baş götürüb qaçacağıq?... Bizi doğan analara yazıq, bizim dünyaya gətirəcəyimiz balalara yazıq…

«...Azadlığa həsrət vətəndə dünyaya azad ruhlu övlad gətirmək çabalarımız yetər!» Sevda İsmayıllı yazmışdı bunu. Bu cümlə məni də düşünməyə vadar etdi. Və hələ də düşünürəm: bu dünyaya, ya da Azərbaycan adlı balaca dünyaya övlad gətirməyə dəyərmi?..

…Amma yenə də… dünyaya körpə gəlir!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.