Aprelin 18-i dünyada «Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü»dür. Belə bir günün anılmasına BMT qərar verib. Bəlkə də bizi və bizlər kimiləri nəzərə alıb – xalqları unutqanlıq azarından qurtarmağı hədəfləyib: - Nadir şahın Muğanda məşhur «Şah qurultayı»nı keçirdiyi yerdə kiçicik bir lövhə asmağı unutmuşuq (Bakıda tikilən körpülərdə qızıllı hərflərlə oyulan «dəftərxana yazıları» kimi); - İçərişəhərdə Həsən bəy Zərdabinin «Əkinçi»ni çapa hazırladığı mənzilini, Hüseynqulu Sarabskinin evini, Nizami küçəsində Xalq Cümhuriyyətinin milli pulu kəsdiyi mətbəəni yerlə yeksan etmişik; - Siyasi ab-havaya uyub rus çarı və generallarının, Marks və Engelsin, Lenin və Stalinin, növbənöv bolşevik xadimlərinin abidələrini uçurmuşuq; - Təmir və abadlaşdırma hay-küyündə Nəsiminin, Nərimanovun, Vahidin heykəllərini burdan-ora və ya bilinməzliyə atmışıq; - Və s. «Dilsiz Tarix» kimə əlverişlidir? - Bəh-bəhlə ucaldılan və neosaray şairlərinin öyüb gözə soxduğu abidələri uçurdanda nə qazanıb, nə itirdiyimizin fərqinə varmışıqmı? - Tarixi yenidən suvayıb, üstünə yeni kağız və ya rəng vurmaqla köhnə yalanları Yeni Yalanla əvəzlədiyimizi anlamışıqmı? - Hər şeyi sıfırdan başlamaqla özümüzün də sıfırlaşdığımızı sezmişikmi? - Və s. «40 pilləkən» niyə uçurulmaq istəmirdi? - İstanbulda Əhməd bəy Ağaoğlunun son yadigarı Gültəkin xanım dünyadan köçəndə, bu evi və o evdəki ən əziz xatirəni – Şuşadan aparılan antik mebeli alıb saxlamaq Azərbaycan dövlətini və ya onun 1 milyon dollara avtomobil alan varlı sakinlərini çoxmu yoxsullaşdırardı? «Azadlıq» radiosunun həyəcan təbili nədən qulaqardına vuruldu? - Cabbar Qaryağdıoğlunun ruhən Şuşadan Bakıya gətirdiyi «40 pilləkənli ev» nədən uçuruldu? O evin və pilləkənlərin nədən o cür çətinliklə uçurulduğunun sirrini hansı qurum və vəzifəli şəxslər öyrənmək istədi? Cabbar əminin ruhunu incitməyin cəzasız ötüşməyəcəyinin fərqinə kim vardı? O cəzanın necə olacağını kim düşündü? Bodenştedtin açılan arxivi niyə heç kimi maraqlandırmır? Aprelin 16-da Mirzə Şəfinin 215 yaşı tamam oldu. Onu necə xatırladıq? Almaniyaya yollanmaq ağlımıza gəldimi? Prof. Fəxrəddin Veysəlli deyir ki, Bodenştedtin arxivi 1980-ci illərdə açılmalıydı (vəsiyyətinə görə). Kim maraqlandı? Bəyəm alman dilini bilən Fəxrəddin müəllimi Almaniyaya göndərmək, ona yolpulu, otelpulu və dönərpulu vermək belə çətindirmi? «Dünya iqtisadi böhranı Azərbaycandan yan ötüb» demədinizmi? O arxivdən bilinən və bilinməyən Mirzə Şəfi boylanmazdımı? «Xəstəxana divarında simfoniya» dünyanın diqqətini çəkməzdimi? 100 yaşını andığımız Asəf Zeynallının xəstəxana divarına yazdığı simfoniyanın Ağlasığmaz Biganəlik ucbatından it-bata düşməsi barədə yazmışıq. Bir anlığa düşünün ki, hər şey başqa cür olaydı: Asəf Zeynallının qardaşı və dost-tanışları, tələbələri yatalağa tutulmaqdan qorxmayıb xəstəxana divarına yazılmış o simfoniyanın üzünü köçürəydilər! O xəstəxananı və o divarı qoruyaydılar! O xəstəxananın divarıyazılı o otağını muzeyə çevirəydilər!.. Və dünyanın hər ucundan can Bakıya gələn insanlar yolunu o muzeydən salaydılar!.. Ucuz-bayağı, amma bahalı və «azərbaycansayağı» təbliğatdan çox-çox yaxşı olmazdımı? Bax, bütün bunları gözə alıb, deyirəm: bəlkə «Unudulmuş Şəxsiyyətlər və Uçurulmuş Abidələr Günü» də olsun? Siz nə deyirsiniz? |