«Nadanlıq» Tağıyev teatrında tamaşaya qoyuldu!
1895-ci il yanvarın 28-də. Bizim üçün adi sayılacaq tarixi Nəriman bəy ölənəcən unutmadı. Üstündən 30 il sonra - 1925-ci il yanvarın 28-də oğluna yazdığı bitməmiş məktubda o gündən danışdı. Dostlarından təbrik teleqramı aldığını söylədi. 30 ildə heç bir şey etməmişəm - fikrinə düşdü (!). «Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan» yazdı. İctimai fəaliyyətini qabardıb özünə təsəlli də verdi: «Əgər öz işimlə heç olmasa on nəfəri həmin «xəstəliyə» yoluxdurmağa nail olmuşamsa, deməli, mən hədər yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmışəm…»
Bitməmiş məktubda daha nələr var?
Çox böyük nigarançılıq var! Özü də bu hər sətirdə hiss olunur. «Əgər hələ yaşamaq qismətim varsa...»
«Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq»
Nəcəf o günü görmədi. Səbəbini artıq bilirsiniz. Nəcəfin yaşıdlarından xeylisi «o günü» gördü.
«Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm» - bu sözlər də həmin məktubdandır.
«Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır» - bu da.
«…bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir» - MK-ya yazdığı ərizəsinə eyham vurur.
«Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o adamı korlayır». Bu da doktor Nərimanın oğluna vəsiyyətidir. Davamı daha maraqlı və aktualdır:
Bitmək bilməyən məktub
Məktub bitməyib. Hələ də yazılır. Bunu mən demirəm. Tanınmış yazıçı Çingiz Hüseynov deyib. Üç il öncə «Azadliq» radiosunun «İz» mədəniyyət proqramına. O vaxt onun «Bitmək bilməyən məktub» romanı yenicə çapdan çıxmışdı. Bu köşənin səs bölümünü tıklasanız, məktubun nə zaman bitəcəyini təxmin edə biləcəksiniz. Təxminlərinizi mənə də yazın...
«Doktor N.» - dən nə qaldı?
Ölümündən həmən sonra hər şeyi ört-basdır elədilər. Ancaq zəhərləndiyini hamı danışırdı. 30-40-cı illərdə gözəlim Azərbaycanda adını çəkmək, anmaq yasaq idi.
Daha onun doğum günləri də (14 aprel, 1870) az qala unudulub. Dörd il öncə «İz» proqramında dediyim xəbər hələ də aktualdır: Doktor Nərimanın 135 illik yubileyi bütövlükdə susqun qarşılandı.
Vəssalam. Ötən yüzilin ən məşhur və eyni zamanda ən ziddiyyətli şəxsiyyətlərindən birini - Nəriman Nəcəf oğlu Nərimanovu növbəti doğum günündə ötəri də olsa xatırlatmaq istədim. İndi söz sizindir!