Azərbaycan jurnalistikasının himni necə olsun?

«Molla Nəsrəddin»dən karikatura, 1910

-

Tiflis. 7 aprel

Lap uşaqlığımdan «Molla Nəsrəddin»in ilk sayındakı baş yazını əzbər bilirəm. «Sizi deyib gəlmişəm!..» sözləri məni hər dəfə qəhərləndirir. «Azərbaycan jurnalistikasının himni yazılsaydı, həmin sözlərsiz ötüşmək olardımı?» – deyə hər dəfə öz-özümdən soruşuram. Daha bir sualsa mənə indiyədək əzab verir: «Tiflis. 7 aprel adlanan baş yazı niyə Bakı. 7 aprel olmadı?..»

Niyə «Bakı. 7 aprel» olmadı?

Mirzə Cəlilin bioqrafiyasından azacıq xəbəri olan hər kəs bilir ki, o, ötən əsrin əvvəllərinədək Naxçıvanda yaşayıb. Təbii ki, Qori seminariyasında oxuduğu zamanı və İrəvanda məmur çalışdığı qısa dönəmi saymasaq. Bəs necə oldu ki, Cəlil Məmmədquluzadə Bakıya deyil, Tiflisə getdi?

Mirzə Cəlil 2-ci arvadını Tiflisə müalicəyə aparır

O, 1900-cü ildə 2-ci dəfə evlənmiş (ilk xanımı dünyasını dəyişdiyindən), dostu Məmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanımla ailə qurmuşdu. Amma bu evlilik də uzun sürməyəcəkmiş: əsəb xəstəliyinə tutulan Nazlı xanımı Tiflisə - müalicə olunmağa gətirməyə məcbur qalan Mirzə daha bir faciəylə üzləşir – 2-ci arvadı da ölür. Onu Tiflisdə basdıran Mirzə Cəlil ruh düşkünlüyü yaşayır. Həmidə xanımın (3-cü arvadının) yazdığına görə, Mirzə düz 3 il boyunca, həm də hər gün Nazlı xanımın qəbrini ziyarət edir... Beləcə, Tiflis ona doğmalaşır.

Bir gün həmyerlisi Məhəmməd ağa Şahtaxtlıyla rastlaşır

Bu həmin Məhəmməd ağadır ki, Tiflisdə «Şərqi-Rus» qəzetini buraxıb. Bu həmin Məhəmməd ağadır ki, Şahtaxtı kəndindəki mülkünü sataraq, Tiflisdə «Türk Mətbəəsi» düzəldib və öz «Şərqi-Rus»unu da orada nəşr edib... Qərəz, Mirzənin yazdığı «Poçt qutusu»nu oxuyan,
«Molla Nəsrəddin»in Təbriz buraxılışı
gülməkdən uğunub keçən bu adam həmyerlisini qəzetində işə götürür.

Mirzə Cəlil Ömər Faiqlə də «Şərqi-Rus»da tanış olur

İşə bax ki, Ömər Faiq Nemanzadənin Mirzə Cəlilə bir başqa tale bənzərliyi də var. O da 1903-cü ildə Tiflisə xəstə gətiribmiş. Və o da Məhəmməd ağanın qəzetində işə düzəlibmiş. Beləcə, gələcək «Molla Nəsrəddin»in 2 qurucusu -- Mirzə Cəlil və Ömər Faiq tanışır və dostlaşırlar.

«Şərqi-Rus» Mirzə Cəlilin ilk önəmli jurnalistika məktəbi olur

1905-ci ildə qəzet qapanır. «Türk Mətbəəsi»ni borc-xərclə Məhəmməd ağadan satın alan dostlar, beləcə, «Qeyrət» çapxanasını yaradır və burada kitab nəşrinə başlayırlar. «Təbii ki, ürəyimizdən qəzet, ya jurnal çap etmək keçirdi» (Ömər Faiq).

Qarmaqarışıq dövr idi. Rus inqilabı, milli qırğınlar, iqtisadi tənəzzül. Vəziyyət heç uyğun deyildi. Üstəlik, dala qalmış millətin pul verib oxuyacağı da məlum deyildi. Dostlar ruhdan düşmürlər, işə girişirlər. Əvvəlcə jurnalda gedəcək yazıları müəyyənləşdirirlər. Bu qərara gəlirlər ki, mütləq şəkilli olsun. Sonra ad məsələsini götür-qoy edirlər. Bir çox adları sadalayırlar, axırda «Molla Nəsrəddin»in üstündə dururlar. «Molla Nəsrəddin» deyəndə oxucu düşünəcək ki, onda gülməli hekayələr, əyləncəli söhbətlər, ibrətli sözlər var. Üstəlik, gülməli şəkillər!» Ömər Faiq belə yazır.

Ad tapılan kimi pul da tapılır

Dərginin ilk sayını hazırlamaq üçün 100 manat borc alırlar. Ancaq pul çatmır. 4-5 manata da ehtiyac yaranır. Heç kimdə pul olmur. Məcbur qalıb gecə əl makinasını hərlədən fəhləni özləri əvəz edirlər... Və dərgi çıxır! Tiflis, 7 aprel 1906-cı il idi.

Bütün gecəni yatmamışdılar. Üstəlik götürdükləri borcun ağırlığı (yazıq millət, o vaxt Bakı milyonçuları 1 maşın gəzintisinə bu pulu xərcləyirdilər) onları sıxırdı. Səhər tezdən Tiflisin Şeytanbazarına 30 nüsxə göndərirlər.
«Molla Nəsrəddin», 1910, #22
MÖCÜZƏ ! Hamısı satılır. Yenə istəyirlər. Yuxusuz biçarələr (Ömər Faiq belə yazır) sevinclərindən bilmirlər nə etsinlər.

Mollanın 1-ci sayındakı yazılara senzura toxunmamışdı

Bunu görüb çaşdılar. Amma bu ötəri oldu. Sonrakı saylarda senzura işə düşdü. İlk nömrə 1000 nüsxə çap edilmişdi. Hamisi az vaxtda satılıb qurtardı. Dərgi həftəlik idi. Adətən bazar günləri nəşr edilirdi.

Təkcə beyinlərə deyil, gözlərə də xitab etdi. Ona verilən qəzet çıxarmaq hüququnu dərgiylə əvəzlədi (rəssamlar Rotter və Şmerlinq). Rəngli və gülməli şəkilləri, sadə və məzəli üslubu bu həftəlik dərgini çox tezliklə təkcə Azərbaycan türklərinin deyil, bütövlükdə Orta Asiya türklərinin sevimli nəşrinə çevirdi. «Molla» Rusiyada, İranda, Türkiyədə, Hindistanda, Misirdə də əl-əl gəzən, zülmkarları qəzəbləndirib, məzlumları sevindirən əsl xalq jurnalı oldu.

Allahsız olmadı...

Uzun illər aralarla Tiflisdə çıxdı. Tale ona Təbrizdə çap qisməti də yazdı (1921ci ildə 8 say). Hətta nəşrinin Bakı dövrü də oldu. Zaman-zaman dərginin yazarlarını izlədilər (M.Ə.Sabir), dustaqxanaya saldılar, sürgünə göndərdilər (Ömər Faiq), öldürdülər (Əliqulu Qəmküsar), «donos»lar yazdılar... Zaman gəldi ki, Bakı - Mirzə Cəlili öldürmək üçün qoçu göndərən şəhər onu Təbrizdən geri səslədi.

1922-ci il noyabrın 2-də «Molla»nın Bakıda ilk sayı çıxdı (cəmi 400).
1931-ci il yanvarın 7-də son dəfə oxucularla görüşdü. Jurnal «Allahsız» adıyla çıxmağa (əsl bolşevik adı) başladı. Ancaq O – «Böyük demokrat» bu jurnala redaktorluq etmədi. Allahsız olmadı...

Bakı, 7 aprel.