Türkiyə seçkilərinə Azəri şərhi

İctimai vicdanın 90%-lik nəticələri rahatlıqla qəbul etməsini iddia edənlərə heyrətlənməmək mümkün deyildir

«Star» TV səhər proqramının aparıcısı Mesut Yar 29 martda keçirilən bələdiyyə seçkisi ilə bağlı şərhləri oxuyanda təbəssümlə bir tövsiyəni xatırlatdı: məlum oldu ki, məmləkətimizdən gələn bir məktubda deyilirmiş ki, Tayyip Erdoğan zəhmət çəkib Azərbaycana müraciət etsəydi, seçkidə 95%-lə qalib gəlməyin yollarını bizdən öyrənə bilərdi.

Bunun adını nə qoyaq?

Bir sərsərinin tövsiyəsi, yoxsa ağıllı bir adamın acı ironiyası? Bir vətəndaş ölkəsində keçirilən seçkiyə nə dərəcədə güvən bəsləməməlidir ki, hisslərini əcnəbi media bu şəkildə bölüşməyə ehtiyac hiss etsin?

Türkiyədəki hər seçki ərəfəsində məmləkətimizin insanlarının böyük əksəriyyətinin bu sualı ilə qarşılaşırıq: «Orada da seçki saxtalaşdırılırmı?». Və təxminən 1 ilik zaman məsafəsi ilə iki ölkədə keçirilən hər seçki bu sualı da özü ilə gətrib-gəlir:

«Seçkinin məqsədi nədir - ölkəyə yeni bir həyəcan, dinamizm və gələcəyə ümidlər gətirmək, yoxsa statikliyi daha da dərinləşdirərək, vətəndaşları daha çox ümidsizliyə sürükləmək?»

Bərabər hüquqlu təbliğat dönəmindən sonra vətəndaşların vicdan hürriyyətinin ifadəsinə çevrilərək ictimai vicdanı rahatlatmayan bir seçkinin keçirilməsinə ehtiyac varmı? Əgər söhbət seçkidən gedirsə, ordan çıxan nəticənin 90%-lər ətrafında dolaşmasının «seçki» kəlməsinə uyğun gəldiyini deyə bilərsinizmi?

Axı söhbət «seçki»dən gedirsə və nəticə qayçısının ağzı 90%-ə qədər açılıbsa, burada «Seçki» məfhumunun naturasına ruhu qarşısında baş əydiyim Əziz Mirəhmədovun sərrast ifadəsi ilə desəm, «diametralno protivopolojno» zidd olan bir durum meydana çıxmırmı?

İctimai vicdanın 90%-lik nəticələri rahatlıqla qəbul etməsini iddia edənlərə heyrətlənməmək mümkün deyildir. Çünki nəticə qayçısının 90%-lərə qədər açılması cəmiyyətin diriliyi barədə ciddi şübhələr doğurur-bütün siyasət və sosiologiya kitabları da bunu deyir.

29 mart bələdiyyə seçkilərində iqtidar partiyasının 38, ana müxalifət partiyasının isə 23% səs alması AKP-nin idarəçiləri tərəfindən «Demokratiyaya çox da uyğun gəlməyən bir durum» kimi xarakterizə edildi. Çünki söhbətin «Seçki»dən getdiyi yerdə birinci ilə ikinci partiya arasındakı səs fərqinin 5%-dən artıq olması demokratiyanın taleyi ilə bağlı ciddi narahatlıq doğurur.

Bu baxımdan 90%-lik nəticələrin toplumları öldürməsinə heç kim şübhə etmir. 90%-lərin təbliğatçısı olan böyük filosofun demokratik dəyərləri Əfqanıstan və İraq qəbiristanlıqları ilə müqayisə etməsinin səbəbi də budur. Toplumu nə öldürür-qıraqdan müdaxilə, yoxsa 90%-lər? Səddam Hüseyn 99% səs alırdı - yeni hədəf bu olsa, daha məqsədəuyğun olmazmı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.