Kenan Evrensayağı referendum

Referendum ölkədə iqtisadi, siyasi və hüquqi islahatların aparılacağına dair zəif işartıları da söndürdü

Hansı səbəbdən olursa-olsun bir ölkədə hərbi çevriliş edərək xalqın iradəsi ilə formalaşmış iqtidarı devirmək və hakimiyyəti yumruq altında cəmləşdirmək - suçdur. Görünür, dövlət çevrilişi edənlərin özləri də bunu dərk etdikləri üçün leqal hakimiyyəti və haqları aradan qaldırandan müəyyən müddət sonra demokratiyaya keçmə icazəsi verirlər. Hətta bəzən leqal üsuli-idarələri müəyyən müddətə aradan qaldıran hərbi rejimlərin tədavülə qoyduqları yeni konstitusiyalar insan haqlarının manevr sahəsini daha da genişləndirir. Dünyada bunun ən ibrətamiz örnəklərinin yaşandığı ölkələrdən biri, şübhəsiz ki, Türkiyədir.

Tarixi proseslər göstərib ki, xalqın iradəsi ilə formalaşmış iqtidara əl qoyan türk ordusu çox keçmədən «əmanəti» yenidən sahibinə verir -yəni, demokratik seçkilərin yolu açılır. 27 may 1960-cı ildə iqtidarı devirən türk ordusu bir çox siyasi və sosial haqları ehtiva edən konstitusiyanı qısa müddətdə hazırlayandan sonra 61-ci ilin payızında parlament seçkisinə gedilməsinə şərait yaradaraq ölkəni leqal hakimiyyətə qovuşdurmuşdu.

12 sentyabr 1980-ci il dövlət çevrilişi ölkədəki demokratik prosesləri səktəyə məruz qoymaqla birlikdə, antidemokratik maddələrlə zəngin olan yeni bir konstitusiyanı da xalqın qucağına atmışdı. Milli Təhlükəsizlik Şurasının nəzarəti altında yazılan 1982-ci il konstitusiyası referenduma təqdim edilərək 92% səslə «qəbul edilmişdi». Təsəvvür edin ki, daha sonra əksər maddələri dəyişdirilərək aşsüzən durumuna düşməsinə baxmayaraq Türkiyə Cümhuriyyəti konstitusiyasının hələ də qüvvədə olan maddələrindən birini - «1982-ci il çevrilişini edənlər istintaqa cəlb edilə bilməzlər» sözləri «bəzəyir».
1993-cü il seçkisindən başlayaraq məmləkətimiz demokratikləşmə yox, «Evrenləşmə» yolundan getməyə üstünlük verdi
1982-ci il referendumu, eyni zamanda, 12 sentyabr 1980-ci il dövlət çevrilişinin lideri Kenan Evreni də «dövlət başçısı» statusundan «prezident» statusuna keçirsə də, indi yağlı boya tabloları çəkməklə məşğul olan 92 yaşlı Kenan paşanın və konstitusiyasının 92%-lik legitimliyi bir qayda olaraq mübahisə mövzusudur.

12 sentyabr hərbi diktaturası demokratiyaya keçid işarəsini verən kimi baş nazirin müavini vəzifəsindən istefa verərək Ana Vətən Partiyasını quran Turqut Özal, 1983-cü ilin noyabrında keçirilən ilk seçkidə təkbaşına hakimiyyətə gəlmişdi. Özalın Türkiyənin önünü necə açdığını dünyada hər kəs bilir. Təsəvvür edirsinizmi, 92%-lik «hə» ilə həm konstitusiya qəbul etdirən, həm də prezident kreslosuna oturan general Kenan Evrenin diktaturası davam etsəydi, Türkiyənin bu gün hansı vəziyyətdə ola biləcəyini? Müasir Türkiyədə əksəriyyətin lağlağıya çevirdiyi 92%-lik konstitusiya referendumu, eyni zamanda, diktaturanın simvollarından birini təşkil edir. Bəlkə elə buna görədir ki, 1993-cü ilin oktyabrında Azərbaycanda keçirilən dövlət başçısı seçkisini müşahidə etmək üçün gedən türk millət vəkili Eyüp Aşıka «Mənim seçilməyim necə oldu, bəyəndinmi?» sualını verən Heydər Əliyev «Kenan Evren kimi seçildiniz» - cavabını almışdı. Daha sonra Ana Vətən Partiyasının iştirak etdiyi koalisiya hökumətlərində nazir vəzifəsini də tutan Eyüp Aşık, Türkiyədəki mafioz qüvvələrlə bağlı gizli məlumatlar əldə etməsi ilə də tanınmışdı (məsələn, Ömer Lütfı Topal barədə).

Türk millət vəkilinin 1993-cü ildə çox önəmli bir nöqtəyə toxunduğunu xüsusi qeyd etmək lazımdır. Çünki 1993-cü il seçkisindən başlayaraq məmləkətimiz demokratikləşmə yox, «Evrenləşmə» yolundan getməyə üstünlük verdi. Başqa ölkələrdə edilən çevrilişlər müəyyən müddətdən sonra mütləq və mütləq demokratiyaya keçidlə nəticələnsə də, məmləkətimiz heç cür bu demokratiyaya keçid fürsətini yaxalaya bilmədi.

92%-lik son referendum məmləkətdəki diktaturanı dərinləşdirmək prosesinin, türk siyasətinin duayeni Süleyman Dəmirəlin məşhur sözü ilə desək, «şapkası» oldu (10-15 cümlə arasına sıxışan məmləkətimiz o qədər monotonlaşıb ki, yazılarımızda istifadə etməyə siyasi bənzətmələr tapa bilmirik). 92%-lik referendum ölkədə iqtisadi, siyasi və hüquqi islahatların aparılacağına dair zəif işartıları da söndürmüş, bəzi məmurların və iqtidar partiyası millət vəkillərinin «yaxın 100 ildə ölkədə hakimiyyət partiyasında hər hansı parçalanma və hakimiyyət dəyişikliyi gözlənilmir» - şəklindəki bəyanatları 18 martda rəsmən qüvvəyə mindirilmişdir.
91-lər......
92-lər........
93-lər......

«Müttəhid olmada tövfiqini qıl ümmətə bəxş,
Hissi-milliyyət oyandır dili-millətdə bu gün»
(Sabir)