Pəhrizə kələm turşusu

Beynəlxalq Valyuta Fondunun binası

Yoldaşım,yatmışmısan?
Yox, bir sözün varsa, buyur.
On manat borc istərəm,
Yox-yox bəradər, yatmışam…

Başqa beynəlxalq təşkilatlarla olduğu kimi, illərdən bəri Beynəlxalq Valyuta Fondu (BVF) ilə də çatışma halındayıq. O biri təşkilatlar kimi BVF bizi tənqid edər-etməz «Qros həftələrlə hamama getmir» kəlamının müəllifi çıxıb deyir ki, inkişafımızı gözü götürməyənlər bizi haqsız yerə tənqid edir. Bu, necə məntiqdir, əziz dostlar, qardaşlar? Bir beynəlxalq təşkilat öz üzvünün və ya əməkdaşlıq etdiyi ölkənin inkişafını niyə istəməz? Məmləkətimizin inkışafını BVF-nin gözü niyə götürməsin? Özümüz haqqında elə yüksək fikirdəyik ki, sanki 12 trilyon dollarlıq qeyri-safi milli hasilatımız var, dünya maliyyəsini yönləndirən FED bizim şəxsi mülkiyyətimizdir, Alan Greenspan Xalq Təsərrüfatı İnstitutunu bitirib, Paul Wolfovitzin məsciddəki corabının burnunu biz deşmişdik və s.

BVF borc verdiyi ölkələrin hər biri ilə yaxından əməkdaşlıq edib, ordakı bütün iqtisadi göstəriciləri və dövlət xərclərini həyata keçirilən proqramın sərhədləri çərçivəsində tutdurmağa çalışır. BVF ilə əməkdaşlıq etmək istəməyən Latın Amerikası ölkələri keçən əsrin axırlarında ona olan borclarını topdan ödəyərək, Fondun təmsilçilərini ölkələrindən çıxardılar. Hətta Argentina BVF-na borclu qalmamaq üçün öz Mərkəzi Bankının valyuta ehtiyatını ödəməyə razı oldu.

Neftlə zəngin olan məmləkətimizin illərdən bəri BVF ilə əməkdaşlıq etdiyi məlumdur. 90-cı illərdə hələ neft pullarının «Dərya kənarındakı şəhərimizə» axmağa başlamasından qabaq BVF-nın bir çox layihəmizi maliyyələşdirdiyini uşaq da bilir, böyük də. Neft pulları ölkəmizə axmağa başlayandan sonra iqtidarımızın BVF-na baxış nöqteyi-nəzəri dəyişdi. Belə ki, Fondla əməkdaşlıq protokolu olmasına baxmayaraq, hökumətimiz onun tövsiyə və xəbərdarlıqlarını eşitməməyə başladı.

Hər ilin yanvarında iqtidar enerjinin və əsas qida məhsullarının qiymətini artıranda cəmiyyətdən gələn etirazlara BVF-nın zirehini geyərək cavab verir və Fondu göstərərək deyirdi ki, onlar bunu bizdən belə tələb edir. Qiymətlərimiz dünya standartlarının altında olduğuna görə, BVF bundan narahatdır. Əslində xalqına zərrə qədər hörməti olan bir iqtidarın hər hansı bir addımına BVF qılafı tapmasına dünyada demək olar ki, rast gəlinmir. Həmin BVF hər ilin axırında hökumətə xəbərdarlıq edib deyəndə ki, əziz dostlar-qardaşlar, bu necə büdcə xərcləməsidir, siz, məsələn, 1 milyard dollarlıq büdcə təsdiq edirsiniz. İlin axırında Məclisin təsdiqi olmadan, sadəcə prezident fərmanları ilə bu xərclər 5 dəfə artıq çıxır. Bunu qəbul etmək mümkün deyil. Lakin BVF-nın bu etirazına Maliyyə naziri o dəqiqə öz reaksiyasını göstərərək deyirdi ki, bizim işimizə qarışa bilməzsiniz və biz pulumuzu istədiyimiz kimi xərcləyirik. BVF-nın «büdcə nizam-intizamı» tələbi bizə görə deyil. Ortaya paradoksal bir mənzərə çıxırdı - qiymətləri artırarkən Beynəlxalq Valyuta Fondunu nişan verən hökumət söhbət Fondun tələblərinə gəlincə, bunu qətiyyətlə rədd edirdi. Bu, pəhriz saxlayan bir adama kələm turşusu verməyə bənzəyirdi.

Beynəlxalq Valyuta Fondunun etiraz etdiyi başqa bir məsələ - Heydər Babayevin təşəbbüsü ilə yaradılan Dövlət investisiya şirkəti ilə bağlı idi. 90 milyon dollar sərmayə ilə yaradılan bu şirkət böyük investisiyalarda əcnəbi özəl şirkətlərlə rəqabətə girməyi nəzərdə tuturdu. Beynəlxalq Valyuta Fondu bu niyyətə etiraz edərək deyirdi ki, sərbəst bazar iqtisadiyyatında dövlətin öz şirkətləri vasitəsi ilə investisiyalarda iştirak etmə təcrübəsi yoxdur. Çünki bu, sərbəst rəqabətə dövlətin birbaşa müdaxiləsi deməkdir. Hər halda bir çox səbəbə görə, ölkədəki azad sərmayə mühiti tamamən aradan qalxdı ki, Dövlət investisiya şirkətinin sonrakı fəaliyyəti barədə məlumat verilmədi. Heydər Babayevin aqibəti məlumdur - ancaq 90 milyon dollar sərmayə ilə yaradılan bır şirkətin aqibəti mübhəm qaldı (mənim üçün belədir, məlumat verən olsa, məmnunniyyətlə qeydlərimə əlavə edərəm).

2007-ci ilin iyulunda məmləkətin iqtisadi liderləri 100 milyon dollar pulu Dünya Bankının istifadəsinə verdi. Bu pulu «fırladacaq» olan Dünya Bankının məmləkətə nə verib- verməyəcəyi bəlli deyildi. Ancaq BVF-dan kredit alan bir neft ölkəsinin bu kreditləri vaxtından əvvəl ödəyib, Fondla hesablaşmaq yerinə, «özünün istifadə etmədiyi» pulu Dünya Bankının ixtiyarına verməsi yenə də təəccüb dogururdu. İndi isə Beynəlxalq Valyuta Fondunun raportunda məmləkətin kredit etibarının tükənə biləcəyinə diqqət cəlb edilir.
Bundan sonra nə olacaq?

Əldə olan ehtiyatlar səfərbər edilərək Beynəlxalq Valyuta Fondu ilə olan münasibətlərə yenidən baxılacaq, yoxsa «Qros həftələrlə hamama getmir» sözünün müəllifi və xordakı həmkarları digər beynəlxalq təşkilatlara dedikləri sözləri bu dəfə BVF-na şamil edəcəklər? Yəni, günahkar yenə Qərb olacaqmı? Əgər bu dəfə də günahkar və qərəzkar Qərbin önəmli bir qurumudursa, borcunuzu ödəyib dərhal onunla münasibəti kəsə bilərsiniz. Çünki söhbət hüquqdan və insan haqlarından yox, puldan gedir bu dəfə. Avropa Şurası Parlament Assambleyasındakı heyət rəhbəri Şuranı necə təhdid etdisə, o minvalla BVF-nın da «qarpızını qoltuğuna vermək» olar. Türkiyə BVF-dan 25 milyard dollar kredit ala bilmək üçün əlləşir. Nefti olan ölkələrin BVF ilə əməkdaşlıq etməsindən çox, etməməsinə rastlanır. Neftiniz var - haydı nə gözləyirsiniz? Latın Amerikası qədər olmayacaqsınızmı? İqtisadiyyatınız hamıdan daha çox böyüyür axı? Bir az bərkdən deyə bilərsənmi, «Qros həftələrlə hamama getmir»sözünün müəllifi…