Yaraşmayan ziqzaqlar

Türkiyədə Amerika əleyhinə keçirilən aksiya. 11 Oktyabr 2007

Son 5 ildə «Bir millətin iki dövləti» arasındakı münasibətlərdə müəyyən fasilələrlə tədavülə çıxan gərginliklərə şahid olduq. Bu gərginliyin istisnasız olaraq hamısının «erməni məsələsi» ilə bağlı olduğunu görürük: Türkiyənin Ermənistanla sərhədi açacağına dair gəzən şayiələrdən tutmuş erməni mənşəli Türk vətəndaşı pianoçu Burak Bekdilin Bakı aeroportundan geriyə göndərilməsinə qədər bütün məsələlərdə baş aktyor «milli davamızın düşmənləri»ndən başqa heç kim deyildir.

İndiki vəziyyət bəzən Hacı Qaranın Ohan yüzbaşıya dediyi «Sizin qanınız çoxdan halaldır, ancaq bu zamanadək yer üzünə tökən olmayıb» və ya Usta Zeynalın şagirdi Qurbana əsəbləşərək «Erməninin küpündə su gətirib kəc qayırdın, dünya-aləmi murdar elədin»- sözlərindəki «məna» qədər dramatik və eyni zamanda ironik həddə çatır.

İndiki söz-söhbətlər isə daha qəliz bir mənzərəni gözlərimizin önünə sərir. «Bir millətin iki dövləti»ndən biri iddia edir ki, İrəvanla danışıqlarda Ankara Qarabağ məsələsini arxa plana atıb və ya ümumiyyətlə gündəlikdən çıxarıb. «Bir millətin iki dövləti»ndən o biri də cavab verir ki, belə bir şey mümkün deyildir-zira əvvəlcədən əldə etdiyimiz razılaşmaya görə biz üçtərəfli danışıqlarımız barədə bir-birimizə təfərrüatlı məlumat veririk. Məclisdə təmsil edilən bütün partiyaların təmsilçiləri ilə danışanda da eyni cavabı alırıq: əksəriyyət deyir ki, bu, Türkiyə üzərində təzyiqi artıran Qərbdəki ermənilərin təbliğatından başqa bir şey deyildir.

Ermənistanla danışıqlarda Türkiyənin Qarabağ məsələsini arxa plana keçirməsi və ya gündəlikdən çıxarması istisnasız olaraq bütün iqtidarlar üçün intihar vəsiləsi deməkdir. Türk siyasəti üzərində 20 ildən bəri yaxından müşahidə aparan adam kimi mən də buna qeydsiz-şərtsiz inanıram. Bəs onda «Aman, sərhədlər açılmasın» - deyə bəzən İğdırda «protesto» mitinqi keçirməyimizə, bəzən «Abdullahın, bizim Gülün Yerevana səfəri» deyə təhqirə varan ifadələr işlətməyimizə səbəb olan, bəzən Qarabağ fədailərinin sərt etirazına qədər varan və hələ bir çox örnəklərlə zənginləşdirə biləcəyimiz bu duruma səbəb verən faktor nədir?

«Bir millətin iki dövləti»ni idarə edənlər bir-birlərinə güvənmirlərmi?
Əgər ölkə idarəçiləri arasında etimad atmosferi varsa (belə olduğuna inanırıq), niyə, məsələn, Türkiyə baş nazirinin «Azərbaycanın problemi bizim problemimizdir»- açıqlaması qızışan ehtirasları yatırmağa kifayət etmir? Bakının kifayət qədər səlahiyyəti olan rəsmi nümayəndəsi təkidlə Türkiyə diplomatiya idarəsinin açıqlamasını tələb edir? Cərəyan edən proseslər münasibətləri hara doğru çəkir?

İddialara görə, «Türkiyə-Ermənistan danışıqlarında Qarabağ məsələsi arxa plana atılıb və ya gündəlikdən çıxarılıb» - şəklindəki xəbər Qərbdəki bir yayın qurumu tərəfindən verilmiş, Azərbaycan mediası bu xəbərin üzərində durmağı lazım bilərək məsələni böyütmüşdü. Türkiyə Xarici İşlər Nazirliyindən xəbər almağın xüsusilə Əli Babacanın nazir olmasından sonra nə qədər çətinləşdiyini bilən adam kimi deyə bilərəm ki, haqqında söhbət gedən məsələ ilə bağlı Türkiyə XİN-dən xəbər alına bilməsi heç mümkün deyildir. Dəqiqləşdirilməmiş bir xəbərin üzərinə məmləkətdəki həmkarlarımın bu şəkildə «balıqlama atlaması» təəssüf doğurur. Çünki onlar Türkiyə-Ermənistan münasibətlərinə Obamanın namizədlik dövründə cərəyan edən hadisələr prizmasından baxsaydılar-görəcəkdilər ki, diaspora bütün strategiyasını bu ilin 24 aprelində zənci prezidentə «soyqırım» dedizdirə bilmək üzərində qurub.

Türkiyənin Ermənistanla birbaşa münasibət qurmaq cəhdləri hamıdan çox disaporu narahat edir. Ona görə də «Qarabağ məsələsini ikinci plana keçirmə» xəbərini tədavülə salan diaspora jurnalistikanın ənənəvi termini ilə desək, «Boş atıb dolu tutdurmuşdur». Məsələ ciddi araşdırılsaydı, görüləcəkdi ki, Türkiyə-Ermənistan danışıqlarında Ankaranın hal-hazırda istədiyi yeganə şey-zənci prezidentin 24 apreldə «soyqırım» sözünü tələffüz etməsinə mane olmaq və «soyqırım»la bağlı yeni qərar layihəsinin Konqresin gündəliyinə yenidən gəlməsini əngəlləməkdir. Bununla bağlı Vaşinqtonda bir həftə dəridən-qabıqdan çıxandan sonra 20 gün əvvəl Türkiyəyə dönən kimi bizimlə danışan iqtidar partiyasının xarici siyasət məsələlərinə cavabdeh birinci adamı - AKP sədrinin müavini Suat Kınıklıoğlu yeni heyətlərlə (yeni heyət bazar ertəsi Vaşinqtona yola düşdü) okeanın o tayına gedəcəklərini və bu ilin 24 aprelini «soyqırım qada-bəlası» olmadan keçirməyə çalışdıqlarını vurğulamışdı. Qiymətli tarixçi-professor Cəmil Həsənlinin Azərbaycan mediasındakı açıqlamalarında diqqəti bu nöqtəyə cəlb etməsi məsələyə obyektiv və soyuqqanlı baxışın gözəl örnəyidir. Yə’ni, yaxın 2 aylıq mərhələdə Türkiyənin qabağında duran əsas məsələ - Obamanın ilk 24 aprel müraciətini «soyqırım» kəlməsi olmadan keçirməsinə çalışmaqdır – «Bir millətin iki dövlətindən biri üçün bu çox təbiidirsə, burada «qardaş»a kömək etmək daha məntiqli və etik olmazdımı? Hansı daha yaxşıdır-Qərb yayın qurumunun bir dezinformasiyasına soyuqqanlı şəkildə aydınlıq gətirmək-yoxsa Ankaradan ən yüksək səviyyədə izahat tələb etmək? Bu izahatı tələb edənlər nəyə inanırlar - diplomatik münasibətlər yaratmaq üçün Ankaranın dövlətin bütün qurumları, QHT-lər, universitetlərlə razılaşdırıb Yerevanın qabağına qoyduğu 3 maddəlik şərtdən birincisinin «İşğal etdiyiniz Qarabağdan qeydsiz-şərtsiz çıxın, qaçqınlar yurd-yuvalarına dönsün, Dağlıq Qarabağın durumu Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həll edilməlidir» - doktrinasına, yoxsa, bir yayın qurumunun dəqiq olmayan xəbərinə?

Siz inansanız da, mən Türk ordusunun razılığını almadan heç bir hökumətin Ermənistanla münasibətlərdə Qarabağ məsələsini arxa plana atacağına inana bilmərəm. Mən «Bir millətin iki dövləti»nin birindən açıqlama tələb edərkən Türkiyənin dövlət yapısının yaxşı öyrənilməsinə ehtiyac olduğuna inanıram. Ermənistanla münasibətlər və Qarabağ məsələsi Türk ordusu üçün həyati dərəcədə strateji və hərbi əhəmiyyətli bir iş olduğuna görə, hökumətin bu məsələdə təkbaşına hərəkət edə bilmə ehtimalı demək olar ki, yoxdur. Çünki söhbət «oyun-oyuncaqdan» yox, ikinci erməni dövlətinin yaranmasına münasibətdən gedir.

Etimadsızlığın budəfəki şiddəti daha yüksək olmuşdur. Ona görə də mövzunu davam etdirməyə ehtiyac olacaq. Etdirəcək, «Bir millətin iki dövləti» arasındakı rəsmi münasibətlərə baxacaq, xüsusilə qaz məsələsinin üstündə duracağıq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.