Bu vəziyyət 1995-ci ilin parlament seçkilərindən, 1998-ci ilin prezident seçkilərindən, eləcə də ondan sonra 2000, 2003 və 2005-ci illərdə keçirilən hər seçkidən sonra müşahidə edilib.
Hər seçkidən sonra hökumətin addımları sistemli və effektiv olub. İri partiyalar öz ofislərindən çıxarılıb, rəsmilərin iddiaları ilə çıxarılan iri məbləğdə cərimələrlə müstəqil qəzetlər çökdürülüb. Məşhur jurnalistlər ya həbs edilib, ya da gözləri qorxudulub.
2000 və 2003-cü ilin seçkilərindən sonra hökumət müstəqil ANS televiziyasını da öz dəzgahından keçirdi, nəticəsi göz qabağındadır.
Taktika müxtəlif ola bilər, amma Əliyev rejiminin (əvvəl Heydər Əliyev, indi oğlu İlham Əliyev) saxtalaşdırılmış seçkilərdə qələbəsindən sonra hər dəfə vətəndaş cəmiyyəti institutlarının nəsibi təqiblər, təzyiqlər olub.
2008-ci ildə də Azərbaycanda prezident seçkiləri olub. Deməli, ölkədəki demokratik institutlar da öz üzərlərinə yeni təzyiq dalğası gözləməlidirlər.
Ötən seçkidə qələbəsini hətta, səsvermədən əvvəl qeyd etməyə başlamış özündənrazı rejimin budəfəki hədəfi “Azadlıq”, Amerikanın səsi, BBC radioları və Azərbaycan Konstitusiyasıdır.
Artıq hökumət bu radioların ölkədə yerli tezliklərdə yayımını qadağan edib. İndi də Konstitusiyanın bir nəfərə iki dəfədən artıq prezident seçilməyə qoyduğu məhdudiyyəti aradan qaldırır. Bunun üçün martın 18-nə referendum təyin edib. Məqsəd 47 yaşlı İlham Əliyevin üçüncü müddət üçün də prezident seçilməsinə imkan yaratmaqdır. Heç şübhə yoxdur ki, bundan sonra daha dördüncü dəfə seçilmək və beləliklə də onun ömrünün axırına kimi prezident olmaq imkanı yaranacaq.
Hökumətin illərdir sıxışdırdığı demokratik müxalifət indi zəif düşüb, parçalanıb. Konstitusiyanın dəyişməsi ilə ölkənin gələcəyinə vurulan zərbənin mahiyyətini ictimai müzakirəyə çıxarmağa müxalifətin gücü yoxdur. Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları kiçik müttəfiqləri ilə birlikdə Konstitusiyaya dəyişiklik əleyhinə kampaniyaya başalyıblar. Amma indi ölkədə bu mövzu Qəzzadakı qanlı münaqişənin kölgəsində qalıb.
Dövlətin nəzarətində olan media cəmiyyətin diqqətini Bakı ətrafı Nardaran qəsəbəsində keçirilən anti-ABŞ və anti-İsrail mitinqlərə, Azərbaycan Həkimlər Assosiasiyasının Qəzzada yaralılar üçün təşkil etdiyi qanvermə kampaniyasına yönəldir.
Yalnız bir neçə media təşkilatı hazırda Azərbaycan hökumətinin çızdığı xətdən kənarda fəaliyyət göstərə bilir. Bunlar müxalifət partiyalarının qəzetləri kimi tanınan “Azadlıq”, “Yeni Musavat” qəzetləri və müstəqil Turan informasiya agentliyi, bir də müstəqil “Zerkalo” qəzetidir. Müxalifətin təsirli kampaniya apara biləcəyi yeganə qeyri-dövlət mediaları bunlar qalıb. İndiki proseslər davam edərsə, 2010-cu ilin parlament seçkilərinə qədər bu media orqanları və qalan siyasi partiyalar meydandan silinə bilərlər. Əgər bu baş versə, Azərbaycanı Türkmənistandan fərqləndirən heç bir şey qalmayacaq.
İndi bunlar qorxulu yozum kimi səslənə bilər, amma bugünlər baş verənlər həmin ehtimalın gerçək ola biləcəyini söyləməyə əsas verir. Hökumətin müxalifəti və vətəndaş cəmiyyəti strukturlarını dağıtmağa hazırdır. Müxalifət zəiflədilib, ictimaiyyət əzilib. Bu sıraya hazırda ölkədə demokratik institutların yaşaması üçün beynəlxalq cəhdlərin təsirsizliyi də əlavə edilməlidir.
Beynəlxalq yayımların ölkədən yığışdırılması hakimiyyətin öz hərəkətlərinə beynəlxalq reaksiyanı sınaqdan çıxarması üçün yekun addım da hesab edilə bilər. İndi Bakının hərəkətlərindən bircə nəticə çıxarmaq olar: hakimiyyətin qəbul olunmuş beynəlxalq demokratik normalara hörmət edən kimi görünmək qayğısının belə artıq mövcud deyil.
Türkmənistansayağı diktatura
Azərbaycanın yeni bir Türkmənistana çevrilməsi ciddi məqamdır. Sovet İttifaqının dağılmasından sonra keçmiş sovet respublikaları arasında açıq siyasi bölgü yaranmışdı. Baltik ölkələri, Ukrayna, Gürcüstan üzlərini Qərbə tutdular, Qərbin siyasi normalarını qəbul etdilər. Mərkəzi Asiya ölkələri Rusiyanın təsir dairəsində qalmağı üstün tutdular, sovet üslubunda avtokratik sistem yaratdılar.
Azərbaycan isə bu iki dünya arasında vurnuxurdu. O, Rusiyadan asılı olmadan özünün müstəqil enerji layihələrinə Qərbi cəlb edən ilk ölkə idi. Bir tərəfdən də Moskva buna müqavimət göstərir, Xəzərdən enerji ixracını öz monopoliyasına almağa cəhd edirdi. Rusiyanın təzyiqlərinə qarşı Azərbaycana Qərbin müdafiəsi lazım idi. Keçmiş prezident Heydər Əliyev də Rusiya ilə Qərb arasında balans yaratmağa çalışırdı. Onun bu balans yaratmaq cəhdləri ölkənin daxilində apardığı siyasətə də sirayət edirdi.
Bundan başqa, 1990-cı illərdə Belorus və Mərkəzi Asiya ölkələrindən fərqli olaraq Azərbaycanda güclü müxalifət partiyaları və müstəqil media vardı. Görüntü xatirinə və ciddi nəzarət altında olsa da az-çox siyasi rəqabət mövcud idi. Amma son beş ildə Bakı ciddi şəkildə Orta Asiya tipli bir diktatura qurmağa doğru yönəlib. Bu cür rejimin də Moskva ilə sözü daha yaxşı tutur.
Asan hesab
Ötən avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsi isə Bakının Qərblə yaxınlığın nə qədər təhlükəli olduğu barədə bir daha düşünməsinə səbəb oldu. Bir tərəfdə kifayət qədər uzaqda və öz dostlarını Rusiya təcavüzündən qorumaqda o qədər də bacarıqlı olmayan Qərb, o biri tərəfdəsə Azərbaycan hakimiyyətini olduğu kimi qəbul etməyə hazır olan Rusiya.
Nəticədə 2008-ci il Azərbaycanın xarici siyasətində də əhəmiyyətli dönüşlə müşayiət olundu. Hazırda Rusiya Azərbaycanın istehsal etdiyi bütün təbii qazı alıb bir əldən bazarda satmaq təklifi stolun üstündədir. Əliyev rejiminin bənzəməyə çalışdığı Türkmənistanla Moskvanın artıq belə bir razılığı var. Hələlik Bakı Moskvanın bu təklifini qəbul etməyə tərəddüd edir. Amma belə hökumət uzun müddət özünü Rusiya ilə Qərb arasındakı çəpərin üstündə saxlaya biləcəyini də mümkün görünmür. Ölkədə xarici radioların qapadılması və Konstitusiyaya davam edən hücumlarla Əliyevin artıq öz seçimini etdiyi görünür.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir