Andiçmə mərasimi üçün qoşma sifarişi

Vətəndaşlarının sərmayə azadlığının yolunu açmayan rejimlərin söz və ifadə hürriyyətindən danışmaları qədər komik heç nə ola bilməz

«Sərbəst iqtisadi təşəbbüs ilə vicdan azadlığı prinsiplərindən heç vaxt vaz keçməyin-zira demokratiyanın iki əsas şərti bunlardır»

Turgut Özal

Məhəmməd Peyğəmbərin (S.a.v.) «Vida xütbəsindən başlamış demokratiyaya dair yazılan son kitaba qədər dəyişməz bir qayda ilə qarşılaşırıq: insanın canı, malı-mülkü, namusu-iffəti toxunulmazdır. Dövründən asılı olmayaraq insanların sərmayə və mülkiyyət haqlarına hörmət etmiş üsuli-idarələr həm daha uzun ömürlü olub, həm də vətəndaşlarına rifah bəxş edib.

Avropanın demokratikləşməsi sərmayə hürriyyətinin infrastrukturu üzərində formalaşıb. Amerikada vətəndaş müharibəsinin başa çatıb ölkənin birləşməsi də Şimaldakıların Cənubun mülkiyyət haqlarını tanıması və bu haqları Konstitusiya ilə təminat altına alması sayəsində mümkün olub.

Bütün digər hüquqların formalaşdığı məkan kimi söz və ifadə hürriyyətinin beşiyi olaraq da iqtisadi azadlığı görmək lazımdır. Sərmayə hüququna hörmət edilməyən toplumlarda söz və ifadə azadlığının mövcudluğuna dair örnək tapmaq mümkün deyil. Vətəndaşlarının sərmayə azadlığının yolunu açmayan rejimlərin söz və ifadə hürriyyətindən danışmaları qədər komik heç nə ola bilməz. Zira, iqtisadi azadlığın düşməni olan bu rejimlər söz azadlığını öz varlıqları üçün ən böyük təhlükə kimi görürlər. Sərmayə düşməni olan üsuli-idarələr hüququ təmsil edən orqanları öz nəzarətlərində tutduqları kimi, söz azadlığı yerinə məddahlığı tərcih edir, hətta bunun üçün başında durduqları üsuli-idarənin etik-mənəvi prinsiplərinin aşındırılmasına razı olurlar. Liberal iqtisadiyyatın dərinləşməsini qətiyyən istəməyən sərmayə düşmənləri topluma yol göstərməyə qadir olan ziyalılardan uzaqda durur, dünyanı mədələri və ciblərindən ibarət kimi görən dəllalları isə yanlarında saxlayırlar.

Özlərini başçılıq etdikləri topluma «dünyanın ən böyük lideri» kimi təqdim edən bəzi rəhbərlər dövlət etikasına görə, onlara «kişi» deyilməsindən narahat olmalı, hətta buna heç cür icazə verməməlidir. Ancaq həmin liderlər bundan narahat olmurlar - çünki burada ön plana çıxan cəhət «dövlət» məfhumu yox, qarşılıqlı mənfəətlərdir.

Səməd Vurğunun 2006-cı ildə keçirilən 100 illik yubileyində bığlı şairin nitqi həyatımda qorxduğum məqamdan biri idi: kürsüyə çıxan bığlı şair sanki öz sələfinin yubileyində yox, hərbi-səhra məhkəməsində danışırdı. «Səməd Vurğunun yubileyləri ona görə yüksək səviyyədə keçib ki, bu yubileylər barədə qərarları o kişi verib». Barmağını toplumun gözünə soxurdu sanki - 70 illik, 80 illik, 90 illik qərarını o kişi verib (burada faktiki yalan da danışırdı, çünki 80 illik qərarını «o kişi» verməmişdi). Səməd Vurğun kimi xalqın bu qədər sevdiyi bir şairin 100 illik yubileyini bığlı şairin öz mənfəət tribunasına çevirməsi Vaqif Səmədoğlunun sərrast ifadəsi ilə desək, «dilimizin əzbəri olan «Azərbaycan» şeirinin yazarı»nın xatirəsinə ən böyük təhqir idi.

Məsələyə tək tərəfli baxsaq, bu hadisəni «bığlı şairin ayıbı» kimi qiymətləndirərik. Ancaq məsələ «bığlı şairin vaqeəsindən» çox, sərmayə düşmənçiliyi təməlində insanların iqtisadi sərbəstliyini əngəlləmək, həqiqi aydınları iqtisadi məngənədə sıxışdırıb susdurmaq və «majestilərin ziyalıları»nı yaratmaq layihəsinin önəmli parçası olduğuna görə «bığlı şair» burada toplumu susdurma və cılızlaşdırma layihəsinin çox kiçik parçası kimi qalır. «Bığlı şair»ə və ya bağıraraq şeir oxuyan «saqqallı aktyor»a hansı demokratik toplumda yer var - bu adamlar topluma hansı sağlam mənəvi dəyər aşılaya bilərlər?

Siyasi iqtidarların birinci vəzifəsi toplumda iqtisadi təşəbbüslərə geniş meydan açmaq və bütün haqların iqtisadi sərbəstlik üzərində formalaşmasını təmin etməkdir – «Mənim nəzarətimdə sərbəst iqtisadiyyat» kimi absurd bir formulla ikiüzlü aydınları yanına almaq - danışa bilməyən toplum yaratmağın başlıca şərtidir.

İqtisadi sərbəstlikləri olsaydı, ədəbiyyatımızın dünyaya böyük qururla təqdim edə biləcəyi Muğanna və Mövlud Süleymanlı kimi yazıçılar «prezident təqaüdü»nə məhkum edilməz - ölkənin milli gəliri düzgün bölüşdürülsəydi, bəlkə indi Muğanna və Süleymanlı öz adlarına ədəbi fondlar quraraq gənclər üçün səmərəli işlər görərdilər. Bu baxımdan son kitabını satıb pul qazanmaq istədiyinə dair açıqlama verən Əkrəm Əylisli çox haqlıdır. Əgər bir toplumda 80 yaşına gəlmiş rəssam «prezident təqaüdü»nə möhtac qalırsa, burda çox ciddi iki problem meydana çıxır:

1. O adam yaxşı sənətkar deyil;

2. Toplumda sənət əsərlərinə pul verə biləcək maddi güc yoxdur.

Dünya təcrübəsinə baxanda, yaşı irəliləyən rəssamların daha da püxtələşdiyini və yaşlı rəssamların əsərlərini satın ala bilmək üçün kolleksiyaçıların növbəyə durduğunu görürük. Sərbəst təşəbbüsə geniş meydan verilməsi topluma edilən ən böyük yaxşılıqdır, zira bu durumda iş adamları ilə birlikdə həqiqi yaradıcı adamlar da müqayisə edilməz dərəcədə çox pul qazanırlar. İqtisadi təşəbbüslərin sərbəst olduğu yerlərdə yazıçı öz münasibətini nəşriyyatlar və qəzet-jurnallarla qurur, iqtidarla yox. Rəssam öz münasibətini tablo satan qalareyalarla qurur, prezident təqaüdünə möhtac qalmır. Müğənninin əlaqədə olduğu yer -kaset firmasından başqa heç bir yer deyil (əgər opera-balet və ya klassik musiqi sənətçisi deyilsə). Sərmayə hürriyyətinə imkan verməyən rejimlər «majestilərin ziyalıları»nı həqiqi yaradıcı adamların kuluarına daxil etməklə əsl ziyalılara böyük haqsızlıq edirlər, qabağında «xalq» olan ünvanlar elə bunun üçün icad edilir. Toplumda kitab, tablo, kaset almaq üçün sərbəst iqtisadiyyat ortamı yaratmaq yerinə «xalq» epitetli ünvanlar paylanması, sərmayə və bunun üzərində formalaşan hüquq və söz azadlığının düşmənçilik səviyyəsində məhdudlaşdırılmasının gözümüzə soxulan örnəkləridir.

Türkiyədə 1999-cu ildə prezident Süleyman Dəmirəl xeyli adama «dövlət sənətçisi» fəxri adı verəndə, rəssam Mehmet Güleryüz məhkəməyə müraciət edərək prezidentin fərmanını ləğv etdirmişdi - yaxından tanıdığım Güleryüz məhkəməyə şikayət ərizəsində yazmışdı ki, kimin «dövlət sənətçisi» olduğunu, kimin olmadığını müəyyənləşdirmək dövlətin işi deyil. Bu müəyyənləşdirmədə həmişə subyektivlik olacaq. Dövlət isə vətəndaşlarının hamısına qarşı həmişə eyni dərəcədə obyektiv davranmaq məcburiyyətindədir. 70 yaşlı Mehmet Güleryüz Türkiyədə tabloları ən baha qiymətə satılan rəssamlardan biridir. 10 il qabaq atdığı addım hamı tərəfindən təqdir edilmişdi – «dövlət sənətçisi» adı verilən başqa bir rəssam Orhan Taylan daha sonra mənə demişdi ki, onun üçün ən böyük mükafat, tablolarının satılması üçün yaradılan sərbəst bazar ortamıdır.

Bu iqtisadi sərbəstlikdən doğan qürur və cəsarətlə ona «Markiz» ünvanı verilməsi münasibəti ilə təşkil edilən gecədə Salvador Dali rəsmiyyətə dözə bilməyib demişdi: «Mən getdim, kral soruşsa deyin ki, kefinə düşsə, geri qayıdacaq».

Bütün başqa azadlıqlar kimi söz azadlığı da sərbəst iqtisadi təşəbbüs üzərində formalaşmalıdır - buna alternativ olan söz azadlığından söhbət gedə bilməz. Ölkə idarəçilərinin toplumlara vurduqları ən böyük zərər sərmayə düşmənçiliyidir - iqtisadi azadlığı əlindən alınan toplumlarda hüququn yerini «ququq» alır. Sənətin və ədəbiyyatın yerini isə təqaüdlər, fəxri adlar, mənzillər və s.

Obamanın andiçmə mərasimində oxumaq üçün «bığlı şairə» qoşma sifariş vermək istəyirəm. Sən necə baxırsan bu işə, ey Amerika xalqı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir