Artıq bir neçə vaxtdır ki, Azərbaycan siyasi gündəmində bir məsələ Qarabağ problemi, dünyada neft qiymətlərinin düşməsi, Azərbaycan büdcəsinin Neft Fonduna yığılan vəsaiti əritməsi kimi taleyüklü məsələləri arxa plana keçirib. Söhbət prezidentlik müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılması və indiki prezident İlham Əliyevə üçüncü dəfə seçilmək şansının verilməsi məsələsindən gedir. Bu fikrin tərəfdarları artıq öz niyyətlərini hətta beynəlxalq praktika ilə əsaslandırmağa çalışırlar. Bunun üçün Azərbaycan siyasi sisteminə uyğun gəlməyən parlament respublikası modeli ilə işləyən ölkələrdən (Böyük Britaniya, Türkiyə) misallar gətirilir. Rəssam Tahir Salahov Fransa modelində belə bir məhdudiyyətin olmamasından danışır, deputat Anar Məmmədxanlı ABŞ siyasi sistemindən belə misallar çəkərək əsaslandırmağa çalışır ki, Azərbaycanda prezidentin səlahiyyət müddətlərinə qoyulan qadağa mənasız və hətta anti-demokratik bir müddəa kimi aradan qaldırılmalıdır. Bu fikrin tərəfdarları ilə mübahisə etməyin mənasızlığını anlayıram. Lakin ilk dəfə prezidentin səlahiyyət müddətinə məhdudiyyət tətbiq etmiş ABŞ ənənəsi barədə oxucuları məlumatlandırmağı faydalı hesab etdiyimdən bu mövzuda bir neçə məsələni qeyd etmək istərdim.
1776-cı ildə öz müstəqilliyini bərqərar etmiş Amerika Birləşmiş Ştatları anti-monarxik ideyaların üstündə bərqərar olmuşdu. Müasir dünyada əsası qoyulan ilk respublika belə bir fəlsəfəyə əsaslanırdı ki, bütün insanlar naqisdir və buna görə heç bir fərdə mütləq hakimiyyət vermək olmaz. ABŞ-ın əsasını qoyan insanların fikrincə, yeganə düzgün model elə bir siyasi sistem yaratmaqdır ki, insanlar bir-birinin naqisliklərini balanslaşdıra bilsinlər. Buna görə də ABŞ siyasi sistemində hakimiyyət həm horizontal müstəvidə (sistemin federal olması, ştat hüquqlarının federal hökumət hüquqlarından ayrı saxlanması və qorunması), həm də vertikal müstəvidə (qanunverici, icra və məhkəmə hakimiyyətləri) paylanmışdır. İlk ABŞ prezidenti Corc Vaşinqton iki dəfə prezident seçilib işləyəndən sonra (1789-1793 və 1793-1797) könüllü şəkildə üçüncü dəfə prezident seçilmək ideyasından imtina etmişdir. İndiyə qədər də Amerika tarixçiləri Corc Vaşinqtonun Amerika xalqı qarşısında xidmətlərini sadalayarkən onun bu addımını ABŞ-ın müstəqillik mübarizəsində qalib gəlməsində göstərdiyi əvəzsiz xidmətdən, yox yerdən ABŞ kimi fundamental bir dövlətin qurulmasında göstərdiyi zəka və iradəsindən üstün tuturlar. Prezident seçildikdən sonra özünə «əlahəzrət», «zat-aliləri» kimi müraciətləri qadağan edərək sadəcə «cənab prezident» (Mr. President) kimi çağırılan Corc Vaşinqton öz gedişi ilə Amerikada monarxik tendensiyaların kök salmaq təhlükəsini birdəfəlik məhv etdi. Prezidentin öz sağlığında öz hakimiyyətini məhdudlaşdırıb kənara çəkilməsi respublika və demokratiya ənənəsi kimi Amerika siyasi sisteminin üzvi hissəsinə çevrildi.
Demokratiya BÜTÜN insanları eyni gözlə qiymətləndirir. Demokratiya HEÇ BİR insanı fövqəlinsan, Allahın seçilmiş bəndəsi, ölkəni idarə etməyə qadir yeganə şəxsiyyət hesab etmir
Bu gün dünyanın istənilən yerində öz «əvəzsizliyi» və «böyüklüyünə» istinad edib hakimiyyətdən ikiəlli yapışan istənilən dövlət başçısı öz «böyüklüyünü» Corc Vaşinqtonla müqayisə etmək imkanı qazanıb. Bir neçə ilin içində Amerika kəndlilərindən güclü bir ordu yaradıb öz dövrünün ən qüdrətli imperiyasının hərb maşınına - Böyük Britaniyaya qalib gələn, müasir dünyada ilk respublikanın əsasını qoyan, hazırda dünyanın yeganə supergücünün paytaxtına onun adı verilən bir şəxsiyyət - Corc Vaşinqton öz böyüklüyünün hakimiyyətdə üçüncü dəfə qalmaq üçün kifayət etmədiyi qənaətində olub. Bəs bu ənənənin davamçıları? Con Adams, Tomas Cefferson, Ceyms Madison, Ceyms Monro. Bütün bu adamların qurub yaratdıqları sistem hazırda bütün dünyanın istinad etdiyi demokratik dəyərlərin və demokratik ənənələrin əhəmiyyətli bir hissəsini təşkil edir. Niyə görə bu şəxsiyyətlərin Amerikada özlərinə rəva görmədikləri «böyüklüyü» bu gün Qazaxıstan, Özbəkistan, Azərbaycan kimi ölkələrdə adlarını hər vasitə ilə tarixə salmaq istəyən şəxslər özlərinə rəva görür?
Qayıdaq Amerika təcrübəsinə. Tomas Cefferson 1807-ci ildə bəzi yüksək vəzifələrdə işləmək müddətinə məhdudiyyət qoymağın vacibliyinə işarə edərək yazırdı: «Baş magistratın səlahiyyət müddətinə müəyyən məhdudiyyətlər konstitusiyada öz əksini tapmasa, yaxud praktika ilə tənzimlənməsə, bu halda onun vəzifəsi, nominal baxımdan 4 illik olsa da, faktiki olaraq ömürlük vəzifəyə çevriləcək» (Tomas Cefferson, Vermont Qanunvericiliyinə Cavab, 1807). ABŞ-ın əsasını qoyanlar təkcə prezidentlik deyil, istənilən mühüm vəzifədə çox qalmağı təhlükə kimi görürdülər və bunun qarşısını almaq üçün uzun-uzadı müzakirələr aparırdılar.
Corc Vaşinqtonun əsasını qoyduğu ənənə o qədər güclü olub ki, bu praktika qanunla qadağan olunmasa da, prezidentlər iki dəfədən artıq seçilməyə cəsarət etməyərək ofisi tərk edirdilər. Təbii ki, bir neçə ambisiyalı siyasətçi bu ənənəyə qarşı müqavimət göstərməyə cəhd göstərib. Prezident Ulsi Qrant 1869-1877-ci illərdə prezident kimi çalışdıqdan sonra 1880-cı ildə üçüncü dəfə öz namizədliyini irəli sürməyə cəhd göstərmişdi. Prezident Teodor Ruzvelt isə 1901-1909-cu illərdə prezident kimi çalışıb ofisi tərk etdikdən sonra 1912-ci ildə prezidentliyə öz namizədliyini vermişdi. Hər iki halda, adı çəkilən prezidentlər aradan bir prezidentlik müddəti keçsə də öz istəklərinə nail ola bilməmişdilər və qanunla qadağan edilməmiş (!) məhdudiyyəti Amerika isteblişmenti siyasi müstəvidə həmin bu şəxslərə qəbul etdirmişdi.
Amerika tarixində iki-müddətlik prezidentlik ənənəsinə yeganə istisna Franklin Delano Ruzveltin dönəmində rast gəlinmişdi. Franklin Ruzveltin ikinci prezidentlik müddəti 1941-ci il yanvarın 20-də başa çatırdı. İkinci Dünya Müharibəsinin düşməsi ölkədə istisna bir hal yaratdı və 1940-cı il seçkilərində Franklin Ruzvelt üçüncü dəfə prezident seçildi. Növbəti prezident seçkiləri isə amerikalıların Avropaya qoşun çıxardıqları 1944-cü ilə təsadüf etdi və yenə də istisna hal kimi Ruzvelt (dahi şəxsiyyət olduğuna görə yox, şəraitin fors-major olduğuna görə) dördüncü dəfə ABŞ prezidenti seçildi. Ruzveltin ölümündən sonra Amerika xalqı prezidentin səlahiyyət müddətləri barədə çoxillik ənənənin pozulmasından o qədər narahat olmuşdu ki, 1947-ci ildə ABŞ konqresi prezidentlik müddətlərinin iki dəfədən çox olmaması prinsipini öz konstitusiyasında təsbit etdi - ABŞ konstitusiyasına 22-ci əlavə ilə.
Ruzvelt təcrübəsi zaman-zaman bir çox avtoritar meylli siyasətçilərin diqqətini cəlb edib. İstefa verib öz yerinə Dmitri Medvedevi gətirən Vladimir Putin öz səlahiyyətlərinin qurtarmasına bir az qalmış öz ölkəsində Franklin Ruzveltə həsr olunmuş yubiley keçirdi. Rusiya qəzetləri o vaxt Putinin Rusiyanın Ruzvelti olmasından dəm vururdular. İndi də Azərbaycanda bəzi siyasətçilər tələsib İlham Əliyevi Franklin Ruzveltə bənzətməyə çalışırlar. Bu bənzətmələrin məzmunu bir tərəfə, amma bu yazarlar Ruzveltin prezidentlik müddətlərindəki beynəlxalq şəraitə ötəri baxsalar və sonra dönüb ətraflarına baxsalar görməmiş olmazlar ki, üçüncü dünya müharibəsi hələ başlamayıb.
Prezidentin səlahiyyət müddətlərinə qoyulan qadağa demokratiya ideyasının mahiyyətindən doğan bir fikirdir. Demokratiya BÜTÜN insanları eyni gözlə qiymətləndirir. Demokratiya HEÇ BİR insanı fövqəlinsan, Allahın seçilmiş bəndəsi, ölkəni idarə etməyə qadir yeganə şəxsiyyət hesab etmir. Demokratik dəyərlərə görə hər bir insan naqisdir və hakimiyyət bu naqislikləri artıra bilər ki, azalda bilməz. Bu səbəbdən, hakimiyyətdən yapışıb getmək istəməyən şəxsləri hakimiyyətdən uzaqlaşdırmaq üçün bir vasitə kimi düşünülüb bu məhdudiyyət. Hələ qədim yunanlar öz quldar respublikalarında xalq qəhrəmanlarının, görkəmli dövlət xadimlərinin həddən artıq populyarlaşıb hakimiyyətdə oturuşmamaları üçün bəzən onları səbəb açıqlamadan mühacirətə göndərirdi. Ostrakizm deyilən bu praktika ilə görkəmli Afina sərkərdəsi və dövlət başçısı Perikl öz ölkəsindən xaric edilmişdi. Müasir dünyada isə ironiya ondan ibarətdir ki, «fövqəlinsanlığa» iddialar inkişaf etməmiş dövlətlərin xüsusi uğurları ilə seçilməyən başçılarından qaynaqlanır. Rusiyada Putin bu cəhddə bulundu (rəsmən məsələ siyasi gündəliyə çıxmasa da), Venesuelada Uqo Çavez bu məsələ üzrə 2007-ci ildə referendum keçirərək məğlub oldu. Orta Asiyada isə Nursultan Nazarbayev və İslam Kərimov bu yolu tutdular və əvvəl adı çəkilənlərdən fərqli olaraq uğur da qazandılar. İndi də deyəsən növbə Azərbaycana çatıb.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.