Çırmanırıq keçməyə çay gəlməmiş…

Sovetlər birliyində yaşayanlar «Sonalar gölü» baletinin motivlərinin məhz nəyin rəmzi olduğunu xatırlamamış olmaz

Görəsən, kim olacaq prezident? İndi bu sual Amerikada nə qədər təbii səslənirsə, Azərbaycanda bir o qədər yersiz sayıla bilər.

15 oktyabrda arxı adlayacaq Azərbaycan artıq çoxdan HOPP deyib.

Seçkilərə gələndə, nədənsə Azərbaycanı ancaq demokratik ölkələrlə müqayisə edirlər. Əlbəttə, Qərb istiqamətində aparılan paralellər məyusedici nəticə verir. Amma arabir belə müqayisəni totalitar ölkələrlə aparıb təsəlli tapmaq da olar axı.

Məsələn, belə bir vəziyyəti təsəvvür etmək olar: İosif Stalin bu və ya digər səbəbdən SSRİ-də pluralist seçki keçirməli olur. O zaman nə baş verəcəyini təxmin etmək çətin deyil. Cənab Beriya bütün xalqı təmsil edən alternativlər tapıb ortaya cıxarardı. Bir nəfər fəhlə, bir nəfər sağıcı, bir müəllim tapıb boynuna qoyardılar ki, bəli, onlar sidq ürəkdən Stalinə rəqiblik etmək istəyirlər. Ola bilsin ki, namizədlərin milli mənsubiyyəti, yaşı və gender məsələlərinə fikir verərdilər.

Amma, gördüyünüz kimi, İlham Əliyevin rəqibləri arasında nə sağıcı, nə də zənən xeylağı var. Bu həqiqət 15 oktyabr seçkilərini sovet təcrübəsinə bənzədənlərlə qiyabi mübahisə aparır.

Şər deməsən xeyir gəlməz. Əsl demokratiya və azad seçki qayğıları zarafat deyil, onu çiyində daşımaq üçün səbr gərəkdir. Belə rəvayət edirlər ki, Azərbaycanda demokratiyanın zəifliyindən şikayət edən bir siyasətçi havasında demokratiya oksigendən cox olan bir ölkəyə səfər edir, qanında pluralizm plazmanı üstələyən bir firənglə nahar edir. Özünü mədəni göstərməyə calışan həmyerlimiz ofisiantın «nə içəcəksiniz, çaxır, ya araq» sualına cavab verir:

- Çaxır.

- Ağ çaxır, yoxsa qırmızı?

- Qırmızı.

- Şirin, yoxsa kəmşirin?

- Kəmşirin.

- İtaliyan, yoxsa fransız?

Onun hovsələsi daralır:

- Sən Allah, çaxır-zad istəmirəm, mənə araq gətirsənə!

Bu rəvayətə əlavə edirlər ki, həmin siyasətçi söhbəti gedən səfərdən demokratiyanın qatı düşməni qismində geri qayıdıb iqtidar düşərgəsinə qoşulur.

Demokratiyanın zəif tərəflərindən biri də yaddaş məsələsidir. Dünya əhalisi totalitar ölkələrin dövlət başçılarının adını daha yaxşı xatırlayır. Son illərdəki İsrailin dövlət rəhbərlərinin adını yadda saxlayan yoxdur. Birinin adı yenicə dilinə yatır, baxırsan ki, bir başqasını seçiblər.

Türkmənbaşı kimi rəhbərlərin isə adına alışmağa bir-neçə nəsil macal tapdı.
Belə rəhbərləri olan ölkələrin əhalisi hakimiyyət dəyişikliyini cəmiyyətdəki siyasi təzahürlərə bağlayıb stress keçirmir, çünki çox gözəl bilir ki, vəziyyəti rəhbərlərin vücudundakı fizioloji proseslərdən başqa heç nə dəyişən deyil.

Sovetlər birliyində yaşayanlar «Sonalar gölü» baletinin motivlərinin məhz nəyin rəmzi olduğunu xatırlamamış olmaz.

Yeri gələndə 15 oktyabr seçkisinin də maraqlı tərəfini tapmaq olar. Deyək ki, İlham Əliyev şəxsi və respublika rekordunu təzələyə biləcəkmi? Xatırladaq ki, müstəqil Azərbaycanın ən yüksək göstəricisi 98,7 faizdir. Dərindən nəfəs alın, bu məsələdə arxı adlamamış hopp demək olmur.


*Yazıda ifadə olunan fikirlər müəllifin şəxsi mülahizələridir