Dünya Universitetləri reytinqində ABŞ və Böyük Britaniya universitetləri öncül yerləri tutur. Amma artan iqtisadiyyatlar bu ölkələri qarabaqara izləməkdədir. Sentyabrın 6-da 13-cü QS Dünya Universitetləri Reytinqi açıqlanıb.
Artıq beşinci ildir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) birinci yerdədir, ardınca Stenford Universiteti gəlir. Stenford bir pillə irəliləyib. 2004-2009-cu illərdə siyahının başında gedən Harvard indi üçüncü yerdədir. Kembric Universiteti dördüncü yerə sürüşüb, ötən il Stenfordla üçüncü yeri paylaşırdı.
ÇİN VƏ RUSİYA İRƏLİLƏYİR
İlk onluqda qalan yerlərin sahibləri, əsasən, dəyişməyib. Bircə İsveçrənin «ETH Zurich» universiteti irəliləyib, London İmperial Kolleciylə yerdəyişmə edib.
Builki reytinq dünyanın sürətlə inkişaf edən iqtisadiyyatları, o cümlədən Çin və Rusiyanın irəlilədiyini göstərir.
Azərbaycandan 3 universitet – Bakı Dövlət, Xəzər və Qafqaz Universitetləri reytinq siyahısındadır, amma 701-ci pillədən sonra gəlirlər. Ötən illər də durum eyni idi.
Qeyd edək ki, bu yaxınlarda Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlansa da, universitetin rektoru Havar Məmmədov APA-ya müsahibəsində bunu təkzib edib. O, təhsil müəssisəsinin 45 nəfər türk müəlliminin işdən çıxarıldığını bildirib. Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi vurğulamışdı.
Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır, Gülen isə bunu təkzib edir.
RUSİYA 100-LÜYƏ YAXINLAŞIR
Reytinqdə yer alan Rusiya universitetlərinin əksəriyyəti bu il mövqeyini yaxşılaşdırıb. Hətta bəziləri 100 pillədən çox irəliləyib. Düzdür, Rusiyadan qlobal 100-lüyə düşən yoxdur. Amma Lomonosov Dövlət Universiteti 108-ci yerdədir, 100-lüyə düşməsinə bir şey qalmayıb.
QS Dünya Universitetləri Reytinqi dünyanın aparıcı ali təhsil müəssisələrini altı göstərici üzrə dəyərləndirir. Builki reytinqə 81 ölkədən 916 universitet salınıb ki, bu da ötən ildəkindən 25 ədəd çoxdur. Dəyərləndirmə 3 min 800-dən çox müəssisə üzrə aparılıb.
İranın Şarif Texnologiya Universiteti 431-440-cı, Tehran Universiteti 551-600-cü yerlərdə qərarlaşıb. Ukraynanın V.N.Karazin adına Xarkov Universiteti 382-ci yerdədir.
QS Dünya Universitetləri Reytinqi 2016/17: Top 10
Massaçusets Texnologiya İnstitutu (MIT)
Stenford Universiteti
Harvard Universiteti
Kembric Universiteti
Kaliforniya Texnologiya İnstitutu (Caltech)
Oksford Universiteti
UCL (London Universitet Kolleci)
ETH Zurich – İsveçrə Federal Texnologiya İnstitutu
London İmperial Kolleci
Çikaqo Universiteti