-
HÖKUMƏT BİR SÖZ DEYİR, MÜTƏXƏSSİSLƏR BAŞQA...
İnsanları anlamaq olar. Onlar rahatsızdırlar və o üzdən bu və ya başqa kontekstdə eyni sual yenə və yenə peyda olur: «Bu sonuncu şok idi, yoxsa daha bir devalvasiya dalğasını yaşayacağıq?».
Beləcə, soruşur, sonra da özləri cavab verirlər. Deyirlər ki, yəqin «Formula-1» yarışlarından sonra ölkə böhrana doğru daha bir addım atacaq.
Təbii ki, bütün bunları dəqiq proqnoz kimi qəbul etmək olmaz, amma nikbinliyə də elə bir əsas olmayan ölkələrdə bədbin proqnozların doğrulma ehtimalı həmişə böyükdür.
Ən əsası da odur ki, rəsmilər bir söz, mütəxəssilərsə tamam başqa şey deyirlər. Əksər hallarda bu qiymətləndirmələri ortaq məxrəcə gətirmək çox çətin olur.
Rəsmilərin qənaəti budur ki, çox tez bir zamanda bu böhrandan çıxmaq mümkün olacaq. Mütəxəssilərinsə rəyi daha bədbindir. Onların fikrincə, ölkə uzunmüddətli böhranın yalnız astanasındadır...
RUSİYANIN BAŞÇILIQ ETDİYİ SİYAHI...
Hökumət adamları, dövlət rəsmiləri beynəlxalq durumu əsas gətirməyi sevirlər. Amma baxanda, dünyadakı böhran coğrafiyaca elə də böyük deyil və daha çox neft və qaz ölkələrini əhatə edir.
Digər ölkələrsə öz normal iqtisadi həyatını yaşayır və bir sahədə gerilik olsa da, digər yönlərdə hətta bəzi irəliləyişlər də müşahidə olunur...
Neft və qaz məsələsini bir az əvvəldə dedim. Bir amil də budur ki, o ölkələrdə böhran cilovlanmaz hala gəlib və o səbəbdən mövcud geosiyasi konyunkturaya daha həssasdırlar. Bu siyahıya isə, ilk növbədə, Rusiya başçılıq edir...
Təəssüf ki, Azərbaycan da iqtisadi baxımdan neftdən, coğrafi cəhətdən qonşu Rusiyadan asılıdır. Neftdənkənar sektor daha çox Rusiya ilə bağlıdır. Elə digər amillər də az rol oynamır. Azərbaycanda məşğulluq problemi qismən Rusiyanın hesabına həll olunur. Üstəlik, bu ölkədə çalışan Azərbaycan vətəndaşları hər il ailələrinə önəmli miqdarda vəsait göndərərdilər. İndi bunların hamısı azalır və ölkə daha çox öz resurslarına yönəlməyə başlayır...
Elə həmin səbəbdən bütün sualların cavabını içəridə - ölkənin özündə axtarmaq lazım gələcək. Bu cavabları tapmaq elə asan məşğuliyyət olmasa da...
MANAT DURUŞ GƏTİRDİMİ?
Suallar sualı budur. Düzgün cavabı bilsəydik, bütün digər suallara çox asanca cavab tapardıq. Amma bu sualın əsl cavabını hökumət adamlarından savayı bir başqası bilməz. Onlarsa susurlar...
Bizsə onu deyə bilərik ki, manat xeyli sərbəstləşdirilib. Hətta bəzilərinin fikrincə, duruş gətirə bilib. Amma bu qiymətləndirməni bölüşməyənlər də var. Onlar belə hesab edir ki, Mərkəzi Bank hələ də bazara dollar emissiya edərək, ölkədə nisbi dollar bolluğu yaratmağa çalışır.
Nə demək olar? Bildiyimiz budur ki, Mərkəzi Bank bazara vaxtaşırı dollar çıxarır və onları hərracda satır. Amma manatın kursunun saxlanmasına bunun nə dərəcədə təsir göstərəcəyini demək, təəssüf ki, elə də asan deyil.
Çox şey yenə də elə neftdən asılıdır. Böyük kataklizmlər yaşanmasa, ölkəyə heç olmasa, nisbi dollar kütləsi axmaqda davam etsə, prosesi daha yüngül və ağrısız başa vurmaq mümkündür.
COĞRAFİYA ÇOX ŞEY VƏD ETSƏ DƏ...
Ən acı həqiqətsə odur ki, ölkə hələ uzun müddət neft gəlirlərini heç nə ilə kompensasiya edə bilməyəcək. Qeyri-neft sektoru yenicə addımlamağa və ayaq üstə durmağa çalışan uşağa bənzəyir. Hələ uzun müddət onun «əlindən tutmaq» lazım gələcək...
Hökumət böhranın ilk günlərdən iqtisadiyyatın ağırlıq mərkəzini coğrafiyanın bəxş etdiyi təbii üstünlüklərin üzərinə köçürməyə, tranzit imkanlarını səfərbər etməyə çalışdı.
Bu istiqamətdə İranla aparılan danışıqlar və görülən işlər çox təqdirəlayiqdir. İki ölkənin dəmiryol xətlərinin birləşdirilməsi Azərbaycanı, həqiqətən, tranzit dəhlizinə çevirə bilər. Bundan bir az əvvəl - Türkiyə ilə Rusiyanın münasibətləri korlanarkən də, Azərbaycan Rusiyadan keçən yükləri öz ərazisindən ötürməyə cəhd göstərdi. Beləcə, Türkiyə tırları ölkə ərazisindən Xəzər vasitəsilə Mərkəzi Asiyaya ötürüldü. Amma tez bir zamanda da məlum oldu ki, Mərkəzi Asiya ölkələrinin liman, yük qəbuletmə imkanları hələ məhduddur və bundan ötrü ciddi infrastruktur işləri görülməlidir.
Üstəlik, Xəzərin özü də belə yüklərin ötürülməsinə heç də həmişə əlverişli olmur, kəskin hava şəraiti böyük maneələr törədir.
Demək, təbii coğrafiyanın verdiyi imkanlar da hələ «dollar yağışı» vəd etmir və bu istiqamətdə hələ xeyli iş görülməsini şərtləndirir. İnsanlarsa gözləyə bilmir, axı hamıya iş və bir də özünü, ailəsini dolandırmağa vəsait lazımdır...
RİSK QRUPLARI
Böhran zamanı, adətən, «risk qrupları»nı müəyyənləşdirirlər. Söhbət əhalinin böhrana ən həssas kəsimlərindən gedir. Zaman keçdikcə onların sayı artır və ya bu qruplar bir ucdan genişlənir.
Hökumət bunun fərqinə varmalıdır. Daha bir devalvasiya olsa, insanlar uzun müddət müvazinətlərini bərpa edə bilməyəcəklər. Hər halda «üzən məzənnə» manatın kursu ilə bağlı yumşaq variasiyalara yol açır.
Deməli, böhrandan çıxışın yumşaq üsullarını tapmaq lazımdır. Əks halda iqtisadiyyatdakı kəskin «sıçrayışlar» ciddi sosial etirazlara da çevrilə bilər.
23 illik hakimiyyət və demək olar, müxalifətsizlik iqtidarda bir növ arxayınçılıq yaradıb. Belə düşünürlər ki, repressiv üsullarla hər hansı sosial etirazı yatırmaq gücləri var, amma... Amma zəiflərin də gücə çevrildiyi məqamlar var. Belə olmasaydı, bütün hakimiyyətlər əbədi qalardı...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.