Keçid linkləri

Təcili xəbərlər

Türklərin könlünü necə almalı


İstanbulda mitinq. "Fetoçular asılsın!"
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

İstanbulda mitinq. "Fetoçular asılsın!"

Tanınmış türkiyəli satiraçı və komediyaçı Gülse Birsel yenə Avropaya gedib. Bu dəfə beş günlüyə. O, darıxmasından, İstanbula dönüşü səbirsizliklə gözləməsindən yazır.

«Paris kruasanları, Avropanın monotonluğu yetər, adrenalinə öyrəncəliyik», - o, «Hürriyet» qəzetində yazır. «Avropa bizi necə xoşbəxt edə bilər axı? 40 saniyə içində, dialoq və mübahisədən sonra qucaqlaşıb öpüşürük, özümüzü yaxşı hiss etdiyimizdə ağlayırıq, sonra yenidən siyasətdən danışmağa başlayır, yenə savaşır və bir-birimizi təhqir edirik».

O, haqlıdır. Türkiyənin Avropa Birliyinə, haradasa ilişib qalmış üzvlük danışıqlarını unudun. NATO-da ikinci böyük orduya malik Türkiyənin bu quruma üzvlüyünü unudun. Türkiyədə olayları bunlardan daha artıq proqnozlaşdırmaq çətindir. Yuxarıdan aşağıya, Türkiyədə çox tanınmış və hörmət bəslənən, xaricdə isə avtokratik olduğuna görə qorxu yaradan prezident Recep Tayyip Erdoğan-dan tutmuş baqqaladək, hamı emosionaldır, hərəkətləri barədə nəsə söyləmək mümkün deyil, Qərb anlamında elə də ölçülü-biçili deyillər – 50 il öncə italyanlar və yunanlar da belə idilər.

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

Gəlin gözlərimizi yayındırıb sonra da özümüzü bixəbər göstərməyək. İndi türklərin çoxu Qərbə şübhəylə yanaşır, özəlliklə də Birləşmiş Ştatlara. Çoxları düşünür ki, iyuldakı dəhşətli və qanlı çevriliş cəhdinin arxasında ABŞ dayanıb. Səbəbini sormayın. Deyirlər ki, çevrilişin arxasında ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gülen-in dayanmasına dair əllərində tonlarla sübut var. ABŞ-ın onu Ankaraya dərhal təslim etmək istəməməsi, işi Amerika məhkəmələrinə ötürməsi, bu prosesin də illərlə çəkə biləcəyi – bütün bunlar türklərin Qərbdəki və NATO-dakı dostlarına qarşı qəzəbini artırıb.

Türklərin çoxu ölkənin ərazi bütövlüyü sarıdan əndişəlidir, çünki həm Türkiyədə, həm də İraqda, özəlliklə, Suriyada kürd silahlıların bu bütövlüyə təhlükə yaratdığını düşünürlər. Həm də ona görə acıqlıdırlar ki, ABŞ və Avropanın buna qarşı heç nə etmədiyini düşünürlər. Əksinə, inanırlar ki, onlar Suriyanın şimalında «kürd terrorçulara kömək edirlər…

Buna da bax - Erdoğan: 'Allah bizi əfv etsin!' – Türkiyə də əfv edəcəkmi?..

R.T.Erdoğan
R.T.Erdoğan

DOST SƏNİN İKİNCİ ÖZÜNSƏN...

Bazar günü yüz minlərlə insan İstanbulda nəhəng «demokratiya və şəhidlər yürüşü»nə çıxıb.

İnsanları yürüşə gəlməyə təkcə Erdoğan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) səfərbər etməyib. Çevrilişə qarşı çıxmış, parlament demokratiyasına tərəfdar bir sıra digər siyasi partiyalar, QHT-lər, qeyri-siyasilər, hətta Erdoğan tənqidçiləri də belə edib.

Yenə də, gəlin nəzərimizi yayındırıb deməyək ki, Erdoğan hakimiyyət bazasını gücləndirib. Düzdür, gücləndirib. Amma bu dəfə tək, yalnızca öz partiyasıyla deyil, bir çoxları ilə birlikdədir.

Mənim ötən həftə etdiyim kimi, Türkiyədə 50-dək adamın fikrini öyrənin. Əksəriyyəti eyni şeyi deyir, mediada da bu fikirləri görürəm, siyasi və ictimai şəxsiyyətlərin bəyanatları və müsahibələrində də.

Buna da bax - Erdoğanın sevimli sualı: 'Sən kimsən axı?..'

Köhnə dost Türkiyənin könlünü almaqdan ötrü istənilən kəs türkləri əndişələndirən iki böyük problemlə bağlı nəsə etməlidir: (1) Gülen Pensilvaniya ştatından Türkiyəyə təhvil verilməlidir ki, məhkəmədə Türkiyəni tamamilə iflas həddinə gətirmiş çevrilişin təşkili ittihamıyla mühakimə olunsun; (2) Suriyanın şimalında Türkiyəyə kürd üsyanı təhlükəsinin azaldılmasına fəal köməklik göstərilməlidir.

Bilirəm, bunu etmək söyləndiyi kimi asan deyil. Gülen-in ekstradisiyasının hüquqi tərəfləri, Suriyada strateji məsələlər, İŞİD və sairə var.

Gəlin türkiyəli satiraçı Gülse-nin həmvətənlərinin düşmənləri və dostlarıyla savaşıb/barışmasını necə təsvir etdiyini düşünək.

Qorxuram ki, Qərbin Türkiyədəki «adrenalinə aludə» dostları uzun-uzadı gözləməsinlər.

Bazar günü İstanbulda nəhəng güc və dəstək göstərisindən sonra Erdoğan Sankt-Peterburqa yollanır, köhnə dostu olan, sonradan düşməninə, indi isə bir daha dostuna çevrilmiş prezident Vladimir Putin-lə danışacaq.

Yəqin Türkiyə prezidenti daha yaxşı bazarlıq yeri axtaracaq. Çox güman ki, Putin Qərbdən fərqli olaraq, Erdoğan-a daha az sayda «bəli, amma..» söyləyəcək. Ancaq güman ki, o da yenicə dostlaşdığı türkiyəli Erdoğan-a dərhal elə də böyük kömək təklif edə bilməyəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG