Keçid linkləri

Təcili xəbərlər

Siyasilərin müqəddəsləşdirildiyi ölkələr...


Karikatura
Karikatura

-

AZƏRBAYCANA NİYƏ PAXILLIQ EDİRLƏR?

Hələ məşhur sosioloq M.Weber hakimiyyətləri üç qrupa bölürdü - ənənəvi, xarizmatik və rasional-leqal hakimiyyətlərə...

Yazını politologiya və sosiologiya ilə azacıq maraqlananların, hamısına bəlli olan bir fikirlə başlamağım bir az qəribə görünə bilər, amma... Amma bunu deməkdə məqsədim var.

Bu yaxınlarda hakimiyyətin daha bir ideoloji «konsepsiya»sının tezisləriylə tanış olduq. Bu, hakim siyasi zümrənin heç də birinci təşəbbüsü deyildi. Ölkədə antiqərbçiliyin «milli-ideoloji əsasları»nın hazırlanması, demək olar, sistemli bir işə çevrilib. Düzdür, bunu hakimiyyətdə ikitirəliyin mövcudluğu, hakim zümrə içində güclü rusiyapərəst cinahın olması ilə yozanlar da var. Ancaq mənə elə gəlir ki, Qərb dəyərləri və daha çox o dəyərlərin siyasi özəllikləri məhdud bir cinahı deyil, əslində, hakimiyyətin bütün üzvlərini təlaşa salır...

Bu tezislərdə bir detal ayrıca diqqətimi çəkdi. Bəzi ölkələrin, daha doğrusu, avtoritar siyasi sistemlərin liderləri demokratik ölkələrdəki həmkarları ilə müqayisə edilir və belə bir nəticə çıxarılırdı ki, Qərbin liderləri opponentlik etdikləri ölkə liderlərinin hətta «əlinə su tökməyə də yaramır»...

Mən bunu da – «milli lider»lərin demokratik liderlərlə müqayisə cəhdlərini də yenilik saymıram. Əslində, elə həmişə belə olub - Qərbin tənqidlərinin qarşısında tutarlı bir arqument tapmayan hakimiyyət təmsilçiləri çox vaxt gülünc tezislərə əl atıblar. Məsələn, belə bir gülməli tezislə canlarını qurtarıblar ki, guya qərblilər, sadəcə, Azərbaycana paxıllıq edirlər. Niyə? Çünki onların liderləri Azərbaycanın lideri kimi güclü deyil...

ƏSLİNDƏ, YERLƏRİNİ BİLİRLƏR...

Hər dəfə belə «mülahizə»ləri eşidincə, o dəqiqə ağlımdan bir sual keçir: Demokratik ölkələrin xarizmatik liderlərə ehtiyacı varmı? Bu, demokratik ölkələrdə mümkündürmü?

Hazırda Azərbaycanda gerçək xarizmatik liderlərin olub-olmaması çoxmübahisəlidir. Ən azı ona görə ki, hər qələmə verilən fikir, hər deyilən söz heç də həqiqəti ehtiva etmir və insanların böyük əksəriyyətinin susması da hələ o demək deyil ki, onlar deyilib-yazılanların hamısıyla razılaşırlar.

Di gəl, bu, hakim zümrənin ideoloqlarını ruhdan salmır. Onlar ölkədə inadla xarizmatik siyasi hakimiyyət bərqərar etməyə çalışır (institusional, personifikasiya olunmamış - konkret şəxslərə bağlanmayan hakimiyyət modeli onlara sərf etmir!), hakimiyyətlərinin dayanıqlığını və uzunömürlüyünü təmin etməyin yolunu öz partiya liderlərinin xarizmasının artırılmasında, onların fetişləşdirilməsində və «ümummilli lider»lərə çevrilməsində görürlər..

Hətta belə bir detalı da nəzərə almırlar ki, ayrı-ayrı liderlərin dünya siyasətindəki çəkisi, ilk növbədə, onların təmsil etdikləri ölkələrin çəkisiylə müəyyənləşdirilir.

Bu məntiqlə çox kiçik, gənc və üstəlik, torpaqlarının 20 faizi on illərdir ki, işğal altında olan Azərbaycanın və onun liderlərinin dünya siyasətindəki yerini müəyyən etmək elə də çətin deyil.

Düzdür, belə bir fikir də var ki, bütün bənzər ideoloji sxem və konsepsiyalar yalnız və yalnız daxili auditoriyaya ünvanlanıb və reallıqda hakim partiya da, onun liderləri də dünya, hətta bölgə siyasətində öz yerlərini çox yaxşı bilirlər.

Yəqin, elə belədir ki var. Əks təqdirdə, məsələn, Rusiya siyasi elitası qarşısında bu qədər kiçilməzdilər...

Amma cəmiyyəti də bu qədər avam saymaq və onun hər hansı «ideoloji xəmir»i sinirəcəyini düşünmək nə dərəcədə düzgündür?!.

AFİNADA ÇOX NÜFUZLULARI SÜRGÜN EDƏRDİLƏR

Bu, demokratik Qərbdə, demək olar, mümkün deyil. Axı demokratik siyasi sistemin özəlliyi onun xarizmatik liderlərə malik olmasında deyil, əksinə, bu sistemin daim təftiş edilə bilməsindədir. Orada bütün liderlər çox məhdud müddətə seçilir və üstəlik, buralarda olduğu kimi, seçkilərdə99 faizlik nəticə qazanmırlar.

Tam tərsinə, Qərbdə çox nüfuzlu və xarizmatik liderlərdən bir az çəkinirlər, çünki onların fikrincə, böyük nüfuz avtoritarizmə yol aça, insanların müstəqil şəkildə qərar verməsinə çətinlik törədə bilər.

Hələ Qədim Yunanıstanda - Afina demokratiyası dönəmlərində çox nüfuzlu və xarizmatik liderləri şəhərdən bir müddətə sürgün də edərdilər. Maraqlı detaldır ki, hətta Afina demokratiyasının banisi sayılan Pericles (Perikl) də belə bir cəzaya məruz qalmışdı...

İndiki Yunanıstanda nüfuzlu insanları sürgün etməsələr də, siyasi münasibətlər xarizma üzərində qurulmur, həmişə alternativ baxışa, tənqid və təftişə yer verilir. Belə şəraitdə heç kimi, hətta Roma papasını da müqəddəsləşdirmək olmur, o ki qala dünyəvi liderləri...

Amma Azərbaycan kimi avtoritar ölkələrdə hər şey mümkündür. Birincisi, o səbəbdən ki bura, adından göründüyü kimi, avtoritar ölkədir. İkincisi, bəlkə elə bu da çox xarakterikdir ki, adətən, kiçik xalqların «böyük oğul»lara ehtiyacı olur, böyük xalqlarsa bunun heç fərqində deyillər. Vaxtilə W.Churchill təsadüfən deməmişdi ki, böyük xalqların öz böyük oğullarına sayqısızlığı təəccüb doğurmamalıdır...

Mən hələ onu demirəm ki, siz «böyük oğullar»ın yönəltdiyi kiçik ölkələrə diqqətlə baxın. Yəqin ki, imkanı olan heç kəs belə ölkələrdə yaşamazdı, çünki... Çünki bir zərb-məsəldə deyildiyi kimi, buralar yaşamaq üçün deyil, ölmək üçündür...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG