Keçid linkləri

Təcili xəbərlər

Rusiyanın şərtləri qəbul olunsa...


S.Sarkisian, V.Putin və İ.Əliyev
S.Sarkisian, V.Putin və İ.Əliyev

BU GÜN OLMASA DA, SABAH HƏR ŞEY BİLİNƏCƏK

Əslində başa çatmaqda olan avqust ayı çox şeyin nöqtəsini qoyur.

Bununla belə, bir çox siyasi düyünlərin açılmasını payızda gözləmək lazım gələcək.

Bu baxımdan Qarabağ problemi də istisna deyil. Birdən-birə yüksək temp alan nizamlanma prosesi Ermənistanda və Türkiyədə baş verən olaylarla bir növ arxa plana keçdi.

Amma indi hər iki ölkədə vəziyyət normallaşmaq üzrədir. Düşünmək olar ki, payızın ilk aylarından başlayaraq Qarabağ probleminin çözülməsində bir tərpəniş olacaq. Fəqət, nə qədər qəribə olsa da, rəsmi Bakının diplomatik leksikonunda aprel və may aylarında olduğu qədər nikbinlik yoxdur. Bəlkə də ona görə ki, prosesdən tələsik nəticələr çıxaran Bakı diplomatları buna görə Ermənistandan və xüsusən də Rusiyadan bərk təpki aldılar. Elə bu səbəbdən də indi susur və səbirlə prosesin növbəti inkişafını gözləyirlər.

8 İL BUNDAN ƏVVƏL, 26 AVQUSTDA...

Amma cəmiyyətdə, ictimai və siyasi dairələrdə, hələ də, Rusiyanın təkliflərinin müzakirəsi gedir. Bu müzakirələrin xülasəsini bircə cümlədə ifadə etmək olardı. Həmin fəallar hesab edirlər ki, Rusiyanın şərtləri qəbul olunarsa, 7 rayon azad ediləcək, amma Azərbaycan özünün müstəqilliyini məhdudlaşdırmalı olacaq (Hərçənd, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Mattew Bryza-nın yazısında qeyd edilirdi ki, söhbət 7 yox 2 rayonun qaytarılmasından gedir). Təbii ki, belə fikirlərlə razılaşmamaq və hətta mübahisə açmaq olardı. Amma burda bir detal yada düşür.

Buna da bax-'Putin Azərbaycana 7 yox, 5 yox, 2 rayonun qaytarılmasını təklif edib'

Düz səkkiz il bundan əvvəl avqustun 26-da Rusiya Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyıb. Rusiyanın aktivində Osetiya, Abxaziya, Krım, Şərqi Ukrayna, Qarabağ və Dnestr münaqişələri var. Ona görə də maraqlı bir sual yaranır: aktivində bu qədər münaqişə olan ölkənin səmimiyyətinə inanmaq olarmı?

Bəlkə də burada səmimiyyət-filan haqda söhbətlər heç yerinə düşmür. Lap elə bir nəfərin dediyi kimi: siyasət nəcib qızlar klubu deyil...

Üstəlik, böyük siyasətdə filantropiya-filan olmur. Düzdür, demək olar ki, sadalan münaqişələrin hamısına baxanda, Rusiyanın Azərbaycana münasibəti indi ən yaxşı səviyyədədir.

Buna da bax-General Babayan: 'Ermənistan rəhbərliyi əraziləri qaytarmağa razılıq verib'

Siyasət isə haradasa 80 faiz insan münasibətləri sayılır. Bunun özü çox maraqlı bir detaldır. Müxtəlif ölkələrin siyasətinə baxanda, bir çoxlarını həmişə bir sual düşündürüb: görən, bu ölkələrin siyasətində personallıqla institusionallığın nisbəti nə qədərdir ?.

Bu aspektdən yanaşanda, insani münasibətlər siyasətdə çox böyük çəkiyə malik olsa da, «dövlət maraqları» deyilən bir anlayış da var. Həmin maraqlar isə Rusiyanı öz dividentlərini və risklərini ciddi şəkildə qiymətləndirməyə vadar edir. Əgər bu gün Rusiyanın Azərbaycana yönəlik planlarına baxsaq, bura hərbi bazaların və yaxud da, heç olmasa, «sülhməramlı»ların gətirilməsi onun üçün ən öndə olan məqsəddir.

ƏVVƏL SÜLHMƏRAMLI İDİLƏR, SONRA TƏRƏF OLDULAR...

Bir qədər əvvəl Cənubi Osetiya və Abxaziya problemlərini yada salmağımız da heç də təsadüfi deyildi. Bu bölgələrdə lap əvvəldən Rusiya «sülhməramlı»ları vardı. Əslində, neytral olmalı olan bu qüvvələr bu gün açıq-aşkar tərəfə çevrilərək adını çəkdiyimiz qondarma respublikaların sərhəd qoşunları rolunu oynayırlar.

Ona görə də Rusiya üçün çətini «hərbi tilov»unu Azərbaycana ilişdirməkdir. Hərçənd, bəziləri qayıdır ki, əvvəl şərtləri qəbul edək və rayonlar azad olsun, sonrasına baxırıq...

Buna da bax-Tofiq Zülfüqarov: 'Əmr olsaydı, xüsusitəyinatlılar bir az da irəli gedərdilər'

Amma başqa fikrə görə, Qarabağda Rusiya sülhməramlıları yerləşsə, bu ölkə öz maraqlarına cavab verməyən hər bir an əvvəlki hərbi teatrı bərpa edə bilər. Bu səbəbdən Moskvanı aldatmaq və ona hiylə gəlmək elə də asan məsələ deyil.

Əslində, siyasi həll variantının aranmasında Qərbin, digər Minsk qrupu həmsədrlərinin iştirakı məhz buna görə vacib görünür. Həmin ölkələrin prosesdə iştirakı problemin tamamilə Rusiyanın nəzarətinə keçməsinə imkan vermir. Hərçənd, həmin həmsədrlər problemi çözmək üçün elə də fəallıq göstərmirlər. Ancaq aydındır ki, bölgəyə sülhməramlıların gətirilməsi labüd olsa, istər Fransa, istərsə də ABŞ bunu etməyəcək, bura əsgər göndərməyəcək. Rusiya isə bunu böyük məmnuniyyətlə edəcək. Ona görə ki, əsgərlərini buralara qaytarmaq Rusiyanın ən ümdə bir məqsədidir...

Qərəz, payızda bir çox sualların cavabı aydınlaşacaq. İndilik isə yalnız və yalnız fərziyyələr söyləmək mümkündür. Siyasət isə fərziyyələri və ehtimalları sevmir – hər şey dəqiq olmalıdır. Üstəlik, məsələ yalnız və yalnız sülhməramlılarda da deyil. Rusiya «möhkəm aralıq status» ssenarisini, hələ ki, nə Azərbaycana, nə də Ermənistana qəbul etdirə bilir.

Hər iki tərəf özü üçün daha çox təminatlar və güzəştlər tələb edir. Ona görə də bu siyasi düyünün açılışı yalnız payızda mümkün ola bilər. Özü də ən yaxşı halda...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG