►Sinqapurdakı Nanyang Texnoloji Universitetinin alimləri deyirlər ki, Nadine kimi robotlar bir gün işçi qüvvəsinə çevriləcək
Dünyanın insana ən çox bənzəyən robotu artıq uiversitetin "resepşn"ınında işləyir. Alimlərsə yeni texnologiyanın uşaqlara və tənha yaşlı insanlara qulluq edə biləcəyi barədə proqnozlar verirlər.
Nadinenin yumşaq dərisi və qumral saçları var. O, ziyarətçiləri qarşılayır, salamlayır, onlarla göz kontaktı qurur, əllərini sıxır və gülümsəyir. O üstəlik keçmiş qonaqları tanıya və keçmiş söhbətlər əsasında yeni söhbətlər qura bilir.
Görməyə öyrəşdiyimiz robotlardan fərqli olaraq Nadinenin öz şəxsiyyəti, əhval-ruhiyyəsi və emosiyaları var. Mövzudan asılı olaraq o, şən və qəmgin ola bilir. Apple's Siri, yaxud Microsoft's Cortana kimi ağıllı proqramlarla müqayisə edilə bilən Nadine Sinqapurdakı Nanyang Texnologiya Universitetinin alimlərinin beyninin məhsuludur. Zahirən özünün yaradıcısı professor Nadia Thalmanna bənzəyir.
Media İnnovasiya İnstitutunun direktoru professor Thalmann Nadine kimi robotların hazırlanmasına rəhbərlik edib.
“Dünya ölkələri əhalinin yaşlanması problemi ilə üz-üzə qaldıqca sosial robotlar gələcəkdə azalmaqda olan işçi qüvvəsini əvəz edə, evdə uşaqlara və yaşlılara yoldaşlıq edə və hətta tibb xidməti platforması kimi çıxış edə bilər.
Son dörd il ərzində Nanyang Texnologiya Universitetində komandamız ən müxtəlif sahələri – mühəndislik, kompüter elmləri, dilçilik, psixologiya və başqa sahələri əhatə edən elmlərarası tədqiqatla məşğul olub. Məqsəd kompüterin içində olan virtual insanı müşahidə edə və digər insanlarla ünsiyyətə girə bilən fiziki varlığa çevirmək idi.
Bu, bir növ həmişə sizinlə olan və baş verənlərdən agah olan real yoldaşdır. Beləliklə gələcəkdə bu sosial zəkalı robotlar C-3PO, “Ulduz müharibələri”ndə gördüyümüz dil və etiket qaydalarını bilən məşhur qızılı robot kimi ola bilər."
Universitet həmçinin EDGAR adlı yeni robotunu da təqdim edib. EDGAR-ın arxaya proyeksiya edən ekranı və bir cüt son dərəcə hərəkətli qolu var.
İstifadəçi xüsusi İnternet kamerasının qarşısında durmaqla dünyanın istənilən yerindən EDGAR-ı idarə edə bilər.
İstifadəçinin üzü və ifadələri real vaxtda robotun üzündə əks olunacaq və robot həmin şəxsin bədəninin üst tərəfinin hərəkətlərini təkrarlayacaq.
EDGAR bundan başqa yazını avtonom şəkildə işləyərək nitq söyləyə bilir. Ona qoşulmuş vebkamera vasitəsilə görüşdüyü insanları izləyir, onlarla söhbət edə, onların suallarına infomativ və iti ağıllı cavablar verə bilir.
Belə sosial robotlar ictimai yerlərdə, turist attraksionlarında və ticarət mərkəzlərində ziyarətçilərə praktik məlumat vermək üçün idealdır.
EDGAR-ın hazırlanmasına üç ilini vermiş, NTU-nun Mexanika və Aerokosmik Mühəndislik Məktəbinin professor Gerald Seet deyir ki, EDGAR məsafədən müdaxilə və sosial robotların biznes və təhsil sahəsində necə istifadə oluna biləcəyini əyani şəkildə göstərir.
"Məsafədən müdaxilə mobilliyə yeni ölçü əlavə edir. İstifadəçi özünün fiziki fəaliyyətini eyni zamanda bir və ya bir neçə məkana proyeksiya edə bilir. Beləliklə artıq coğrafiya maneə olmaqdan çıxır.
Gələcəkdə hər hansı bir tanınmış müəllimin eyni zamanda fərqli yerlərdə olan böyük insan qruplarına mühazirələr deməsi adi hala çevrilə bilər. Yaxud da siz robot proksilərindən istifadə edərək dünyanın fərqli yerlərində dərslərə və ya biznes görüşlərinə qatıla bilərsiniz. Bu zaman həm vaxtınıza, həm də səfər xərclərinə qənaət etmiş olarsınız,” deyə professor Seet qeyd edib.
Bəzi şirkətlərin robot texnologiyalarına maraq ifadə etdiklərini nəzərə alsaq NTU alimlərinin növbəti addımı bu robotların bazara çıxarılması üçün istehsalçılarla əməkdaşlıq qurmağın yollarını tapmaq olacaq.