PROBLEMLƏRİ UNUTDURMAĞIN YOLU...
Böyük 20-lərin (G20) toplantısı BMT Baş Assambleyasının sessiyası və ya digər siyasi tədbirlər qədər populyar olmasa da, bütün hallarda maraqsız da deyil. Çində keçirilən bu toplantının ard-arda bir neçə gün medianın diqqət hədəfində olmasını da təsadüfi saymaq çətindir.
Dünya daha çox ABŞ və Rusiya prezidentlərinin görüşünü izləsə də, Azərbaycanın siyasi təhlilçiləri toplantı çərçivəsində baş tutacaq Türkiyə və Rusiya prezidentlərinin görüşünü diqqətdə saxlayır və bundan regionun nə qazanıb, nə itirəcəyini proqnozlaşdırmağa cəhd göstərirdilər.
Hər iki görüş tam qrafikə uyğun gerçəkləşdi – ABŞ, Rusiya və Türkiyə prezidentləri ikitərəfli görüşlər keçirərək, ölkələri, eləcə də bölgə üçün önəm daşıyan məsələləri dartışa bildilər.
Təbii ki, Suriya məsələsi ön planda idi. İstər ABŞ-la Rusiya, istərsə Türkiyə ilə Rusiya arasında məhz bu məsələdə təcili çözülməli yetərincə problem vardı. Bəri başdan xatırladım ki, böyük ümidlər bəslənsə də, heç bir format çərçivəsində gözlənilən nəticə hasil olmadı və ən başlıcası, ABŞ-la Rusiya bu dəfə də razılığa gələ bilmədilər...
Düşünmək olar ki, Suriya məsələsi ortastatistik azərbaycanlı oxucunun önəm verdiyi problem sayılmaz, amma bu, ilk baxışda belə görünür. İndi Suriya, sözün gerçək anlamında, cəhənnəmdir və heç də təsadüfi deyil ki, bu cəhənnəm bütün digər problemləri arxa plana keçirir. Tez-tez eşidirsən ki, ABŞ və Rusiya diplomatları Suriya problemini dartışıblar. Hər dəfə belə xəbərlər veriləndə, jurnalistlərin son cümləsi belə olur: «Tərəflər Ukrayna məsələsinə də toxunublar...».
Elə mən də öncədən düşünürdüm ki, Rusiya Suriya probleminə təsadüfən qatılmayıb, axı siyasətdə bir problemi unutdurmağın yolu başqa bir problem törətməkdir...
Buna da bax- Rusiyanın şərtləri qəbul olunsa...
Bu məntiqlə Rusiya Ukrayna problemini unutdurmaq və yaxud arxa plana keçirmək üçün Suriyada ABŞ-a problem yaratdı. İndi həm ABŞ, həm də Türkiyə Suriya problemində Rusiya ilə dil tapmağa çalışır və hələ ki, buna nail ola bilmirlər. Niyəsi də odur ki, Suriyada döyüşən tərəflərin hər birini ayrı bir dövlət qanadı altına alıb...
YAXIN ŞƏRQİN YUQOSLAVİYASI...
Elədir, ABŞ Suriya müxalifətini və kürd yaraqlılarını, Türkiyə Suriya müxalifətini, İran və Rusiya isə hökumət qüvvələrini himayə edir. Bu üzdən, heç nə alınmır. Hələlik, tək birləşdirici amil var – regiondakı bütün geosiyasi vektorlar yalnız İŞİD-ə münasibətdə eyni nöqtəyə varır və hamı həmrəydir. Amma bundan o yana gedə bilmirlər. Nəticədə nə baş verir? Suriyada hamı biri-birinə qarşı vuruşur. Heç kim də bir suala cavab tapa bilmir ki, bəs bu vuruşma nə vaxt bitəcək?
Bəlkə də vaxtında B.Assad-a etibarlı və məqbul təminatlar verilsəydi, indi hər şey başqa cür olardı. İndi bunu demək çətindir. B.Assad ölkəni elə bir duruma salıb, o qədər qan tökülüb ki, artıq hər hansı təminatdan danışmaq imkansız görünür...
Bəs nə olacaq? Bombalar uzaqda partlayanda adam onların təsirini elə də hiss etmir. Bu baxımdan böyük dövlətlərin böyük diplomatlarının təmkinli davranışlarını anlamaq olar, amma... Amma indi Suriyanın keçmiş Yuqoslaviyadan tək fərqi odur ki, bu ölkə Avropada deyil, Yaxın Şərqdə yerləşir...
Buna da bax-Bu payız Qarabağla bağlı çox məsələ su üzünə çıxa bilər
Bütün hallarda belə duruma son qoyulmalıdır. Bu isə, ən azı, 3 geosiyasi vektorun – Türkiyə, ABŞ və Rusiyanın öz səylərini eyni istiqamətə yönəldib-yönəltməmələrindən asılıdır. Sizcə,asan məsələdirmi?!.
BU GÜN BAŞ VERMƏDİSƏ...
Toplantı gedişində daha iki siyasi fiqurun – Türkiyə və Rusiya prezidentlərinin diqqət mərkəzində olması təsadüfi deyildi. Hətta belə bir məqam da diqqətdən qaçmadı ki, media üçün şəkil çəkdirərkən, Türkiyə və Rusiya prezidentləri yanaşı dayanaraq, aramsız söhbətləşirdi...
Kasad məlumatlardan belə çıxır ki, Rusiya-Türkiyə münasibətləri hər iki tərəfi razı salacaq tempdə gəlişir. Hər halda, narahatlığa elə bir əsas yoxdur, ancaq... Ancaqburada da iki məqamı gözardı etmək olmaz. Birincisi, təbii ki, Suriya məsələsidir. Hazırda Türkiyə bu ölkədə çox uğurlu hərbi əməliyyatlar keçirir və sözsüz, həmin əməliyyatlar da iki ölkənin birgə müzakirə predmeti olub. Amma bundan heç də az önəm daşımayan məsələ Erdoğan – Putin dialoqunda Qafqaz bölgəsi, eləcə də Qarabağ problemi üçün əhəmiyyətli ola biləcək detallar idi. Özəlliklə Türkiyə prezidentinin Sankt-Peterburq görüşündə Qarabağ problemini yeni formatda -Bakı-Ankara–Moskva üçlüyü yaratmaqla çözməyə dair təklifini də yada salmağa dəyər. Elə Rusiyanın da Qarabağla bağlı yeni planında Türkiyəyə az yer ayrılmır...
Təəssüf ki, dialoqun təfərrüatları açıqlanmadı. Bir də, məncə, mühüm bir məqam olsaydı, mütləq mediaya sızar, ya da sızdırılardı. Amma ümidləri tam itirmək də lazım deyil. Bu gün bir şey baş vermədisə, demək, sabah nəsə ola bilər. Belə sabahlarsa uzaq gələcəyin predmeti deyil. Ən azı, bu payızda bəzi məsələlərə aydınlıq gətiriləcəyinə inanıram.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir